Rəvan Məmmədov 

Yaponiya minlərlə adadan ibarət 377,975 kvadrat kilometr ərazini əhatə edir. Ölkənin 127 milyon əhalisi var. Bu ərazilərin təxminən 80 faizi kənd təsərrüfatı üçün yararsızdır və ərazisi dağlıq və ya sıx meşələrlə örtülüdür. Yaponiya İkinci Dünya müharibəsindən sonra qısa bir vaxtda qeyri-adi sürətlə inkişaf etdi və böyük, maraqlı bir ölkəyə çevrildi. Yaponiyanın inkişafının əsas səbəbi isə təbii ki, onun təhsil sistemi idi. Yapon təhsil sistemi dünyada ən çox öyrənilən təhsil sistemlərindən biridir. Odur ki, Yaponiya dünyada ən böyük iqtisadiyyata malik güclü ölkələrdən biri kimi seçilir. Elm və texnologiyanın inkişaf etdiyi bu ölkənin əsas gəlir mənbələrindən biri də elə məhz elm və texnologiyadır. Təhsilə olduqca dəyər verən bu ölkədə tibb və səhiyyə sahəsində işləyənlərin illik gəliri təxminən 80 min dollar, elm və texnika sahəsində işləyənlərin illik gəliri təxminən 70 min dollar, təhsil sahəsində işləyənlərin illik gəliri isə təxminən 60 min dollardır. Yaponiyada elm və texnologiya İkinci Dünya müharibəsindən sonra sürətlə inkişaf etməyə başladı. Avtomobil texnologiyasının, məişət elektronikasının, robot texnikasının dünya bazarında yüksək dəyər görməsi buna əsas təkan verən səbəblərdən biri oldu. Yaponiya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Belə ki, yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə müvafiq biliklərə yiyələnməyə başlayırlar. Uşaqlar bunu yüksək səviyyəli məktəblərə daxil olmaq, gənclər isə nüfuzlu universitetlərdə oxumaq, həmçinin, daha sonra qabaqcıl şirkətlərdə işləmək üçün edirlər. Ölkədə yüksək səviyyəli təhsil hər bir şəxsin gələcək uğurlarına zəmanət hesab olunur. Buna görə də, Yaponiya əhalisinin əksəriyyəti ali təhsilli olması ilə seçilir. Yaponiyada ibtidai təhsil bizdən və digər ölkələrdən fərqli olaraq 6 il davam edir. Daha sonra şagirdlər 6 illik orta məktəb dövrü keçirlər (aşağı orta məktəb dövrü - 3 il/yuxarı orta məktəb dövrü - 3 il). Məktəblərdə icbari təhsil isə 9 ildir. Orta məktəbi bitirən şagirdlər 4 il davam edən universitetlərə daxil olurlar. Yaponiyada da bizdə olduğu kimi magistratura təhsili 2 il, doktorantura təhsili 2 ildir. Ölkədə əsas diqqət təhsil və elmə verildiyindən universitetlərə daxil olan şagirdlər oranı bitirdikdən sonra sevdikləri sahələrdə işləyəcəklərini və yüksək məbləğdə maaş alacaqlarını bilirlər. Nəticə olaraq həmin şagirdlər yaxşı yaşamaq üçün konkret sahələrə yönəlmiş olmurlar. Bu da Yaponiyada elm və texnologiyanın yüksək səviyyədə inkişafına və ölkə iqtisadiyyatının, eyni zamanda, ümumi yaşayış səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Yapon tələbələr, xüsusilə, riyaziyyat və bu kimi texniki sahələr üzrə həmişə yüksək nəticələr göstərirlər. Yaponiya ümumi büdcəsinin 12,7 faizini təhsilə, 7,7 faizini isə hərbi xərclərə ayırır. Ölkədə təhsillə bağlı əməliyyatlar yerli hökumət tərəfindən idarə olunur. Məsul şəxslər tərəfindən təyin edilmiş yerli təhsil komitələri hər cəhətdən təhsilin davam etdirilməsinə cavabdehdirlər. Yaponiya məktəblərində tədris YAPONİYADA TƏHSİL SİSTEMİ: NƏ, NƏ ÜÇÜN VƏ NECƏ? APREL Fraza 7 TƏHSİL Fraza ili aprelin 1-də başlayır və martın 31-də başa çatır. Dərslər məktəbdən asılı olaraq həftədə 5 və ya 6 gün keçirilir. İbtidai təhsil istisna olmaqla digər siniflərdə dərs 6 saatdır ki, bu da dünyada ən uzun dərs müddətidir. Laboratoriya və təcrübə tələb edən dərslər istisna olmaqla digər dərslər eyni dərs otağında keçirilir və hər dərs 45 dəqiqə davam edir. Məktəblərdə vahid məktəbli forması sistemi tətbiq olunur. İbtidai məktəb şagirdlərinin forması orta məktəb şagirdlərinin formasından fərqlənir. Ölkədə dərsliklər pulsuz olsa da, alternativ dərsliklərdən istifadəyə icazə verilir. Eyni zamanda, fənn müəllimləri də yardımçı dərslik və ya dərs vəsaiti hazırlaya bilərlər. Məktəblərdə xidmətçi heyəti yoxdur. Ona görə də, yapon məktəblərində pəncərə silən müəllim və ya döşəmə süpürən şagird görə bilərsiniz. Müəllim və şagirdlər məktəbin təmizliyi ilə birgə məşğul olurlar və beləliklə, həm şagirdlərin ətraf mühiti təmiz saxlaması, həm də komanda ruhunu dərk etməsi təmin olunur. Yaponiyada müəllimlər işə qəbul olmaq üçün tələbləri kifayət qədər yüksək və sərt olan imtahan verirlər. Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olurlar. Bir maraqlı fakt da odur ki, Yaponiyanın orta məktəblərində bir müəllim eyni məktəbdə 6 ildən çox işləyə bilməz. Tədris ilinin əvvəlində məktəbə başlayan şagirdlər üçün bir sıra tədbirlər təşkil olunur. Məsələn, yapon təhsilində əhəmiyyətli yer tutan təbiət gəzintiləri may ayında başlayır. Aprel və may aylarında, həmçinin, müəllimlər tərəfindən ailə ziyarətləri həyata keçirilir. Bundan əlavə, ildə 6 dəfə valideyn iclasları baş tutur. Valideyn iclaslarından başqa valideynlər də istədikləri vaxt məktəb və sinif mühitini ziyarət edə, məktəb rəhbərləri və müəllimləri ilə görüşərək, müşahidələr apara bilərlər. Tədris ili isə üç semestrdən ibarətdir. Aprel-iyul ayının ortası, sentyabr-dekabr ayının sonu və yanvar-mart ayının sonu məktəblərdə üç semestr dövrünü əhatə edir. Semestrlər arasında yaz, yay və qış tətili verilir. Yaz və qış tətillərinin müddəti 2 həftədir. Tətillər arasında ən uzun tətil isə yay tətilidir və 6 həftə davam edir. Dərs proqramlarının icrası ilə yanaşı, idman yarışları, ekskursiyalar, konsertlər, rəsm sərgiləri və s. məktəblərin ən mühüm fəaliyyətlərindəndir. Digər tərəfdən, dünya üzrə bir çox ölkələrdə məktəblərdə yeməkxana mədəniyyəti olsa da, Yaponiyada dövlət tərəfindən verilən yeməyi həm müəllimlər, həm də şagirdlər öz siniflərində bir yerdə yeyirlər. Bu baxımdan nahar yeməyi yapon məktəblərində birliyin göstəricisi kimi qəbul olunur. Məktəblə ev arasındakı məsafə 2 kilometrdən çox olduqda şagirdlərin təhsil müəssisəsinə gəlişini dövlət təmin edir. Şagirdlər məktəbə çatanda bayırda istifadə etdikləri ayaqqabıları məktəbin girişindəki ayaqqabı rəflərinə qoyurlar. Məktəb daxilində isə rahat və elastik məktəb ayaqqabılarından istifadə edirlər. Məktəbin ətrafı da çox təmiz saxlanılır. Mütəmadi dezinfeksiyalar aparılır. Yeri gəlmişkən qeyd edək ki, təkcə təhsil müəssisələrində deyil, digər sahələrdə də işə sadiqlik, işdə və sosial həyatda dəqiqlik yaponlara uğur qazandıran ən vacib iki xüsusiyyətdir. Yaponiyada hər şey plan və proqram çərçivəsində həyata keçirilir. Bu xüsusiyyətlərin üstünlük təşkil etməsi planlaşdırılan proqramların səmərəliliyinin ən mühüm amilidir. Yapon iş mühitində və ictimai həyatında bu mədəni keyfiyyətlərə görə tənbəl və punktual insanlar cəmiyyət tərəfindən qəbul edilmir. Sözügedən mədəni keyfiyyətlər həm də fərdlər üzərində təzyiq rolunu oynayır və insanların sosial həyatında mühüm əhəmiyyət kəsb edir.