Pul - elə universal məhsuldur ki, onsuz heç bir müasir cəmiyyət keçinə bilməz. Zaman keçdikcə pulun özü də inkişaf edən texnoloji nailiyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də təbii ki, kirptovalyutadır. Bəs, kriptovalyutaların mahiyyəti nədir, hansı üstünlükləri var, elektron pullardan fərqi nədədir və necə istifadə etmək olar? Kriptovalyuta - virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla yanaşı elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və onun ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən optimal valyuta olması da qaçılmazdır. Kriptovalyutanın əldə edilməsi prosesi "mayninq" (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğu üçün valyuta sözünün əvvəlində "kripto" prefiksindən istifadə olunur. Kripto sözü yunan dilində olan "kruptos" sözündəndir və mənası "sirr" deməkdir. Hər bir kriptovalyuta vahidi ingilis dilində - "koin" (coin) adlanır və koinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əsasında məhdud sayda olur. Koinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Koinlərin şəbəkədə olmasını, onların hesabatının aparılmasını "blokçeyn" (blockchain) texnologiyası təmin edir. "Bitkoin" (bitcoin) 2009-cu ildə yaranan ilk və hazırda ən məşhur kriptovalyutadır. Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən, ABŞ dolları) ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilir. Kriptovalyutadan istifadə etməyi heç kim məcbur və ya qadağan edə bilməz, çünki rəqəmsal valyutaların dövriyyəsi internetdə baş verir və onlardan istifadə edənlərə heç kim nəzarət etmir. Sual yarana bilər ki, bəs kriptovalyutanın adi istifadə etdiyimiz elektron pullardan fəqri nədir? Adi pulların elektron hesabda olması üçün, ilk növbədə, həmin pulu fiziki olaraq bank vasitəsilə hesaba qoymaq lazımdır. Yəni, pulun hesabda elektron görünüşü - sadəcə olaraq, onun fiziki formasının elektron formadakı əksi deməkdir. Kriptovalyutalar isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflyasiyaya məruz qalmaması, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olmasıdır. Təsəvvür edin ki, fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı digər vasitəçi olmadan, qısa vaxt ərzində və çox cüzi komissiya xərci ilə valyuta mübadiləsi edirlər. Bu konsepsiya maliyyə sahəsində inqilab deməkdir. Kriptovalyuta sənayesi hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün qlobal və lokal səviyyədə müəyyən qanunvericilik aktlarının qəbul edilməsi vacib şərtdir. Dövlətlər, beynəlxalq tənzimləyici qurumlar və iri maliyyə təşkilatları bu baxımdan hələ ki, tələsmirlər və yeni texnologiyanın imkanlarını və onların yarada biləcəyi riskləri araşdırırlar. Hazırda, yalnız Yaponiya ölkə daxilində bitkoini rəsmi ödəniş vasitəsi kimi qəbul edir. Bəzi ölkələr isə xarici kriptovalyutaları rəsmi ödəniş vasitəsi kimi qəbul etməkdənsə, özlərinin milli kriptovalyutalarının yaradılmasının daha effektli olacağını düşünürlər.