İstanbul... Zəngin tarixi keçmişi olan bu şəhər ərazisinin böyüklüyünə görə Türkiyənin 64-cü, əhalisinin sayına görə isə birinci şəhəridir. Təyyarədən ilk endiyiniz andan türk dilindən çox başqa dilləri eşidəcəksiniz. Xüsusilə, ərəb, ingilis, ispan, bəzən də Azərbaycan, gürcü və rus dilləri. Nə qədər qardaş ölkə desək də, istər ölkəyə ilk girdiyin an olsun, istər daha sonra, heç fərq etməz azərbaycanlı kimi burada öz doğma dilini eşitmək sənə nemət kimi gəlir. Bəlkə də, hamıda belə deyil, amma yenə də... Türkiyəlilər də böyük əksəriyyətlə həmyerlilərimiz kimi xeyirxah, qonaqpərvər və xoşniyyətlidirlər. Təbii ki, burada elitadan söhbət getmir. Xüsusilə, bir məqama toxunmaq yerinə düşər. Azərbaycandan olduğunu eşidəndə xüsusi bir münasibət görürsən. Amma kim nə deyirsə, desin, fikrimcə, biz Türkiyə türklərini onların bizi sevdiklərindən daha çox sevirik. Onlar qarşısındakının Azərbaycandan gəldiyini öyrənəndə zarafatyana ilk soruşduqları şey bu olur: "Savaşı bitirdin de mi geldin?" Müharibənin zəfərlə bitməsində zərrə qədər payın olmasa da, yalançı təbəssümlə "Bəli" deyib mövzuya nöqtə qoymağa çalışırsan. Əgər az da olsa, tarixindən xəbərin varsa, bir azərbaycanlı kimi onu da təqdim etmək borcun olur. İkinci sual isə adətən bu olur: - Nahçıvanlı mısın? Dediklərinə görə, bura Naxçıvandan gəlib işləyən, ya da oxuyan insanımız daha çox olurmuş. Növbəti cavabın da ya "Xeyr", ya da "Bəli" olur. İnsanlarla ilk tanışlığımızı burada yekunlaşdıraraq, əsas məsələyə keçək və çoxlarımız üçün (xüsusilə də, buraya gəlməmiş soydaşlarımız üçün) maraqlı olan İstanbulun tarixi yerlərindən danışaq... Üsküdar Üsküdar İstanbulun bir rayonudur. Şəhərin hər yerində olduğu kimi, burada da tarixlə müasirlik birləşərək, gözəl ahəng yaradır. Möhtəşəm mənzərəsi və dəniz sahili ilə İstanbulun göz bəbəyi... Qədim dövrün "Xrizopolisi", Roma dövrünün "Skutari"si, Bizansın "Skudarium"u, Farscanın "Əskədar"ı, Övliya Çələbinin "Eski Dar"ı və türklərin "Sevgili Üsküdar"ı... Üsküdar nə ilə tanınır? Üsküdara ilk ayaq basdığınız anda sizi uzaqdan Boğaz körpüsü, sonra isə Türkiyənin məşhur "Qız qalası" salamlayacaq (Təmirə bağlı olduğu üçün hələ ki, heç kəs içəri buraxılmır). Bildiyimiz və şəkillərdən də gördüyümüz kimi, bizim "Qız qala"mızdan fərqli olaraq bu qala hələ də suyun içərisindədir. Belə rəvayət olunur ki, bir vaxtlar bizim tarixi abidəmiz də dənizin qoynunda olub, sonradan suyun çəkilməsi nəticəsində quruda qalıb. Üsküdar o qədər böyük yerdir ki, bir gün gəzməklə ancaq bir neçə yerini görə bilərsiniz. Buranı gəzmək üçün əməlli-başlı vaxt lazımdır. Üstəlik, bura enişli-yoxuşludur. Yuxarıdan aşağı enəndə bir anlıq yıxılacağını düşünürsən. Az qala hər daşına şəhərin baş hərfi həkk edilmiş Üsküdar İstanbulun, hətta Türkiyənin bir çox yerləri kimi tarixi abidələri, türbələri, məscidləri ilə məşhurdur. Bir neçəsinin adını çəkdikdən sonra, nəhayət, getdiyimiz ilk türbə ilə sizləri də tanış edəcəyik. Əziz Mahmud Hüdayi türbəsi (16-cı əsr), Altunizadə məscidi (19- cu əsr), Validə Atik məscidi (16-cı əsr), Şəmsi Paşa Külliyyəsi (16-cı əsr), Əbdüləziz ov malikanəsi (19-cu əsr), Ayazma məscidi (18-ci əsr) və s. Əziz Mahmud Hüdayi türbəsi Türbənin tarixi 16-cı əsrə gedib çıxır. Türbədə Hüdayi Həzrətləri ilə yanaşı, ailə üzvləri də dəfn olunub. Əziz Mahmud Hüdayi kimdir? Oxucularımızı çox da yormamaq üçün Əziz Mahmud Hüdayi Həzrətləri haqqında yalnız bunu deyəcəyik ki, o, Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir altqrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvətiyyə təriqətinin qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa edib. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan alıb. Burada ilk tanış olduğumuz məscidlərdən biri isə Rumi Mehmet Paşa məscidi oldu. Rumi Mehmet Paşa məscidi Üsküdarın ən böyük və ən sıx bölgəsində yerləşən köhnə Osmanlı məscididir. Rumi Mehmet Paşa məscidi Boğaz sahilində və Üsküdar mahalında yerləşən Şəmsi Əhməd Paşa, Yeni Validə və Mihrimah Sultan məscidlərinə yaxın yerləşir. Biz bu məscidlər arasında sizə ən maraqlı gələ biləcək Şəmsi Əhməd Paşa məscidindən danışacağıq. Məscidin digər adı isə Quşqonmazdır. Öz adına məscid tikdirmək istəyən paşa bu istəyini dövrünün ən yaxşı memarı Memar Sinana deyir. Bir də paşanın Memar Sinandan xahişi bu olur ki, məscidə quş qonmasın. Memar Sinan da dühasından istifadə edərək işə başlayır və şimal və cənub küləklərinin qovuşduğu nöqtənin Üsküdarda olduğunu aydınlaşdırır. Memar Sinan küləklərdən faydalanmaqla yanaşı, dalğalardan da istifadə edir. Necə? O, şimaldan və cənubdan gələn küləklərin kəsişdiyi, dalğaların sahilə vurduğu nöqtədə quşların titrəyiş səslərinə məruz qalacağını müəyyən edir və beləliklə, məscidin yerini dəqiqləşdirərək, onun inşasına başlayır. Məscid Üsküdar sahilində kvadrat şəklindədir. Kvadrat planlı məscidin yonma daşdan günbəzi səkkizguşəli təməl üzərində dayanır. Həyətində biri dəniz tərəfə, digəri isə parka açılan iki qapısı var. Məscidin minarəsi əsas tikilidə və küncdə yerləşir. Şəmsi Paşa təəssüf ki, məscidin açılışını görə bilmir. Məscid paşanın 1580-ci ildə vəfatından bir il sonra açılır. Onun özü də burada basdırılır. Nəhayət, çoxumuzun ancaq şəkillərdən və ya filmlərdən gördüyümüz, çoxlarının sevgi etiraflarına şahid olan o abidə: "Qız qalası"... Tarix boyu bəzən mayak, bəzən gözətçi qülləsi kimi istifadə olunan qala haqqında çox rəvayətlər danışılır. Onlardan biri də İstanbulun digər məşhur qalası olan Qalata qülləsi ilə bağlıdır. Deyilənə görə, Qalata qülləsi ilə Qız qalası bir-birini sevir. Amma bir-birilərinə qarşı keçirdikləri hisslərdən xəbərləri olmur. Bir dəfə Hezarfen Əhməd Çələbi (Haşiyə: Rəvayətə görə, Hazerfen Əhməd Çələbi uşaqlıqdan bəri uçmaq arzusunda olur. Bu məqsədlə də quşların elmini öyrənir. Nəhayət, özünə qanad düzəldərək bu istəyini reallaşdırır və həmin uçuş vaxtı iki qalanın sevgisinin müjdəçisi olur) Qalata qülləsindən uçaraq dənizi keçəndə Qalata qülləsi Qız Qalasına duyğularını dilə gətirən bir məktub göndərir. Deyilənə görə, o vaxt sevgilərinin qarşılıqlı olduğunu öyrəndikləri üçün hər iki qala indiyə kimi (hətta bir-birlərindən çox uzaq olsalar belə) dimdik ayaqda dururlar. "Tarixi binaların hamısı qorunurmu?" deyə burada insanlara sual da verdik. "Əksərən qorunur, ya da bərpa edilir" dedilər. Yəqin ki, dəniz sahilində olub qağayılara tamaşa etməməyi və ya onlara yem verməməyi ağlınızdan keçirməzsiniz. Adətən, filmlərdə gördüyümüz həmin səhnələri sahilə gələn hər kəs istər-istəməz həyata keçirir. Burada çoxlarının əlində simit qağayıları yedirdiyini görəcəksiniz. Simit satanlar isə sanki qağayılarla dostdurlar. Onların atdığı simit parçlarını quşlar göydə tuturlar. Beləcə, İstanbulla tanış olduğumuz ilk yer barədəki yazımızı burada tamamlayırıq. Növbəti yazılarımızdan birində Beşiktaşla tanış olacağıq. Yazımızı oxuyaraq gözəl istirahət etməyiniz niyyəti ilə...