İsmayıl Əhməd
Kimin niyyəti nədirsə, dəyəri də o qədərdir. Ağlı kəsəndən bəri insan mərhələ-mərhələ hansısa məqsədə, hədəfə doğru irəliləyir. Adam var məqsədinə nail olur, adam var yarı yolda qalır, adam da var heç gözləmədiyi halda başına şahlıq quşu qonur. Əslində, hansısa mövqeyə, vəzifəyə gəlmək, hansısa mükafatı qazanmaq, sərvətə sahib olmaq heç vaxt məqsəd sayılmamalıdır. Bütün bunlar olsa-olsa bir vasitə, bir imkandan artıq məna ifadə etmir və hər kəs də sahib olduğu güclə, imkanla sınağa çəkilir. Bu söylədiklərimiz əslində başqa və çox mühüm bir söhbətin mövzusudur. Bu yazıda isə qarşıya qoyulmuş hədəfə yetişməyin şərtləri və yolları haqqında danışacağıq. Tarix səhifəsində böyük uğurlara imza atmış liderlərin həyatına nəzər salanda, ilk növbədə, aşağıdakı xarakterik üstünlüklər diqqəti cəlb edir: vaxtı və imkanı doğru-düzgün planlaşdırmaq, əzm, cəsarət, başqalarına əhəmiyyətsiz görünə biləcək şeylərə son dərəcə məsuliyyətlə yanaşmaq... Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) həyatı bu mövzuda bizim üçün ən gözəl və sarsılmaz qaynaqdır. Doğrudur, O, Allahın elçısı idi, Haqq davasını təmsil edirdi, Hafiz olan Allah Onu qoruyurdu, amma bir rəhbər, komandan, ölkə qurucusu və başçısı kimi ortaya qoyduğu əzmkarlıq, fədakarlıq, sahib olduğu məqama qarşı məsuliyyət, tətbiq etdiyi ədalət, görüləcək işlərin planlaşdırılması qiyamətə qədər hər kəs üçün misilsiz örnəkdir. Zamanı düzgün dəyərləndirmək, sabah görüləcək işləri ardıcıllıqla sıralamaq, verilmiş vədlərin icrası, ən kiçik işlərdə belə son dərəcə məsuliyyət nümayiş etdirmək və hər vəzifəni haqqı ilə, ədalətlə yerinə yetirmək Onun liderliyinin mühüm prinsiplərindən idi. Bəzi alimlərin söylədiyinə görə, bir müsəlmanın utanmadan, qızarmadan, vicdanı sızlamadan işlədiyi bütün günahlar onun üçün böyük günahdır. Bu düşüncə insana nəyi təlqin edir, bilirsinizmi? - Hər addımda məsuliyyətli olmağı, ehtiyatı, tədbiri bir an belə olsun əldən verməməyi, özünə və hər kəsə qarşı ədalətli davranmağı... Təsəvvür edin ki, uca dinimiz əmr edir ki, biz müsəlmanlar bir-birimizə borc alıb-verərkən onu sənədləşdirək, daha doğrusu, bir nəfər hər şeyi təfərrüatına qədər yazsın, tərəflər və şahidlər də o sənədi imzalasınlar. Burada istisna qoyulmur, yəni, ən yaxın adamlar belə borc verərkən bu proseduru həyata keçirməlidirlər. Bu davranış heç də bir-birinə etimadsızlıq kimi anlaşılmamalıdır. Bu, əslində, insanın hər kəsdən əvvəl Allaha etimad etməsidir, işini sağlam tutmasıdır. Ciddiyyət dediyin budur, məsuliyyət dediyin budur, sabahından əmın olmaq budur... Məsuliyyətli insan həmişə uğur qazanır. Məsuliyyət hissi hər şeydən əvvəl insanın özünə dəyər verməsidir. İnsan sosial varlıq olduğu üçün hər birimiz cəmiyyət qarşısında məsuliyyət daşıyırıq. Quran məntiqinə görə, hər bir insanın Allah və cəmiyyət qarşısında müəyyən vəzifələri var. İnsana verilmiş hansısa vəzifə üstünlük, səlahiyyət, imtiyaz UĞUR QAZANMAĞIN YOLU APREL Fraza 5 CƏMİYYƏT Fraza deyil, məsuliyyətdir. Ailə başçısı o ailənin hər bir fərdinə görə məsul olduğu kimi, hər bir rəhbər də onun əmri altında olan insanlardan məsuldur. Bu yerdə könüllər sultanı Həzrət Əlinin (Allah ondan razı olsun!) bir kəlamı yada düşür. O buyurur ki, dövlətin dini ədalətdir. Bəli, ədalət olan yerdə məsuliyyət var, məsuliyyət olan yerdə rifah var, uğur var, tərəqqi var. Ədalətin olmadığı yerdə isə bunlar yoxdur, zülm var. Uğurun mənbəyi məsuliyyətdir, nizam-intizamdır. Məsuliyyətsizlik isə çöküşdür, tənəzzüldür, rəzillikdir, günahı özündə deyil, başqasında görmək cəhdidir. Məsuliyyət hissi hər kəsdən əvvəl özünü ittiham etməkdən, xətanı özündə axtarmaqdan başlayır. Hər kəs harama əl uzatsa da, mən əlimi harama uzatmaram fikridir. Hər kəs haqqa girsə də, mən heç kimin haqqına girmərəm düşüncəsidir. Əmanət olaraq verilmiş bir imkanı pis əməllərə alət etməməkdir məsuliyyət. Allah qarşısında veriləcək hesabı düşünərək yaşamaqdır məsuliyyət (üstəlik, kimin nə deyəcəyinə əhəmiyyət vermədən). Məsuliyyət - verilmiş hər hansı bir tapşırığı ən gözəl şəkildə yerinə yetirməkdir. Məsuliyyət - məsul olduğun vəzifəni ən gözəl şəkildə icra etməkdir. Quru-quru vətənpərvərlik şüarları sovurmamaqdır, öz sədaqətini, öz səmimiyyətini məsuliyyətinlə ortaya qoymaqdır. Bu barədə bir söhbəti də sizlərlə paylaşmaq istəyirik... Ötən əsrin ortalarında Türkiyədən Yəmənə səfərə gedən nümayəndə heyətinin tərkibində yer alan bir jurnalist gördüyü mənzərədən gözlərini ayıra bilmir. Meydanın bir küncündə sökülüb-tökülən hərbi geyimdə, saçı-saqqalı bir-birinə qarışmış, əlindəki taxta tüfənglə farağat vəziyyətində dayanmış qoca gözlərini məchul bir nöqtəyə zilləyib. Jurnalist yerli bələdçidən o adamın kimliyini soruşur. Bələdçi də yüngülcə gülümsünərək cavab verir: - Sizin keçmiş əsgərlərinizdəndir. Heç kimə zərəri olmayan xəstə bir adamdır. Ağlım kəsəndən onu orada görmüşəm. Deyir ki, vətən qarşısında vəzifəsini yerinə yetirir. Jurnalistin marağı daha da artır və həmin adama yaxınlaşıb doğma dildə: - Salam, qardaş! - deyir. Bir anda qocanın gözləri parlayır və sevinc dolu səslə: - Sən türksən? - deyə soruşur. Jurnalist "Bəli" deyəndə həmin adam hərbi hesabat verirmiş kimi: - Vətənə qayıdanda komandanım Ədhəm Paşaya deyərsən ki, altıncı bölükdən Tokatlı Mehmet Çavuş xidməti yerini tərk etməmişdir... Sonradan bu haqda danışan həmin jurnalist o mənzərəni həyatının ən ibrətli yaddaşı adlandırırdı. Həqiqətən də, çox ibrətlidir, 30-40 ildir ki, müharibə qurtarıb, bəlkə də, o əsgərə o vəzifəni verən komandan çoxdan həyatdan köçüb, amma o əsgər o vəzifəsindən tərxis olunmaq əmri almadığı üçün hələ də orada dayanmaqdadır. Orada dayandığı üçünmü ağlını itirib, ağlını itirdiyi üçünmü orada qalıb, bilmirik, amma onu bilirik ki, ortada məsuliyyət nümunəsi var. Bəli, məsuliyyət olmayanda əsgər vətən torpağını qorumur, qanun keşikçisi qanun alverinə girir, həkim xəstəsini müalicə etmir, müəllim şagirdinə elm öyrətmir, idmançı meydanda birtəhər baş girləyib son fiti gözləyir, şagird yeni bir şey öyrənmək əvəzinə canını müəllimdən qurtarmaq üçün yol axtarır. Məsuliyyət hissinin hakim olmadığı cəmiyyət uçuruma doğru sürüklənir. Bu gün dünyanın ən varlı ölkələri məhz məsuliyyət və zəhmət hesabına o yerlərə gəliblər. Vulkanik adalarda yerləşən, İkinci Dünya müharibəsindən xarabazarlıq kimi çıxan Yaponiya bu dediklərimizə ən gözəl nümunədir. Yaxud da həmin müharibədən məğlub çıxmış, boydan-boya xaraba qalmış Almaniyanın ötən bu müddət ərzində əldə etdikləri də məhz məsuliyyət və zəhmətlə başa gəlmişdir. Bu gün Azərbaycan düşmən üzərində qələbə çalmış və hələ qarşıda çox mühüm tarixi vəzifələri olan ölkədir. Hər birimizin boynuna böyük vəzifələr düşür. Zəfər türküləri ilə özümüzü mədh etməyimiz yetər! Biz dayanmadan gücümüzə güc qatmalı, ədalətin hakim olduğu bir cəmiyyət qurmalı, xaraba qalmış yurd yerlərimizi abadlaşdırmalı və dünyaya haqqımızı da, gücümüzü də isbat etməliyik. Hər bir fərdimiz ciddi, öz vəzifəsi başında məsuliyyətli olmalıdır ki, dövlətimiz də güclü olsun.