Mahmud Adəmoğlu 
 

Novruz - Azərbaycanın çox sevilən milli bayramlarından biridir. Tərcüməsi "Yeni gün" demək olan bu bayram, əslində, fəslin dəyişməsi, yeni mövsümün başlanması deməkdir. Fikrimizi əyani şəkildə əsaslandırmaq üçün sadə bir təcrübəya baş vuraq. Divardakı saata baxın, ən yuxarıda 12, ən aşağıda 6, solda 9, sağda 3 rəqəmlərinə diqqət edin. Bu rəqəmlərin hər biri, əslində, simvolik olaraq bir fəslin başlanğıcını göstərir. 9 gecə ilə gündüzün bərabərliyini, yazın gəlişini göstərir. Bu bərabərlikdən sonra gecələr qısalmağa, günlər uzanmağa başlayır və zirvədə, yəni 12-də ən uzun gün yaşanır. Ən uzun gün yay fəslinin başlanğıcıdır. Yayın girməsi ilə günlər qısalmağa, gecələr uzanmağa başlayır və 3-də, yəni növbəti gecə-gündüz bərabərliyində payız başlayır. 6-da, yəni ən qısa gün, ən uzun gecədə qış girir. Klassık ədəbiyyatda qışın girdiyi ən uzun gecəyə məcazi mənada "şəbi-yelda" deyilir və bir çox şairlərin əsərlərində bu ifadəyə rast gəlmək mümkündür. Göründüyü kimi, Novruz, əslində, müəyyən coğrafiya üçün təbiətdə baş verən dəyişikliyi ifadə edir. Bu mənada, Novruz hansısa xürafatı deyil, konkret elmi bilikləri ehtiva edir. Novruz zəhmət, əkin mövsümünün başlanğıcıdır. Bilindiyi kimi, qışın son ayında, yəni boz ayda Novruzun müjdəçisi sayılan dörd çərşənbə var. Bəzi rayonlarımızda yalançı da deyilən ilin ilk çərşənbəsi su çərşənbəsi adlanır. Su çərşənbəsi, adətən, havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxtla üst-üstə düşür. İkinci çərşənbə od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar. Üçüncü çərşənbə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə, demək olar ki, ancaq küləyin hesabına baş verir. Belə ki, külək tozlanma vaxtı çatmış tumurcuqları "oyadır" və onları tozlanmaq üçün birləşdirir. Dördüncü və ilaxır çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Əkin yerlərində də işlər elə məhz torpaq çərşənbəsindən sonra başlayır. Xalqımız bu bayramı hər il xüsusi təntənə ilə qeyd edir. Evlərdə süfrə açılır, plov süzülür, şəkərbura, paxlava göz oxşayır, insanlar bir-birini təbrik edir, xoş sözlər deyirlər. Əslində, Novruz bayramının bütün atributları, əl əməyini, alın tərini, zəhməti, bərəkəti təmsil edir. İstər göyərtdiyimiz səmənilər olsun, istər buğda qovurğası, istər Novruz süfrələrinin olmazsa-olmazı olan qoz, fındıq, innab, iydə kimi meyvələr, istər süfrələri bəzəyən şəkərbura, badambura, paxlava, qoğal..., hər birində zəhmət var, bərəkət var. İlin axır çərşənbəsində uşaqların ərk elədikləri qapılara papaq atmaları səmimiyyətdir, doğmalıqdır və heç vaxt unudulmayacaq xatirələrdir. Yumurta döyüşdürmək, tonqal üstündən tullanmaq, gecənin bir yarısına qədər deyib-gülmək ta qədimdən bəri uşaqların ən sevimli əyləncələridir. İsmayıl Şıxlının ssenarisi əsasında çəkilmiş "Dəli Kür" bədii filmində xalqımızın keçmişdə Novruzu necə təntənə ilə keçirməsi geniş nümayiş olunur. Təəssüflər olsun ki, bir çox dini rituallarımızda olduğu kimi, Novruz anlayışında da bir xeyli xürafat özünə yer tutur. Məsələn, qapı pusmaq... Belə deyirlər ki, qapı pusursan və eşitdiyin ilk söz sənin taleyinlə bağlı müəyyən işarələr verir. Əvvəla, onu deyək ki, qapı pusmaq ədəbsizlikdir, ikincisi də, eşitdiyin ilk sözdən gələcəklə bağlı qənaət çıxarmaq falçılıq kimi bir şeydir ki, başdan-ayağa xürafatdır. Yaxud da, sübh zamanı su üstünə gedib arzularını, istəklərini söyləmək... İnsanın bir arzusu və ya bir istəyi varsa, onun hasil olması üçün boynuna düşən vəzifələri yerinə yetirir, sonra da əl açıb dilədiyini Allahdan diləyir. Su üstünə getmək, suya arzularını söyləmək nə deməkdir, bunu anlamaqda çətinlik çəkirik. Ya da suya açar salmaq, sübh vaxtı axar sudan gətirib qapıya səpmək... Yuxarıda dediyimiz kimi, bunlar hamısı cəhalətdir və bu cür hallardan uzaq olmaq lazımdır. Çinin göy üzündə süni günəş, süni planetlər düzəltməyə hazırlaşdığı, güclü dövlətlərin kosmosdan dünyadakı hər şeyi nəzarətdə saxlamağa çalışdığı bir vaxtda gələcək taleyindən xəbər tutmaq üçün qonşu qapısı pusmaq, ya da arzunu, istəyini suya danışmaq sözlə ifadə edilməyəcək qədər gerilikdir. Biz, əslində, hər şeydə bir xeyir qapısı axtarmalı, bu cür əlamətdar günləri müsbət mənada dəyərləndirməyə çalışmalıyıq. Dostları, qohumları ziyarət etmək, ağsaqqallara, ağbirçəklərə baş çəkmək, sevdiklərimizə dəyər verdiyimizi bir daha xatırlatmaq (heç olmasa zəng edərək), imkansızları sevindirmək, dərdlilərdən hal-əhval tutmaq xoş davranışlardır. Biz qalib xalqın övladları, müzəffər ölkənin vətəndaşlarıyıq. Bu bayramda xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü üğrunda canından keçmiş şəhidlərimizi rəhmətlə, sevgi ilə yad etmək, onların məzarlarını ziyarət etmək, ruhlarına Fatihə oxumaq, ailələrinə baş çəkmək hər birimizin vətəndaşlıq borcudur. Biz təktək olanda, bölünəndə bayram da bayram olmur. Bayram birlik deməkdir, qardaşlıq, doğmalıq deməkdir, bir-birimizi sevmək deməkdir. Bayram onda bayram olur ki, ruhunda sevgi olsun, səmimiyyət olsun, qardaşlıq ruhu, doğmalıq ovqatı olsun. Sevin, sevilin, yeni günə, yeni ilə yeni duyğularla qədəm qoyun. Novruz bayramınız mübarək olsun!