Son illər xaricdə təhsil ölkəmizdə bir trend halına gəlib və hər il minlərlə tələbə bakalavr və ya magistr təhsili üçün müxtəlif ölkələrin fərqli universitetlərinə üz tuturlar. Xaricdə təhsil almaq üçün ötən saykı məqalələrdə qeyd etdiyimiz kimi TOEFL və IELTS imahanlarından birini vermək lazımdır. Bu da sizin seçdiyiniz universtetin tələblərindən asılıdır. Elə universitetlər var ki, bu iki imtahanın sertifikatı olmadıqda sizdən dil göstəricilərinizi yoxlamaq üçün universitetdaxili imtahan verməyi tələb edə bilər. TOEFL və IELTS imtahanlarından əlavə xaricdə təhsil üçün lazım olan imtahanlardan biri də SAT-dir. SAT imtahan ildə dörd dəfə təşkil olunmaqla iki hissədən ibarətdir. Bu imtahan da TOEFL və IELTS kimi ödənişlidir. SAT imtahanının nəticələri ilə tələbələr bütün dünya universitetlərində, eləcə də Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil ocaqlarında bakalavr dərəcəsi üzrə təhsil ala bilərlər. Bəs SAT imtahanına hazırlaşarkən nələrə diqqət etmək lazımdır? "SAT Subject" imtahanı nə üçün verilməlidir? Bu kimi suallara cavab tapmaq üçün SAT üzrə təlimçi Gülnar Həsənova ilə həmsöhbət olduq.

- SAT imtahanı nədir? SAT1 və SAT2 imtahanları hansı fənləri əhatə edir?
- SAT (Scholastic Aptitude Test) imtahanı Amerikanın kollec və universitetlərində, eləcə də Türkiyənin top universitetlərində tələbələrin bakalavr təhsili ala bilmələri üçün lazım olan beynəlxalq imtahandır. SAT1 ("Reasoning Test") imtahanı tələbənin riyazi və akademik ingilis dili biliyini test edir və "Mathematics", "Critical Reading", "Writing" hissələrindən ibarətdir. SAT2 isə "SAT Subject" imtahanıdır. Bu imtahanda tələbə hansı fənni seçirsə, həmin fənndən də imtahan verir. Hansı fənni seçməsi isə oxumaq istədiyi ixtisasın tələbindən asılıdır. SAT Subject imtahanı tarix, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili, çin dili, alman dili və s. fənlərindən olur.

- "SAT Subject" imtahanı nə üçün verilməlidir?
- "SAT Subject" testi tələbənin müəyyən bir sahə üzrə daha bilikli olduğunu və həmin sahə ilə daha dərindən maraqlandığını göstərən əlavə bir imkandır. Bu imtahanı vermək tələbəni digər tələbələrdən daha üstün edir və bəzən də təqaüd almasına yardımçı olur. Çox az sayda universitetlər var ki, yalnız "SAT Subject" imtahanı ilə qəbul edir və SAT1-ə ehtiyac olmur. Əksər universitetlər üçün isə bu yalnız üstünlükdür.

- Bu imtahana hazırlaşmaq üçün nə qədər müddət tələb olunur?
- Tələbəni imtahan edib, diaqnostik qiymətləndirmə aparmadan onun neçə aya hazır olacağı proqnozunu vermək düzgün olmazdı. Hazırlıq müddəti individual olaraq tələbənin riyaziyyat, ingilis dili biliyindən və hansı balı toplamaq istəməsindən asıldır. Tələbə var ki, 3 ay hazırlaşmaqla 1400-dən yuxarı bal yığır, ancaq tələbə də var ki, ona 1200-1300 bal kifayətdir. Çünki universitetlər və ixtisaslar hamısı eyni balı tələb etmir.

- SAT bütünlüklə ingilis dilindədir. Dərslərin əsasən hansı dildə keçirilməsini məsləhət görərdiniz və nəyə görə?
- Bəli, imtahan bütünlüklə ingilis dilindədir və dərslər də ingilis dilində keçirilməlidir. Çünki tələbə məsələ və misalı ingilis dilində düşünməyə adaptasiya olur və belə olan halda imtahanda vaxt problemi yaşamır. Dərslər digər dillərdə aparıldığı halda isə tələbənin istər riyaziyyat, istərsə də verbal hissədə materialı öz dilinə tərcümə etməyə müəyyən qədər vaxt itirməsi ehtimalı var.

- Bildiyimiz kimi, imtahan ildə 4 dəfə təşkil olunur. Tələbələrin hansı ərəfələrdə imtahan verməsi məsləhət görülür?
- Tələbənin hansı ərəfədə imtahan verməyinin heç bir fərqi yoxdur. Əsas odur ki, özünü hazır hiss edəndə imtahan versin ki, nəticəsi onu ruhdan salıb sonrakı hazırlaşma prosesinə mənfi təsir göstərməsin. Tövsiyəm odur ki, imtahanı 11-ci sinifin sonlarına saxlamasınlar. Çünki belə olduqda bəzi universitetlərə müraciətin vaxtını qaçırmaq kimi bir problemlə qarşılaşa bilərlər. Çünki bəzən SAT imtahanının nəticəsi gec çıxır və ya müəyyən səbəblərdən imtahan ləğv olunur. Ona görə hesab edirəm ki, ən ideal vaxt 10-cu sinif, ya da 11-ci sinfin əvvəlləridir.

- SAT və DİM imtahanı arasında hansı fərqlər var?
- SAT imtahanı ilə tələbələr Azərbaycanda bir neçə uiversitetlər də daxil olmaqla, Türkiyə, Amerika universitetlərinə qəbul ola bilirlər, yəni seçimləri daha çox olur. SAT imtahanının ildə 4 dəfə keçirilməsi isə daha bir avantajdır ki, tələbənin özünü bir neçə dəfə sınama şansı olur. DİM imtahanı verməklə isə yalnız ölkə daxilində təhsil ala bilirlər və imtahan ildə bir dəfə keçirilir. Bundan başqa, tələbələr DİM-ə hazırlaşarkən daha çox nəzəri biliklərin öyrənilməsi və əzbərlənməsinə fokuslanırlar və həmin biliklərin illər sonra müəyyən hissəsini unudurlar. Ancaq SAT imtahanında heç bir nəzəri məlumat əzbərlətdirilmir, əsasən tələbənin analitik düşünmə bacarığı, məntiqi formalaşdırılır. Bu da onların gələcək kareyera və təhsillərində daha faydalıdır.

- Tez-tez qarşımıza xaricdə təhsil almaq üçün yanlız attestatın kifayət etdiyi ilə bağlı elanlar çıxır. Bu zaman belə bir sual yaranır ki, asan yol varkən, tələbə niyə aylarla SAT imtahanına hazırlaşmalıdır? Aradakı fərqlər nələrdir?
- Məlum məsələdir ki, seçilən yol çox asandırsa, onun sonu o qədər də uğurlu nəticələnmir. Tək attestatla Türkiyənin kənar şəhərlərində özəl universitetlərə qəbul olurlar. SAT və YÖS ilə isə Türkiyənin top universitetlərində təhsil almaq şansları var. Belə ki, SAT ilə Türkiyənin Hacettepe, Orta Doğu Teknik, Yıldız Teknik, İstanbul Teknik, Sabancı, Koç, Yıdırım Beyazıt, Ankara və s. universitetlərinə, YÖS ilə isə Eskişehir, Osmanqazi, Ege, Marmara və s. kimi universitetlərə qəbul ola bilirlər.

- Son olaraq SAT imtahanına hazırlaşan tələbələrə nə tövsiyə edərdiniz?
- Onlara tövsiyəm odur ki, çox çalışmaqdan əlavə özlərinə inamlı olsunlar. Proqram ilk vaxtlar onlara çətin gələ bilər. Lakin unutmasınlar ki, çalışdıqları müddətdə proqres həmişə olur.



İlahə Hüseynova