Ruslan Yusibov
Albert Aqarunov Azərbaycanda yaşayan dağ yəhudisi idi. 1969-cu il aprel ayının 25-də Bakıda, Əmircan qəsəbəsində dünyaya gəlib. Əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən idi. Çoxuşaqlı ailədə anadan olub. 9 qardaşı, 2 bacısı var idi. Atası Aqarun neftçi olub, uzun illər Suraxanıda neft mədənlərində işləyib. Anası Lio çoxuşaqlı ana olduğu üçün ona "Qəhrəman Ana" adı verilib. Sonra Albert Aqarunovun ailəsi xaricə köçür, ancaq o, Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanır. Tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində düşmənə müqavimət göstərir. Daha sonra tank komandiri kimi Şuşaya yola düşür. Onun ən güclü döyüşləri də məhz Şuşa uğrunda baş verir. Azərbaycanın ən məşhur, qayalıqların üzərində yerləşən şəhərinin müdafiəsi başlayır. Şuşadakı hərbçilərimiz şəhərin relyefinə bələd olduqları üçün düşmənə qarşı yaxşı müqavimət göstərə bilirlər. Aqarunov Şuşada gedən döyüşlərdə ermənilər arasında tanınmış komandir Qaqik Avşaryanı məğlub edir. Aqarunov daha sonra Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni hərbi birləşmələri ilə ağır döyüşlərə girir. Çox sayda erməni tankını məhv edir. Aqarunov düşmən tanklarını xüsusi metodla vurması ilə tanınırdı. Belə ki, o erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşanda bir mərmi ilə iki tankı hədəf alırdı. Döyüş yoldaşları bu metodu "yəhudi buterbrodu" adlandırırdılar. Albertin döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimov həmin döyüşləri belə xatırlayır: “T-72 tankları texniki baxımdan mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu var idi ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşanda bir top mərmisi ilə iki texnikanı məhv etdiyi üçün yoldaşları bu metoda belə ad vermişdilər. Şuşaya hücum edəndə Albert 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi”. Ermənistan onun başına pul qoymuşdu. Bundan əlavə ermənilər Şuşanın işğal edilməsi üçün müxtəlif yollara əl atırdılar. Həmin bölgə müqavimətin ən vacib mərkəzi idi. Tarix 7 mayı göstərəndə azərbaycanlı hərbçilərin çoxu artıq məcburi şəkildə Şuşadan çıxarılmışdı. Erməni hərbi birləşmələri həmin gecə şəhərə hücuma keçir. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən biri idi. Şəhər uğrunda şiddətli döyüşlər başlayır. Ermənilərin tanınmış tank komandiri Qaqik Avşaryan T-72 tankı ilə Şuşaya gəlir. Təxminən 350 metr məsafədə o, 23 yaşlı azərbaycanlı döyüşçü Aqarunovla rastlaşır. Həmin an hər iki tank bir-birini hədəf alıb vurmağa hazırlaşır. Bir saniyənin belə həlledici olduğu o anda hər iki tank bir-birinə atəş açır. Ancaq Aqarunov dəqiq atəşlə Avşaryanın tankını məhv edir. Həmin erməni tankdan düşərək xilas ola bilsə də, ermənilər arasında məşhurlaşan Avşaryan Şuşada məğlub olur. Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. O, həmin yolda aşağı enərək tank sürücülərinə yerdəki cəsədləri əzməmələri üçün yol göstərmək istəyir. Elə bu vaxt uzaqdan onları izləyən erməni snayperi Aqarunovu hədəf alır və o, Şuşada şəhid olur. Aqarunovun nəşi helikopterlə Bakıya aparılır və 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Döyüşçü dünyasını dəyişəndən sonra azərbaycanlı əsgərlərin üzərinə “Albert" yazdığı tank isə Azərbaycan Hərb Tarixi Muzeyinə yerləşdirilir. Təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır. Bakıda və Qubada onun adına lövhələr qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2019- cu ildə Bakıda küçələrdən birinə Albert Aqarunovun adı verilib. Elə həmin il onun adını daşıyan küçədə Aqarunovun xatirəsinə heykəl ucaldılıb. Şuşa isə 28 ildən sonra, 8 noyabr 2020-ci ildə işğaldan azad edildi. Azərbaycan hərbçiləri qayalıqlardan çıxaraq şəhərə daxil oldular və yüngül silahlarla və əlbəyaxa döyüşlərlə düşməni məğlub etdilər. Şuşa döyüşü Azərbaycanın hərb tarixinə keçdi. Döyüş barədə danışan dünyanın bir çox hərbi ekspertləri hələ də təəccüblərini gizlədə bilmirlər.