Aygün Zayıdova 
 

Ta qədim dövrlərdən bu günə kimi insanlar arasında yaranan münasibətə və ya informasiya mübadiləsinə ünsiyyət deyilir. "Ünsiyyət təkcə danışmaqlamı olur?" sualına bəzən "Bir baxışla belə olur" cavabını vermək yerinə düşər. Bəli, təkcə bir baxışla da insan qarşısındakı insanla çox gözəl ünsiyyət yarada bilər. Necə ki, bizə verilən məlumatlara əsaslanaraq qədim dövrdə insanların bir-biriləri ilə işarələrlə ünsiyyət qurduqlarını deyirik. Mövzu ilə bağlı mütəxəssis fikirlərini də öyrənmək üçün pedaqoq, supervizor, psixoloq Təhminə Çələbi ilə həmsöhbət olduq. 

- Ünsiyyət və ya ünsiyyət bacarığı nədir?

- Mən, ilk növbədə, sizə ümumi ünsiyyət barədə məlumat vermək istəyirəm. Ümumiyyətlə, insanlar fərd kimi dünyaya gəlirlər. Ünsiyyət və fəaliyyət nəticəsində şəxsiyyətə çevrilirlər. Ünsiyyət insanın fərddən şəxsiyyətə çevrilməsində çox vacib bir rol oynayır. Ünsiyyət vasitəsi ilə biz fikirlərimizi ifadə edirik. Ünsiyyət vasitəsi ilə biz şəxsiyyətimizdən xəbər veririk. Qarşı tərəfi öz dünyagörüşümüzdən, həyata baxşımızdan, xarakterimizdən, fikirlərimizdən xəbərdar edirik.

- Səmimiyyət olmayan yerdə qurulan dialoqu ünsiyyət adlandırmaq olarmı?

- Təbii ki, hər bir danışıq normal ünsiyyət kimi qəbul edilə bilər, amma doğru ünsiyyət vasitəsi ilə biz öz bilik, bacarıq və vərdişlərimizi ortaya qoymaq qabiliyyətinə malik olmalıyıq.

- Ünsiyyətin qaydaları varmı?

- Ünsiyyətin qaydaları yox, uğurlu ünsiyyətin qaydaları var. Biz sizinlə onun bir neçə qaydasına toxunacağıq. Ünsiyyət zamanı insana elə gəlir ki, sən danışmalısan, hətta çox danışmalısan. Həmsöhbətə çox maraqlı görünməlisən. Xeyr! Həmsöhbətə maraqlı görünməyin ən gözəl qaydalarından biri həmsöhbət olmaqla yanaşı, qarşı tərəfi diqqətlə dinləməkdir. Və bu dinləmək empatiya qurmaq hissi ilə müşayiət olunmalıdır. Yəni, mən qarşıdakı insanı həqiqətən bütün beynimlə, düşüncəmlə fiziki və psixoloji olaraq dinləyirəm. Onun danışdıqlarına diqqətli bir şəkildə qulaq asıram. Təbii ki, burada səmimiyyət ön planda olmalıdır. Yəni, qarşımızdakı həmsöhbətə bütün səmimiyyətimizlə yönəlməliyik. 

- Onda belə çıxır ki, uğurlu ünsiyyətin sirri qarşı tərəfi diqqətlə dinləməkdir...

- Həm dinləmək, həm də empatiya quraraq onun danışdıqlarını özümüzdə hiss etmək... Əgər biz bunu səmimi şəkildə edə biliriksə, bədən dili də bura qoşulur. Ünsiyyət zamanı bədən dili çox vacibdir. Əgər ötürülən informasiyanın 30 faizi qarşı tərəfə sözlə ötürülürsə, 70 faizi bədən dili ilə ötürülür. Məsələn, üz ifadəsi, oturuş forması, mimikalar, jestlər və s. kimi. Bu isə o deməkdir ki, "Mən səni dinləyirəm", "Mən səni anlayıram", "Mən səni hiss edirəm" və "Mən sənin yanındayam" ifadələrini biz eyni zamanda bədənimizlə də verə bilərik. Artıq burada demək olar ki, bəli, həqiqətən də, uğurlu ünsiyyətin başlıca səbəbi diqqətlə dinləməkdir. Həmsöhbətlə diqqətlə maraqlanmaq və onda səmimi inam hissi yaratmaq çox vacibdir. Ümumilikdə, psixologiyada belə bir anlayış var, aynalama, yəni, bədən dili qarşı tərəfin bədən dilini eyni ilə aynalayaraq ona şüuraltı mesajlar göndərir ki, biz eyni dalğadayıq. Bu, həm də o deməkdir ki, "Mən səni anlayıram". Səmimi ünsiyyət zamanı qarşı tərəfə onun dəyərini göstərməklə yanaşı, onun fikirləri ilə həmfikir olduğunu göstərmək də çox vacibdir. Əgər qarşı tərəfi tanıyırıqsa, vacibdir ki, onun maraqlarından çıxış edək. Yox, əgər tanımırıqsa, bu əla vasitədir ki, qarşı tərəfin özünü tanıtmasına şərait yaradaq. Yəni, sizə maraqlı olan bütün sualları vermək və cavabını diqqətlə dinləmək... Qarşı tərəf özündən, öz maraqlarından bəhs edəndə o, özünü çox maraqlı həmsöhbət hesab edir. Çünki belə düşünür ki, hər hansı bir insana öz maraqlarından danışmağa şərait yaranır.

- Bəs, səmimi ünsiyyət necə olmalıdır?

- Söhbət əsasən iki insanın marağı əsasında qurulmalıdır. Hər iki tərəf bir-birinin maraqlarını kəşf etmək üçün ikisi də öz maraqlarından bəhs etməlidir. Biz qarşılıqlı şəkildə özümüzdən danışsaq və bir-birimizə maraqlı gəlsək, artıq ümumi söhbətlərimiz yaranmağa başlayacaq. "Səmimiyyət olmayan yerdə" ifadəsinin ardına nə qoysaq, bu qənaətbəxş ifadə olmayacaq. Ümumiyyətlə, səmimiyyət olmayan yerdə nəinki ünsiyyət, heç bir şey təbii alınmayacaq. Çünki əvvəl də dediyimiz kimi ünsiyyət səmimi olmalıdır. Və səmimi olaraq həmsöhbətə özündən danışmağa icazə vermək lazımdır.

- Uğurlu ünsiyyətin qurulmasının başqa məqamları da varmı?

- Uğurlu ünsiyyətin sirlərindən biri də həmsöhbətə adı ilə xitab etməkdir. Çünki hər nə qədər biz adımızı bəyənməsək də, şikayətlənsək də, (təbii ki, bu bütün hallarda belə deyil) insan üçün ən doğma səslənən səs onun adıdır. Bu səbəbdən də, həmsöhbətə adı ilə müraciət edərək, eyni zamanda siz onun adını yadınızda saxlayırsınız. Xüsusilə də, əgər sizi ilk dəfə tanış edirlərsə... Üstündən müəyyən vaxt keçdikdən sonra belə həmin insana adı ilə müraciət etdikdə bu, qarşı tərəfin mühüm bir şəxsiyyət olduğunu göstərir və belə insanlara, yəni, bizi yadda saxlayan insanlara xüsusi maraq göstəririk. Uğurlu söhbətin bir sirri də budur ki, başa düşmədiyimiz bir şeyi qarşı tərəfdən soruşaq, necə deyərlər, sual vermək bacarığına malik olaq. Ona görə də, doğru sual vermək bacarığı, doğru ünsiyyətin sirlərindən biridir. Sual bu deməkdir ki, "Mən səni diqqətlə dinlədim və səni anlamağa çalışıram". Yəni, bizim verdiyimiz suala cavab verildikdə nə baş verir? Həm insan qarşı tərəfin nəyi başa düşdüyünü anlayaraq, özünü onun yerinə qoyur, həm də qarşı tərəfin nəyi başa düşmədiyini öyrənərək, danışdığı situasiyaya kənardan baxmaq imkanı əldə edir. Biz ümumiyyətlə, elə insanlara rast gələ bilərik ki, zahiri görkəmi ilə heç diqqət cəlb etmir, ilk baxışdan qeyri-adi, müsbət təəssürat yaratmır, amma danışığı ilə bizdə elə bir təəssürat yaradır ki, gözəl ünsiyyət vasitəsi ilə bizim sevimlimizə çevrilir. Belə insanlar hətta ətrafındakı insanları öz arxasınca aparmağı bacarır.

- Əgər yaxşı ünsiyyət bacarığımız yoxdursa, biz nə edə bilərik?

- Biz gözəl ünsiyyət bacarığı ilə dünyaya gəlməyə bilərik. Çünki bu, sonradan qazanılan bir resursdur. İnkişaf etdirmək üçün nə etməliyik? Öz ana dilimizdə çoxlu mütaliə etməliyik. Üstəlik, bu mütaliə mütləq səsli olmalıdır. Səsli olaraq doğru yazılan cümlələri səsləndirmək, onlardan istifadə etmək, intonasiyaları düzgün vurğulamaq, söz ehtiyatını çoxaltmaq və s. Digər tərəfdən, burada bir psixoloji amil də çox vacibdir ki, siz daim daxilinizdən xəbərdar olmalısınız. Yəni, "Mən nə hiss edirəm?", "Mən nə düşünürəm?" və "Bu haqda fikrim nədir?" Əgər biz bunları daxilimizdə müzakirə etsək, artıq fikirlərimizi ifadə edərək qarşı tərəfə çatdırmaq bacarığını ortaya qoya bilərik. Digər tərəfdən, şəxsiyyətə çevrilmək istəyən insan öz ana dilinin lüğət tərkibini, daxili dialoqunu zənginləşdirməlidir. Tək olanda da insan doğru məşqlər edərək, kitabları səsli oxuya bilər. Bununla da o, danışdığını özü də eşitmiş olar. Ona görə də, burada səs tonu doğru seçilməldir. Əgər insan daxili düşüncələrindən, emosiyalarından, hisslərindən xəbərdardırsa, üz ifadələri, səslər, mimikalar, jestlər də bunu ətrafa düzgün əks etdirəcək. Yəni, daxili hüzurlu olan insanın ünsiyyəti də ətrafdakılara xoş gəlir.

- Ünsiyyət zamanı istifadə edilən komplimentlər ünsiyyətə nə qədər təsir edə bilər?

- Ünsiyyət zamanı istifadə edilən komplimentlər və ya xoş sözlər qarşı tərəfdə həqiqətən müsbət rəy yaratmaq üçün çox gözəl vasitədir. Bu ikili münasibətlərdə, dostluq münasibətlərində, işgüzar görüşlərdə ön plana çıxan və bizim yaxşı xüsusiyyətlərimizlə seçilməyimizə kömək edən bir vasitədir. Bunun üçün nə etməliyik? Yenə də diqqətlə dinləməyi ön plana çıxarmalıyıq. Onda olan hansısa daxili, xarici müsbət keyfiyyəti və ya xarakteri, eləcə də, işindəki uğuru vurğulamalıyıq. Bu vurğulardan sonra qarşı tərəf özünü bizim yanımızda daha inamlı, daha rahat hiss edəcək. Bundan sonra da ən gözəl ünsiyyəti bacaran həmsöhbət kimi yaddaşlara həkk olacağıq.

- Ünsiyyətlə bağlı ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirik.

- Mən də sizə belə bir imkanı verdiyiniz üçün təşəkkür edirəm...