Arximed e.ə. 200-cü illərdə (e.ə. 287-e.ə. 212) Siciliyada doğulan və elə burada da saray mühitində böyüyən bir riyaziyyatçıdır. Atası Fidi də kralın riyaziyyatçısı idi və ona görə də, II Hieron və Arximed dost idi. Ancaq Arximedin Siciliyadakı xoşbəxt günləri çox sürmədi. Bir qədər sonra II Hieron öldü. Onun yerinə isə gənc və təcrübəsiz oğlu keçdi. Dünyanın o dövrdəki siyasi şəraitini heçə sayan yeni kral Kartacanın tərəfini tutdu. Roma isə bunu cəzalandırmaq üçün bir donanmasını Siciliya adasına göndərdi. O vaxt Kartaca ilə müharibədə olan Roma üçün bu çox gözəl bir fürsət idi. Çünki bununla Roma kiçik bir adanı fəth edəcək və beləliklə də, əsgərlərinə böyük bir hədiyyə verəcəkdi. Ancaq donanmanın başçısı Mark Klavdi Marseli bir sürpriz gözləyirdi. Çünki Siciliya adasını əsgərlər yox, riyaziyyatçı Arximed qoruyurdu. Roma donanması əvvəlcə qarşısında Arximedin düzəltdiyi mancanaqları gördü. Uzaq mənzilli bu mancanaqlarla gəmilərinin vurulduğunu görən Marsell bu dəfə quruya əsgər çıxararaq yaxın mənzilli döyüşə keçdi. Çünki o dövrdə belə silahlar bir yerdən başqa yerə gedə bilmirdi və uzaq mənzilli mancanaqlar yaxın mənzilli döyüşlərdə işə yaramırdı. Əlbəttə ki, belə bir manevrlə Marsell özünün nə qədər təcrübəli bir sərkərdə olduğunu da göstərirdi. Ancaq bu mancanaqları Arximed icad etmişdi və kiçik dəyişikliklə onları yaxın mənzildə də istifadə etmək mümkün idi. Marsell ilk hücumda qarşılaşdığı bu ağır təcrübədən sonra əsgərlərini geri çəkmək məcburiyyətində qaldı. Halbuki bu, Arximedin hələ ilk sürprizi idi. Sonrakı günlərdə Arximed qala divarlarına yaxınlaşan gəmiləri ling mexanizmi ilə qaldırıb suya vurmaqdan güzgülərlə gəmilərin yelkənlərini yandırmağa qədər bir çox kəşfini sınaqdan çıxardı. Hətta siciliyalı əsgərlər Arximedin yaratdığı bu xofdan istifadə edərək döyüşün qızğın yerində qala divarlarından aşağı bir ip sallayır və Roma əsgərləri də Arximedin yeni bir silah kəşf etdiyini düşünərək geri çəkilirdilər. Bir qədər sonra donanmasının Arximedin müdafiəsi qarşısında çarəsiz qaldığını görən Marsell sərkərdələrini topladı və onlardan: "Bu qoca riyaziyyatçını nə vaxt məğlub edəcəksiniz?" - deyə soruşdu. Bəli, Marsell üçün Siciliya əsgəri yox idi. Onun üçün Siciliya riyaziyyatçısı var idi. Nəticədə, Marsell şəhəri döyüşlə ala bilməyəcəyini görüb onu mühasirəyə aldı. Məqsədi isə şəhər aclıqdan təslim olana qədər onu mühasirədə saxlamaq idi. Artıq Arximed burada çarəsiz idi və çox keçmədi ki, şəhər təslim oldu. Şəhərə hücum edən əsgərlərdən biri Arximedi qumların üzərində hansısa həndəsi məsələni həll edərkən gördü. "O yaşlı riyaziyyatçı sənsən?" - deyə əsgər Arximeddən soruşdu. Sualına cavab almamış: "Marsell səni tələb edir", - deyə əlavə etdi. Arximed isə: "Bu məsələni həll etməmiş gələ bilmərəm!" - deyə təkid etdi. Arximedin bu təkidini həzm edə bilməyən əsgər qılıncını çəkdi və böyük Roma əsgərinin sözünü yerə salan bu yaşlı adamı öldürdü. Deyilənə görə Marsell bu hadisədən çox məyus oldu və Arximedi təntənəli bir mərasimlə dəfn etdi.