Yasin Kərimli 
 

Sadə desən sadə, səmimi desən səmimi, xeyirxah desən xeyirxah idi. Tələbənin problemini həll etmək üçün rəhbərliyi altında olan müəllimə ağız açmaqdan da çəkinmirdi. Onun üçün hansısa etiket, protokol yox idi, ürəyi necə istəyirdisə, elə də edirdi, amma ürəyi də hər dəfə insanlıqdan yana idi. Bir də görürdün, bir tələbəsinin ailə problemləri ilə maraqlanır, birinə iş düzəltmək üçün kiməsə xahiş edir, kiməsə hansısa qəzəlin çətin bir beytini açır və ya ərəb dilində bir sözün ifadə etdiyi mənaları sadalayır. Alim desən alim, adam desən adam idi. İki dəfə kəlmə kəsmək, "Nə var, nə yox" demək kifayət idi ki, ürəyində ona olan rəğbəti görəsən. Cingiltili bir səsi var idi. Ərəbcə danışanda ərəblər onun söhbətini ağzıaçıq dinləyirdilər. Fars dilində Nizamidən, Sədidən, Hafizdən, Rumidən, Füzulidən saatlarla şeirlər oxuyurdu. Əruzu gözəl bilirdi, qəzəli, ən çətin beytləri saatlarla izah edir, məna içindən məna çıxarırdı. Tanınmış xanəndələr qəzəl mövzusunda çətinliyə düşəndə ilk olaraq ona üz tuturdular. Musiqini, xüsusilə də muğamlarımızı çox gözəl bilirdi. Onun iştirak etdiyi məclisdə hər kəs muğam oxumağa cəsarət etməzdi, oxuyanlar da düzgün oxumağa çalışar, hərdən də gözaltı ona baxardılar ki, görəsən, necə reaksiya verəcək. Muğamlarımızı və onların şöbələrini gözəl bilməklə yanaşı, arada bir tar çalmağı da var idi. Küçədə, dəhlizdə çox vaxt qoltuğunda bir neçə kitabla görərdin onu. Elə bil bu adam ancaq öyrənmək və öyrətmək üçün yaradılmışdı. Təxminən 25 il Azərbaycan televiziyasında hər cümə "Haqqın dərgahı" adlı veriliş apardı. Tamaşaçılar o verilişi xüsusi həvəslə gözləyər, diqqətlə tamaşa edər və çox şey öyrənərdilər. İştirak etdiyi hər məclisdə hər kəsin diqqəti onun üzərində olardı. Allah kəlamı olan Qurani-Kərimin oxucularımıza çatdırılmasında da onun mühüm rolu var. Bəli, Vasim müəllimdən danışırıq. Filologiya elmləri doktoru, professor, akademik, onlarla alim yetişdirən, kitabları təkcə ölkəmizdə deyil, bir çox xarici ölkələrdə belə dərslik kimi tədris olunan, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülən, Misir, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Küveyt kimi ərəb ölkələrinin elmi ictimaiyyətində həmişə böyük rəğbət və ehtiramla qarşılanan Vasim Məmmədəli oğlu Məmmədəliyevdən. O, bizim alimimiz, bizim Vasim müəllimimizdir. Vasim Məmmədəliyev 1942-ci ildə Bakının Kürdəxanı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda tamamladıqdan sonra BDU-nun şərqşünaslıq fakültəsini bitirib və həyatının bütün elmi fəaliyyətini bu təhsil ocağı ilə bağlayıb. 26 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyası müdafiə edib. 50- dən çox alimin elmi rəhbəri olub. Təkcə ölkə şərqşünasları arasında deyil, dünya şərqşünasları arasında da xüsusi hörmətə sahib olub. 2019-cu ildə 77 yaşında dünyasını dəyişib. Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər Azərbaycan elm və təhsilinə dəyərli töhfələr verib. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri var. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin bu araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır. Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin, Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri kimi onun ölkəmizdə ilahiyyatın və İslamşünaslığın yenidən dirçəlməsində rolu danılmazdır. Tələbələr Vasim müəllimi həmişə çox mahir, pedaqoji ustalığa malik, öz dərs demək dəst-xətti, metodikası olan müəllim, sadə, səmimi, qayğıkeş insan kimi sevmişlər. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Vasim müəllim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərmiş, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab etmişdir. Universitetdə təkcə bir elm adamı, müəllim kimi deyil, həm də müdrik bir insan kimi sevilməsi məhz onun insani keyfiyyətlərindən doğur. Böyük şövqlə işlədiyi və heç vaxt ayrılmadığı Bakı Dövlət Universitetinin istər ilahiyyat, istər şərqşünaslıq fakültəsinin, istərsə də, ərəb filologiyası kafedrasının inkişafında, zənginləşməsində Vasim müəllimin müstəsna xidmətləri var. Azərbaycan təhsilinin bayraqdarı olan Bakı Dövlət Universiteti onun doğma məkanı olmuşdur. Onun nailiyyətləri, qazandığı hər bir uğur bu elm ocağı ilə bağlıdır. Vasim müəllim məhz buradan elmin zirvələrinə ucalmış, məhz burada şərqşünas kadrların hazırlanmasında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Vasim müəllim dedi-qodu, intriqa, paxıllıq, yaltaqlıq və konyunkturadan uzaq bir adam idi. Onda təkəbbür, necə deyərlər, özünü yüksəkdə tutmaq, başqalarına yuxarıdan aşağı baxmaq kimi xüsusiyyətlər yox idi. İşinə, peşəsinə sonsuz sədaqət və məhəbbəti, insanlarla davranışı, tələbələrə münasibəti onu tanıyanların dərin rəğbətinə səbəb olurdu. Vasim müəllimin unikal yaddaşı, daxildən gələn tükənməz enerjisi onu tanıyan, dinləyən hər kəsi valeh edirdi. Vasim müəllim öz tələbələrini və həmkarlarını çox sevirdi, münasibətdə olduğu hər bir insanın qayğısına qalmağa can atırdı. Fakültə ictimaiyyəti Vasim müəllimlə fəxr edirdi. Onunla görüşməyi, söhbət etməyi, məsləhətləşməyi şərəf hesab edirdilər. Onun ən böyük keyfiyyətlərindən biri sadəliyi, təvazökarlığı və səmimiliyi idi. Yüksək intellektə, dərin biliyə, pedaqoji takta malik olan bu böyük insan özünü elə aparırdı ki, bütün həmkarları onunla ünsiyyətdə olmağa can atırdılar. Vasim müəllimin bir elm və təhsil təşkilatçısı kimi dekanlıq fəaliyyəti də təqdirəlayiq olmuşdur. BDU İlahiyyat fakültəsinin dekanı vəzifəsində işləyərkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində fakültənin maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin və əməli əhəmiyyətinin yüksəldilməsi, bu tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində ardıcıl səylər göstərmişdir. Vasim müəllimin dekan olduğu müddət ərzində bir sıra beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, respublika miqyaslı elmi tədbirlər keçirilmişdir. Sevindirici haldır ki, bu gözəl ənənə İlahiyyat İnstitutunda indi də uğurla davam etdirilir. Vasim müəllim çox az adama nəsib olan elmi istedadı ilə yanaşı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti ilə də seçilən bir alim idi. Onun maraqlı mühazirələrini dinləmiş tələbələri Vasim müəllimin həmişə mahir mühazirəçi olduğunu qeyd edirlər. Ölkəmizdə ərəb dilinin tədrisi mərhum müəllimimiz professor Ələsgər Məmmədovun adı ilə bağlı olduğu kimi, ərəbşünaslığın məktəb kimi formalaşması da akademik Vasim Məmmədəliyevin fəaliyyətinin nəticəsidir. Buna nail olmaq üçün Vasim müəllim həmişə öz yolu ilə getmiş və bu yolda həmişə qətiyyət nümayiş etdirmişdir. İstər "Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyasında, istərsə də, klassik ərəb dilçilik məktəbləri haqqında "Ərəb dilçiliyi", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Quran və elm" kimi monoqrafik tədqiqatlarında bu tipli işlərin tələb Vasim Məmmədəliyev ərəb dilində öz Ana dili səviyyəsində danışanda və ya yazanda, hətta ərəb ziyalılarının özü belə heyranlıqlarını gizlədə bilmirdilər. Fraza etdiyi gərgin elmi araşdırmalar aparmışdır. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlüs filoloqları arasında böyük diskussiyalara səbəb olmuş, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisələr doğurmuş 121 məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına kömək etmişdir. Vasim Məmmədəliyev ərəb dilində öz Ana dili səviyyəsində danışanda və ya yazanda, hətta ərəb ziyalılarının özü belə heyranlıqlarını gizlədə bilmirdilər. Vasim müəllim bütün müsəlman dünyasında tanınan, hörmət edilən, çıxışları maraqla dinlənilən görkəmli ilahiyyatçı alim olmaqla yanaşı, bir sıra müsəlman ölkələrinin elmlər akademiyalarının həqiqi üzvü idi. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüşdür. Misir, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Küveyt, habelə Türkiyə, İran, ABŞ, İtaliya, Polşa, İndoneziya, Çad Respublikasında keçirilmiş dini və elmi tədbirlərdə iştirak etmiş, hətta bir sıra hallarda iclaslara sədrlik etmişdir. İstedadlı alimin analitik düşüncələrdən doğan yeni elmi fikirlər irəli sürməsi, ərəb, fars, rus və ingilis dillərində sərbəst danışması, ərəb, fars və klassik türk dillərində ilkin qaynaqlara aid çoxlu miqdarda elmi, dini, poetik nümunələri hafizədən söyləmək bacarığına malık olması həmişə diqqət mərkəzində olmuşdur. Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Vasim Məmmədəliyev ilahiyyat elmləri sahəsində biliyi ilə seçilən şəxsiyyət kimi bir çox elmi və dini tədbirlərdə aparıcı rol oynamışdır. İstər İslam Konfransı Təşkilatının xətti ilə təşkil edilən konfrans və simpoziumlarda, istərsə də, elmi, ədəbi məzmunlu beynəlxalq və respublika miqyaslı konfrans və simpoziumlarda akademik Vasim Məmmədəliyevin iştirakı ölkəmizin alimləri üçün başucalığı gətirmışdir. Vasim müəllim Azərbaycan xalqının azad, firavan yaşaması üçün əlindən gələni əsirgəməyən böyük bir ziyalıdır. Onun bütün fəaliyyəti xalqımızın maariflənməsinə, mənəvi cəhətdən inkişafına, mədəni yüksəlişinə həsr edilmişdir. Xalqımızın mənəvi cəhətdən kamilləşməsinə, yüksəlməsinə can atan və bütün fəaliyyətini bu istiqamətdə quran Vasim müəllim yüzlərlə insana rəhbər və yol göstərəndir. Akademik Vasim Məmmədəliyevin xalqımız qarşısındakı xidmətlərindən bəlkə də ən mühümü onun akademik Ziya Bünyadovla birlikdə Qurani-Kərimin Azərbaycan dilinə izahlı tərcüməsidir. Olduqca başadüşülən, səlis, oxunaqlı olan Qurani-Kərimin bu tərcüməsinin artıq bir neçə nəşri işıq üzü görmüşdür. Vasim müəllimin bir sıra elmi tədqiqatları fars, türk, ingilis, rus, gürcü dillərinə çevrilmiş və böyük əks-səda doğurmuşdur. Akademik Vasim Məmmədəliyev Azərbaycan elm tarixinə böyük töhfələr vermiş müstəsna alimlərdən biridir. 3 ilə yaxındır ki, Vasim müəllim Haqq dünyasına qovuşmuşdur. Bu gün Azərbaycan efirində, elmi məclislərdə onun yeri açıq-aydın görünür. Bu qədər elmli və bu qədər sadə olmaq hər kəsə qismət olmur. Vasim müəllim belə sadə, belə səmimi, belə mehriban idi. Necə deyərlər, əsl könül adamı kimi. Allah rəhmət eləsin! Qeyd: Yazının hazırlanmasında Vasim müəllimin çiyin yoldaşlarının, yetirmələrinin xatirələrindən geniş istifadə olunmuşdur.