...Səhər yeməyi üçün süfrə arxasındasınız. Qızınız qəhvə ficanına toxunur və qəhvə köynəyinizə tökülür. Bu hadisədə sizin heç bir rolunuz yoxdur. Lakin bundan sonra baş verənlər artıq sizin hərəkətinizdən asılıdır. Gileylənməyə başlayırsınız. Qəhvəni üstünüzə tökdüyü üçün qızınızı məzəmmətləyirsiniz. Təbii ki, qızınız da pərt olur və ağlamağa başlayır. Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız. Beləliklə, mübahisə başlayır, əsəbləriniz bir az da gərilir. Yan otağa keçib köynəyinizi dəyişirsiniz. Qayıdanda qızınızın ağlamaqdan gözlərinin qızardığını görürsünüz. Üstəlik, səhər yeməyini yemədiyinin şahidi olursunuz. Təbii ki, vaxtında süfrədən qalxmadığı üçün qızınız avtobusa gecikir. Həyat yoldaşınız işə gecikməmək üçün tez-tələsik evdən çıxır. Siz də qanıqara maşınınıza minirsiniz və qızınızı məktəbə qoymaq üçün yola çıxırsınız. Gecikdiyiniz üçün saatda 60 km sürətlə getməli olduğunuz halda, saatda 90 km sürətlə gedirsiniz. 15 dəqiqə gecikdikdən və qaydanı pozduqdan sonra (təbii ki, cərimə ödəmək şərti ilə) məktəbə çatırsınız. Qızınız sizinlə sağollaşmadan məktəbə qaçır. 20 dəqiqədən sonra işə gəlirsiniz. Bu vaxt çantanızla birlikdə bütün sənədlərinizi evdə unutduğunuzu görürsünüz. Beləliklə, iş gününüz xoşagəlməz hadisələrlə başlayır. İş gününüzü başa vurduqdan sonra evə çatırsınız. Əvvəlki sərt ab-havanın hələ də davam etdiyini görürsünüz. Bəs bütün bunlara səbəb nə idi? Qəhvə, qızınız, polis, yoxsa siz? Cavab: Əlbəttə ki, siz. Bəli, hadisələrin belə cərəyan etməsində günahkar sizsiniz. Əslində isə belə olmalı idi: ...Səhər yeməyi üçün süfrə arxasındasınız. Qızınız qəhvə ficanına toxunur və qəhvə köynəyinizə tökülür. Siz nəzakətlə: "Eybi yoxdur, qızım. Gələn dəfə diqqətli ol", - deyirsiniz. Sonra yan otağa keçirsiniz. Köynəyinizi dəyişib otaqdan çıxırsınız. Bu vaxt pəncərədən qızınızın sizə əl etdiyini və avtobusa mindiyini görürsünüz. Siz və həyat yoldaşınız evdən çıxmazdan əvvəl sağollaşırsınız. Çantanızı götürüb evdən çıxırsınız. Evdən vaxtında çıxdığınız üçün işə 5 dəqiqə tez gəlirsiniz. Əhvali-ruhiyyəniz çox yaxşıdır. Hətta hamı sizin əhvali-ruhiyyənizdən danışır. İki müxtəlif ssenari. İkisi də eyni cür başladı, ancaq ikisi də başqa cür qurtardı. Niyə? Niyəsi 90/10 prinsipindədir. Təəssüf ki, çoxumuz bunu başa düşmək istəmirik. İndi də 90/10 prinsipi haqqında. Həyatın 10 faizi başınıza gələnlərdən ibarətdir. Qalan 90 faizi isə sizin başınıza gələnlərə münasibətinizdən. Bəzən xəstələnirsiniz, bəzən maşınınız xarab olur, bəzən təyyarə gecikir və bütün planlarınız alt-üst olur, bəzən də marşrutda sürücü sizi hövsələdən çıxarır. Bəs nəticə? Nəticə, əsəb, stress, başağrısı. Deməli, əsas məsələ hadisələrin necə baş verməsində yox, bizim hadisələrə necə münasibət göstərməyimizdədir.