Gənclik xisləti elədir ki, heç kəs müstəvidə diyirlənən girdə əşyaya təpik vurmaq ehtirasından özünü saxlaya bilmir. Futbolun da meydana çıxmasında, görünür, elə bu ehtiras durur.
Yer üzündə ilk dəfə hansı qəbilənin top-top oynadığı haqqında məlum mübahisələrə qoşulmaq yersizdir. Eyni zamanda, braziliyalıların körpəlikdən top qovmağa alışması haqqında deyilənləri də süni "futbol irqçiliyi" saymaq olar və əslində, bütün millətlərin uşaqlarının yenicə qədəm açan ayaqları topa dəyir. Bəs sonra nə baş verir? Bu artıq başqa söhbətin mövzusudur. Əgər rəngindən asılı olmayaraq, bütün millətlərin uşaqları ayaqla top qovubsa, deməli, ayaq toyu oyunu ən demokratik oyundur.
Nəhayət, 1863-cü il oktyabrın 26-da ingilislər tarixdə ilk dəfə ayaq topu oyununu hərc-mərclikdən çıxarıb, bu oyun üçün qaydalar yaratdılar, oyuna elə beləcə də "futbol" (yəni: ayaq topu) adı verdilər, üstəlik də həmin oyunun qaydalar əsasında oynanılmasına və təşkilatçılıq işlərinə nəzarət üçün ilk Futbol Assosiasiyası yaratdılar. Etiraf etmək lazımdır ki, əgər bu qaydanı başqa xalqın nümayəndələri düzüb-qoşsa idilər, indiyədək başına min cür oyun açılmışdı və bəlkə də, bu gün futbol deyəndə başqa şey yada düşərdi.
İngilislər isə özlərinin mühafizəkar xarakterləri ilə bu qaydaları qoruyub saxlaya bilmiş, onları hər cür "səmərələşdirici" təkliflərdən hifz etmişlər. Ötən 157 ildə həmin qaydalara yalnız oyunun həqiqətən mənafeyinə xidmət edən qaydalar əlavə edilmiş və cilalaşdırmalar aparılmışdır. Beləliklə, bugünkü futbol qaydalarının nüvəsi XIX əsrin çiskinli bir oktyabr günündə Dumanlı Albionda qoyulmuşdur. Məhz buna görə də, müasir futbolun banisi ingilislər sayılır və bu fakt tarixdə qəbul edilmişdir.
Bəs bundan sonra nə dəyişdi? Hər şeydən əvvəl bu oyun sadəcə top-top deyil, topqovma deyil, futbol oldu. Yada salaq ki, biz də cavan yaşlarımızda bu oyunu oynamışıq. Ancaq tələbəlik çağı məktəb həyətində top qovanda şərtləşərdik ki, "ofsayt" (oyundankənar vəziyyət) nəzərə alınmasın. Və bununla da artıq bizim oynadığımız oyun futbol deyildi. Yəni əgər, qaydalardan biri ixtisar edilirsə, bu top-top oyunu adlana bilər, topqovma sayıla bilər, ayaqtopu ola bilər, ancaq futbol ola bilməz. Əgər iki komanda hesabı əvvəlcədən razılaşdırıb meydana çıxırsa, bu oyun deyil, onun surroqatı olacaq, çünki mübarizə görməyəcəyik. Əgər hakim oyunun nəticəsinə təsir göstərən qaydalar qəbul edirsə (OMİK-"Neftçi", 1967; "Dinamo" Moskva- "Neftçi", 1986; Uruqvay-SSRİ, 1970 və s.), əgər futbolçular bir-birinə qənim kəsilirsə, (Çili-İtaliya, 1962; Azərbaycanın ilk milli çempionları), bu futbol deyil, antifutboldur, çünki ədalət tapdanır, dostluq prinsipi pozulur. Əgər azarkeşlər hücum çəkib meydançaya doluşursa ("Qlazqo Reyncers"- "Dinamo" Moskva, 1972; Azərbaycanın ilk milli çempionatları; Türkiyə birinciliklərinin bəzi qara oyunları), əgər azarkeşlər bir-birini qırıb çatırsa (Avropa), hakimlərə hücum edirlərsə (Azərbaycan və Türkiyə çempionatlarının qara oyunları), bu da futbol deyil, vandalizmdir, çünki arada mədəniyyət məhv olur.
Deməli, futbol anlayışı 1863-cü ildən bəri tamamilə yeni məzmun kəsb etməyə başladı. Bugünkü futbol-demokratiyadır, sülhdür, siyasətdir, diplomatik müjdədir, ədalət, dostluq və centlmenlik prinsiplərinə dayanan mübarizədir. Futbol - mədəniyyətdir, ölkədəki mədəniyyətin səviyyəsinin göstəricisidr. Futbol hər bir ölkənin vizit kartıdır.
Futbolun məna və məzmun çalarının belə zənginləşməsində ayrı-ayrı ölkələr, komandalar və klublar, futbol şahları və futbolçular, məşqçilər, hakimlər və müvafiq təsisatlar böyük rol oynamışlar. İngilislərin və fransızların futbolun müxtəlif təsisatlarının yaradılmasında xidmətləri unudulmazdır. Bu gün tarixə nəzər salanda şükür edirik ki, nə yaxşı XIX-XX əsrin əvvəllərində dünyada "ingilis barmağı" fəal olub. Çünki 26 oktyabr (1863) tarixli həmin qaydaların dünyanın hər yerinə yayılmasında bu "barmaq" böyük iş görüb.
İngilislərin ardınca şotlandlar (1873), valliyalılar (1875), şimali irlandlar (1880), hollandlar (1889), italyanlar (1898), avstriyalılar (1894), argentinalılar (1893), belçikalılar (1895) və b. hələ XIX əsr bitməmiş öz ölkələrində futbolu idarə etmək üçün federasiya və assosiasiyalar yaratdılar. Bu ölkələrin, demək olar ki, hamısında ilk futbol komandalarını məhz ingilislər təşkil etmişdilər. Bir qədər keçmiş, artıq XX əsrin başlanğıcında bütün dünyada bu oyuna maraq yüksəldi, ayrı-ayrı ölkələrdə milli futbolçular və futbol mesenatları arasında liderlər yetişdi. Hiss olunur ki, coşğun missioner hərəkatı ilə futbolu bütün dünyaya yayan ingilislər həmin ölkələrdə yerli qüvvələrin bu qədər tez yetişəcəyini gözləmirdilər. Düzdür, hələ beynəlxalq arenaya yenicə çıxıb, ilk oyunlarda böyük hesablarla uduzan yığma komandalar (məsələn: İngiltərə-Şim. İrlandiya-13:0, 1882; İsveç- Norveç- 11:3, 1908; Danimarka- Fransa-9:0, 1908; Almaniya-Rusiya- 16:0, 1912; İsveç-Yunanıstan- 9:0, 1920) uzun müddət özlərinə gələ bilmirdilər. Ancaq bununla yanaşı, İngiltərədən çox uzaqda yerləşən bir sıra ölkələrdə kifayət qədər sanballı klublar, futbolçular, futbol mütəxəssisləri yetişmişdilər və günlərin bir günü, 1904-cü il mayın 21-də Parisdə yığışan Belçika, Hollandiya, Danimarka, İsveç, İsveçrə və Fransa nümayəndələri İspaniyadan isə "Real" klubunun rəhbərliyi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını- bu gün hamının FİFA adı ilə tanıdığı orqanı yaradanda, ingilislər Parisə gəlməkdən imtina etmiş və bunu Britaniya futbolunun dünyada hamıdan güclü olması, buna görə də, onların bu cür beynəlxalq birliklərə qoşulmasının artıq bir iş olması ilə əlaqələndirmişdilər. Ancaq səhv etdiklərini başa düşən ingilislər tezliklə, 1906-cı ildə FİFA-ya daxil olmuşdular.
Fransızların da dünya futbolunun mədəniyyətə qovuşmasında mühüm xidmətləri vardır. Dünya çempionatlarının, qitə çempionatlarının, klublar arasında beynəlxalq yarışların təşkilində və keçirilməsində, istər milli çempionatlarda, istərsə də beynəlxalq yarışlarda fərqlənən futbol ulduzlarının aşkara çıxarılıb mükafatlandırılmasında, futbol həyatının saysız-hesabsız yeni ideyalarla zənginləşdirilməsində fransızlar qədər zəhmət çəkən olmamışdır. 30-cu illərdə FİFA ilk dünya çempionatlarını keçirəndə artıq dünya Artur Fraydenrayx və Leonidas da Silva kimi braziliyalı, İsido Lanqara kimi ispan, Frans Binder kimi avstriyalı, Xose Leon Andrade kimi uruqvaylı, Raymon Breyn kimi belçikalı, Klifford Bestin və Uilyam Din kimi ingilis, Hyu Qallaxer kimi şotland, Edmon Delfur kimi fransız, Yuzer Kaluja kimi polyak, Silvio Piola kimi italyan futbol ulduzlarının şahidi olmuşdu. Təəssüf etmək olr ki, nəinki biz, heç bizim ata-babalarımız da bu və həmin dövrün digər böyük futbol ustalarının oyununa baxa bilməmişik.
Yazı Məmməd Adilovun "Futbol bizə qədər və... sonra" silsilə yazısından götürülmüşdür.