Cəmiyyətdə ən çox müşahidə edilən sağlamlıq problemlərindən biri də baş ağrısıdır. Ona görə də, deyə bilərik ki, hər bir insan həyatında bu problemlə qarşılaşır. Ancaq baş ağrısına ötəri yanaşanlar, onu ciddi qəbul edənlərdən daha çoxdur. Halbuki mütəxəssislər bunun, əslində, ciddi problem olduğunu və etinasız münasibətin ciddi fəsadlara gətirib çıxardığını qeyd edirlər. Digər tərəfdən, baş ağrısı fərqli səbəblərdən meydana gəlir və sağlamlıq üçün təhlükə dərəcələri də fərqli olur. Bu problemə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bu, eyni zamanda yeniyetmələr arasında da kifayət qədər yayılan bir problemdir. Onlarda müşahidə edilən baş ağrılarının 26 %-i "gərginlik tipli baş ağrıları", 14 %-i isə "miqren tipli baş ağrıları"dır. Mütəxəssislərin fikrincə bu yaş dövründə yeniyetmələrdə psixoloji, sosioloji və hormonal dəyişikliklər baş verir və bu da, ilk növbədə, özünü onların həyat tərzində göstərir. Digər tərəfdən, baş ağrılarının 300-dən çox növü var və hər növün yaranma səbəbləri tibb elmi tərəfindən araşdırılır. Buna baxmayaraq, əksər növ baş ağrılarının səbəbləri hələ də naməlum qalır. Bundan başqa, insan həyatında baş verən elə problemlər var ki, onlar da baş ağrılarına səbəb olur. Belə ki, kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir və beləliklə də, ağrı meydana gəlir. Məhz bu tip baş ağrılarına gərginlik tipli baş ağrıları deyilir. Bu tip baş ağrıları birbaşa mental stress, depressiya, həyəcan, aclıq, yorğunluq və s. kimi problemlərlə əlaqələndirilir. Qadınlarda hormon səviyyəsinin aşağı düşməsi də baş ağrılarına səbəb olur.
Gərginlik tipli baş ağrıları müntəzəm olaraq 6 ay davam edir və epizodik və xroniki olaraq iki qrupa bölünür. Digər tərəfdən, bu ağrılar 30 dəqiqədən 7 günə qədər fasiləsiz davam edən, həmçinin, qusma və ürəkbulanma ilə müşayiət olunmayan ağrılardır. Bu problem əksər hallarda uşaqlarda da müşahidə olunur. Uşaqlarda yuxu rejiminin pozulması, telefon və planşetdən çox istifadə edilməsi bu problemi yaradan əsas faktorlardan hesab edilir. Bu tip baş ağrılarından əziyyət çəkən şəxslər hər gün idman etməli, açıq havada gəzməli və gərgin işlərdən uzaq olmalıdırlar.
Miqren tipli baş ağrıları isə digərlərindən fərqlənir. Miqren periodik olaraq narahatlıq yaradan və başın bir hissəsini əhatə edən ağrılardır. Bu zaman başda davamlı ağrılar, eyni zamanda ürəkbulanma, qusma, işığa (həmçinin, səsə) qarşı həssaslıq kimi simptomlar olur. Digər tərəfdən, xəstəliyi hər kəs həmişə eyni cür keçirmir. Buna görə də, pasientə müalicə tətbiq edilərkən onun digər şikayətləri də nəzərə alınır. Odur ki, bir xəstəyə yaxşı təsir edən müalicə, digər xəstəyə yaxşı təsir etməyə bilər. Mütəxəssislər, həmçinin, qeyd edirlər ki, bu əlamətləri özündə hiss edən şəxslər özbaşına dərman qəbul etməməli və həkim müayinəsindən keçməlidirlər. Digər tərəfdən, baş ağrılarından xilas olmaq üçün aşağıda sadaladığımız məqamlara da diqqət yetirmək lazımdır!
- Su qəbul edin - Həyat mənbəyimiz olan su qan dövranını yaxşılaşdırır, orqanizmdə lazımi mineralların balansını təmin edir və baş ağrılarına qarşı qoruyucu təsir göstərir. Buna görə də, gün ərzində 2 litr su qəbul etmək çox vacibdir.
- Yuxu rejimi - Yuxu rejiminin də baş ağrılarında mühim rolu var. Belə ki, hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq baş ağrılarının yaranmasının qarşısını alır. Bundan başqa, qaranlıq və səssiz otaqda yatmaq da ağrılara qarşı yaxşı təsir edir. Qaranlıqda və yuxuda ifraz edilən melatonin və inkişaf hormonları həm maddələr mübadiləsini nizamlayır, həm də immunitet sistemini yaxşılaşdırır. Digər tərəfdən, həftəiçi az yatmaq, həftəsonu çox yatmaq da zərərlidir. Yuxu rejimi minimum 6, maksimum isə 8 saat olmalıdır.
- Düzgün qidalanmaq - Bu da bir həqiqətdir ki, qan şəkərində balansın pozulması baş ağrılarının artmasına səbəb ola bilər. Buna görə də, aclıq hiss etdikdə düzgün qidalanmalı və gün ərzində üç dəfə tərkibində protein, həmçinin, meyvə-tərəvəz olan qidalar qəbul edilməlidir. Lakin qan şəkərinin sürətlə artmasına səbəb olan qidalardan uzaq olmaq lazımdır. Çünki bu da baş ağrılarına səbəb olan əsas əlamətlərdəndir.
- Kofeinli içkilər - Həddən artıq kofeinli içkilərdən (qəhvə və ya çay kimi) uzaq olmaqda da fayda var. Çünki kofeinin damarlarda yığılmaya səbəb olmasına və baş ağrılarına yaxşı təsir etməsinə baxmayaraq, gündə 3-4 fincandan çox qəhvə içmək bədəndə su itkisinn meydana gəlməsinə, eləcə də, yuxusuzluq yaradaraq, baş ağrılarının şiddətlənməsinə səbəb olur. Tez-tez qəhvə içmək və ya ondan birdən-birə imtina etmək də baş ağrılarına səbəb ola bilər. Bundan başqa, tərkibində kofein olan ağrıkəsicilər də zərərlidir. Baş ağrısı üçün istifadə olunan hər hansı bir dərmanı uzun müddət və tez-tez qəbul etdikdə baş ağrısı verə bilər. Həftədə 1-2 dəfə ağrıkəsicilərdən istifadə etmək problem yaratmasa da, bu dərmanlardan həftədə üç dəfədən çox istifadə etmək baş ağrısına səbəb ola bilər.
- İlıq duş qəbul edin - Ağır iş günündən sonra əzələlər gərginləşir və bu da baş ağrılarına səbəb olur. Bu zaman ilıq su ilə duş qəbul edin. Bu, əzələlərin boşalmasına səbəb olacaq və baş ağrılarından xilas olmağa kömək edəcək.
- Duz qəbulunu minumuma endirin - Gündəlik duz qəbulunu azaltmaq da baş ağrısı riskini azaldır. Ona görə də, gizli duzu yüksək olan qidalardan da uzaq olmaq məsləhətdir.
- İdman edin - Yaxşı yatmaq üçün bədənin yorulması vacibdir. Həftədə 3-5 dəfə edilən idman hərəkətləri stresinizin azalmasına və formada qalmağınıza kömək edəcək. Eyni zamanda, idman hərəkətləri ilə yanaşı 30 dəqiqə açıq havada sürətlə yerimək də olar.
Haşiyə: Bütün bunlara baxmayaraq, tez-tez güclü baş ağrıları ilə qarşılaşırsınızsa, baş ağrılarınız başınızın arxa tərəfində başlayıb bütün beyninizi əhatə edirsə, yeni başlayan və şiddətlə davam edən baş ağrılarınız varsa, baş ağrısı ilə yanaşı ürəkbulanma və qusma da olursa, deməli, baş ağrılarınızın yaranmasına daha ciddi səbəblər var. Əgər baş ağrısı qəflətən meydana gəlir, ağrıkəsicilər heç bir effekt vermir, həmçinin, müntəzəm və intensiv olursa, nevroloqa müraciət etmək lazımdır. Belə ağrılar baş-beyin şişlərinin ilkin əlaməti də ola bilər. Bundan başqa, baş ağrısı ilk dəfə 10 yaşdan aşağı və 50 yaşdan yuxarı yaş qrupunda olduqda və eyni nahiyədə təkrarlandıqda da pasient dərhal bir nevroloqa müraciət etməlidir.
İlahə Hüseynova