Tükəzban Məmmədli
Qadınlar dünyanın bir çox yerində yaşından, dinindən, dilindən asılı olmayaraq iş, təhsil, ailə və cəmiyyətdəki hüquqları, sosial, iqtisadi mövqeləri, seçimləri uğrunda mübarizə aparırlar. Bədii kitablarda da öz yerini alan bu mövzuda yüzlərlə əsər yazılmışdır ki, bunların bir çoxu "bestseller" olmuşdur. Qadın həyatından bəhs edən "Anna Karenina" (L. N. Tolstoy), "Cen Eyr" (Şarlotta Bronte), "Gündəlik" (Anna Frank), "Min möhtəşəm günəş" (Xalid Hüseyni), "Çalıquşu" (Rəşad Nuri Güntəkin), "Mənim payım" (Pərinuş Sənii), "Leyla" (Aleksandra Kavelius), "Aljir" (Ülviyyə Tahir) və s. kimi əsərlər oxucunu özünə bağlayan əsərlərdir. Bu dəfə haqqında danışacağım kitab təhsil uğrunda mübarizəsinə görə Taliban tərəfindən güllələnən 15 yaşlı qızdan bəhs edir. Bütün dünyaya səs salmış, Nobel mükafatı laureatı Malalə Yusifzeyin beynəlxalq bestseller olan "Məlalə mənəm" adlı avtobioqrafik kitabı oxuduğum ən təsirli kitablardan biri idi. Əsər Məlalənin gözünü xəstəxanada açması ilə başlayır və öz doğumundan başlayaraq həyatı, ailəsi, Pakistanın tarixi, siyasi vəziyyəti, yaşadığı Svat vilayəti haqqında ətraflı danışır. Məlalə öz doğumunu belə təsvir edir: "Mən oğlanların doğulmasının tüfəngdən atəş açılaraq qeyd edildiyi, qızların isə pərdə arxasında gizlədildiyi, onların həyatdakı rolunun yalnız yemək bişirib dünyaya uşaq gətirməkdən ibarət olduğu yerdə göz açmışdım". Bəli, Məlalə kasıb, savadsız, qız uşaqlarının oxudulmadığı, yük olaraq görüldüyü bir cəmiyyətdə doğulur. Doğulduğu coğrafiya bir çox insan kimi onun da həyatına istiqamət vermişdi. Lakin onun bəxti gətirmişdi ki, Ziyaəddin kimi atası var idi. Əsəri oxuduqca Ziyaəddinə çox böyük hörmət və rəğbət duydum. Çəlimsiz, dil qüsurlu olmasına "BİR UŞAQ, BİR MÜƏLLİM, BİR KİTAB VƏ BİR QƏLƏM DÜNYANI DƏYİŞƏ BİLƏR" MƏLALƏ YUSİFZEY KİTABÇI Fraza Bakı şəhəri, Təbriz küçəsi 173A (köhnə 89). (Nərimanov m/st yaxınlığı) Keyfiyyətli məhsullar tək mənbədə menbe.kitab.evi menbe_kitab_evi [email protected] (012) 465 92 26 (050) 465 67 62 (Vatsap) baxmayaraq öz əzmi ilə təhsil alan, xalqını maarifləndirmək, məktəb aça bilmək üçün dəridən-qabıqdan çıxan, yoxsulluğuna baxmayaraq öz ideyasından dönməyən bir atadır Ziyaəddin. Atasının açdığı köhnə məktəb binalarında uşaqlığını keçirən Məlalə çox keçmir ki, atasına layiq bir qız olur. Ard-arda sinif birincisi olaraq müəllimlərinin sevimlisinə çevrilir. Özü yaşda uşaqların küçələrdə zibil yığması, təhsil ala bilməməsi balaca qızcığaza pis təsir edir. Kiçik ürəyində məktəbə gedə bilməyən bütün uşaqların dərdini çəkir. Məlalə Pakistanın müstəqillik qazanması tarixindən, siyasətçilərindən, Bənazir Bhuttodan, dini qruplaşmalardan, Talibandan bəhs edir. Bu məlumatları oxuduqca Pakistanın həmin dövrkü vəziyyətini daha yaxşı təsəvvür etmək olur. İnsanların cahilliyindən, yoxsulluğundan faydalanan Taliban ölkəni hissə-hissə ələ keçirməyə başlayır. Onlar qadınların təhsil almaması üçün məktəbləri partladır, onların azadlıqlarını məhdudlaşdırır, evlərə kilidləyir, küçələrdə insanları hədələyir, şallaqlayır, rəqsi, musiqini, televizora baxmağı qadağan edir və s. Ordu, polis belə Talibanın öhdəsindən gələ bilmir. Kamikadzelər ölkəni iflic vəziyyətinə salır, hər gün ölüm xəbərləri yayılır. Camaat qorxusundan səsini çıxara bilmir. Məlalə və ailəsi bu yaşadıqlarına inana bilmirlər. Bütün qadağalara, təhlükələrə baxmayaraq Məlalə təhsilini dayandırmır. Və nəhayət, Taliban məktəblərin bağlanmasına nail olur. Lakin Məlalə və atası öz mübarizəsindən əl çəkmir. Onlar müxtəlif televiziya verilişlərində iştirak edir, intervü verir, dünyanın diqqətini Pakistanda baş verənlərə cəlb etmək istəyir, Talibana meydan oxuyurlar. Və beləliklə də, onların əsas hədəfinə çevrilirlər. Məlalə BBC Urdu üçün gizli adla öz həyatından, Talibanın əsarətində yaşamağın çətinliklərindən bloq yazmağa başlayır. "Mən qələmin və ondan gələn sözün pulemyot, tank və helikopterlərdən daha güclü vasitə olduğunu görməyə başladım", deyən Məlalə kiçik boyu ilə böyük işlər görməyi bacarır. Və o dəhşətli gün... Ziayəddin ağlına da gətirməzdi ki, hədəf onun qızı, yəni bir uşaq ola bilər. Üzünə silah tuşlananda belə Məlalə onlarla danışmaq, məktəbləri bağlamamağı xahiş etmək istəyirdi. "Məlalə kimdir?" sualının ardından açılan atəş, qaralan dünya, şikəst qalan bir uşaq... Məlalənin həyatı o qədər təsirli, məstedicidir ki... Onun təhsilə, məktəbə, kitablara olan sevgisi insanı valeh edir. Yaşıdları "Toytoy" oyunu oynayıb körpə yaşda ərə getmək xülyaları qurarkən o təhsil almaq, Bənazir Bhuttoya bənzəmək istəyir. Əlinə xınadan bəzək vurmaq yerinə, tənliklər, düsturlar yazır. Təyyarəyə minərkən hərf və rəqəmləri tanımadığı üçün yerlərini tapa bilməyən qadınları gördükdə məyus olur. O deyir: "Təhsil nə şərqyönlüdür, nə də qərbyönlü, təhsil insanyönlüdür". Məlalə hər bir gənc qızın örnək götürəcəyi bir modeldir. Onun mübarizəsi Pakistan sərhədlərini aşaraq ümumbəşəri xarakter daşıyır. Onun güllələnməsi bir anda bütün dünyanın diqqətini Pakistana, Taliban vəhşiliyinə, qızların təhsilinə yönəltmiş olur. Bir çox dünya ölkələri, məşhur şəxslər Məlaləyə dəstək olur. Beyons, Selena Qomez, Ancelina Coli onun haqqında danışır, adına mahnılar yazılır. Birləşmiş Millətlər Təşkilatı 10 noyabr tarixini "Məlalə günü" elan edir. 16 yaşı olan gün Məlalə Nyu-Yorkda BMT sammitində çıxış edərək bütün uşaqlara pulsuz təhsil verilməsini tələb edir. 17 yaşda ən gənc Nobel Sülh Mükafatına layiq görülür. Mükafatla bərabər verilən 1 milyon dolları Pakistanda qızlara məktəblər açılması üçün bağışlayır. O, qız uşaqlarının təhsil ala bilməsi və daha yaxşı gələcək qura bilməsi üçün Məlalə Fondu yaradır. Missiyasının davamı kimi isə "Məlalə mənəm" kitabını yazır: "Mənim bu kitabı yazmaqda məqsədim bütün dünyadakı qızların - məktəbə getməsinə və potensialını həyata keçirməsinə qadağa qoyulmuş milyonlarla qızın adından səsimi çıxarmaq idi". Kitab böyük maraq görərək bir çox dilə tərcümə edilir və dəfələrlə nəşr edilərək, əsasında film çəkilir. Məlalə BMT-dəki çıxışında deyir: "Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur". İnanıram ki, bu kitab dünyanı dəyişə bildiyi kimi, sizin də həyatınızda xoş dəyişikliklərə səbəb olacaq. Xoş mütaliələr, əziz oxucu. Kitabı Mənbə kitab evin- dən əldə edə bilərsiniz.