Adi halda insanlar səsləri eşidirlər, ancaq Timoti Leyden adlı rəssam fiqurları "eşidir". Sinesteziya qabiliyyətinə malik olduğunu, həmçinin, beş hissindən bir neçəsinin eyni vaxtda birləşdiyini bildirən Leyden: "Ətrafımda kvadratlar və üçbucaqlar görürəm. Gözümün qarşısındakı boşluğa bu fiqurların inikas etdiyinə şahid oluram. Hətta bəzən bu fiqurların rəngləndiyi vaxtlar da olur", - deyir. Sinesteziya yunan dilində iki sözün birləşməsindən meydana gəlir: "syn" (birləşmə, birlik və ya ittifaq) və "aisthesis" (qavrama, hiss etmə və ya dərk etmə) deməkdir. Sinesteziya qabiliyyəti olan bir insanın (onlara başqa cür sinestetiklər də deyirlər) "O" hərfini mavi rəngdə görməsi və ya bu qabiliyyətə malık bir insan üçün bir musiqi melodiyasının pambıq şəkəri dadı verməsi heç də qəribə deyil. Ümumilikdə isə sinesteziya hisslərin birləşməsi - kombinasiyası şəklində tərif edilir. Rəngli eşitmə və rəngli görmə isə ən çox müşahidə edilən sinesteziya növlərindən biridir. Sinesteziyanın ortaya çıxdığı tarix dəqiq məlum olmasa da, Qədim Yunanıstanda müxtəlif sinestetik hadisələrə rast gəlinmişdir. Məsələn, eradan əvvəl 500-cü ildə sinesteziya məfhumunu ilk dəfə ortaya atan Pifaqor olmuşdur. Bir neçə əsr sonra isə Oxford Universitetində aparılan bir araşdırmada siqnal səsinin kor bir adama qırmızı rəngi "xatırlatdığını" göstərən ilk hadisə qeydə alınmışdır. Ancaq XX əsrin ortalarında sinesteziyanı psixoloqlar da öyrənməyə başladılar və sinesteziyanın, əslində, bütün insanlar üçün xarakterik olduğunu sübut etdilər. Düzdür, həyatda hər kəs kiçik sinestetik hadisələrlə qarşılaşa bilər. Ancaq həyatda bu qabiliyyəti özündə daha çox əks etdirən insanlar da var. Bu insanların inkişaf etmiş yaddaşa malik olduqları deyilsə də, hələ ki, bu nəzəriyyəni isbat edəcək bir araşdırma yoxdur. Sinesteziya hər 23 nəfərdən birində müşahidə edilir. Bu məsələdə kişi və qadınlar arasındakı nisbət də eynidir. İndiyə qədər sinesteziyanın 60-dan çox növü məlumdur. Ancaq sinesteziyanın ən azı 150-dən çox növü olduğu ehtimal edilir. Bu qabiliyyətin nə qədər genetik və ya nə qədər sonradan öyrənilən bir qabiliyyət olduğunu demək isə hələlik mümkün deyil. Sinesteziya qabiliyyəti olan insanlarda sənətə qarşı bir sevgi, bir həvəs müşahidə olunur. Hətta bir çox tanınmış sənət adamları da bu kateqoriyaya daxildir. Məsələn, Paul Klee və Vasili Kandinski kimi rəssamlar müəyyən bir ritmi kətan üzərində sətir, rəng və ya forma kimi çəkə bilirdilər. İohann Volfqanq Höte isə həndəsi fiqurları özünəməxsus rənglərlə qeyd edirdi (məsələn, dairə - göy, ücbucaq - sarı və s.). Artur Rembo (fransız şairidir) yazırdı ki, "A" səsi - qara, "E" səsi - ağ, "İ" səsi - qırmızı, "U" səsi - yaşıl, "O" səsi - mavi rəngdədir. İvan Bunin isə (rus yazıçısıdır) daha dərinə gedir, rus əlifbasındakı bütün hərflərin öz rəngi olduğunu deyirdi. Musiqiçilər arasında da bu qabiliyyətə malik insanlar az deyil. Hətta bəzi musiqiçilər notları rəngli eşidir (xromesteziya), bəziləri isə notları rəngli görürlər. Məsələn, 19-cu əsrdə yaşamış macar bəstəkarı Frans Listin bir dəfə orkestrdən bir az da "maviyə yaxın" çalmalarını istədiyi məlumdur. Sinesteziya vaxt keçdikcə ardıcıl şablonlar şəklində təzahür edir. Məsələn, "N" hərfini tünd rəngli bir lavanda kimi dərk edən bir insan daha sonra da bu hərf eyni şəkildə dərk edir. Aparılan araşdırmalar sinestetiklərin real dünyadakı rənglərlə öz dünyalarındakı rənglər arasındakı fərqi şüurlu şəkildə ayırd etdiklərini göstərir. Başqa bir araşdırma isə bir sinestetikin "A" hərfini fədakar bir ana, "B" hərfini isə onun həyat yoldaşı kimi gördüyünü müəyyən etmişdir. Bir maraqlı fakt isə hərflərin və rəqəmlərin ailələr, qruplar və hətta cəmiyyətlər şəklində müşahidə edilməsidir. Rəqəmlərlə bağlı sinesteziya hadisələrində bu rəqəmlərin müəyyən bir məkanda yerləşməsindən də söhbət gedir. Məsələn, bu qabiliyyətə malik insanlardan sıfır rəqəmini sağ çiyninin altında görənlər də var. Təbii ki, bu kimi hallar təkcə rəqəmlərə yox, hərflərə, hətta günlərə və aylara da aiddir. Məsələn, bir sinestetik belə deyir: "Bu gün həmişə qarşımdadır. Sabah sağ tərəfimdə gedir. İyun və iyul sadə, ancaq meyilli bir körpünün üzərindədir. A, N və U hərfləri isə bir sütün şəklindədir". Çoxlarımız üçün sıfırın ancaq bir xüsusiyyəti var, o da onun sıfır olmasıdır. Ancaq rəqəm-rəng sinesteziyası olan bir insan üçün sıfır sıfır olmaqla yanaşı, həm də qara deməkdir. Yəni, bu insan üçün sıfırlıq və qaralıq xüsusiyyətləri heç də bir-birindən ayrı deyil. Sinesteziya qabiliyyəti olan Dann Steyskal 2014-cü ildə etdiyi bir TEDx çıxışında musiqi parçasını dinləyərkən hansı rəngləri gördüyünü tamaşaçılara göstərmək üçün bir yol tapdı. O, gitarasına əlavə etdiyi xüsusi bir mexanizmlə gitaranın hansı simlərinə toxunanda hansı rəngləri gördüyünü rəngli lampalarla göstərdi. Sinesteziya çox nadir hallarda diqqət dağılmasına səbəb olur və çox nadir hallarda o insan üçün problem təşkil edir. Metafor və konnotasiyalardan fərqli olaraq sinesteziyada neyropsixoloji bir vəziyyət mövcuddur. Bu baxımdan, sinesteziya ilk baxışdan bizi normal idrak anlayışımızı mühakimə etməyə sövq edir. Ancaq bu da bir həqiqətdir ki, sinesteziya ruhi bir xəstəlik deyil. Məlum sinesteziya növlərindən biri də "gözlə eşitmək"dir. Gözlə eşitmək ilk baxışda bizə qəribə gəlsə də, əslində, bir səs yayılanda ətrafdakı cisimlərdə müəyyən vibrasiyalar meydana gəlir. Ona görə də, bu vibrasiyaları həssas kameralarla qeyd edərək, həmçinin, müəyyən modelləşdirmələr apararaq, səsi sintezləmək, yəni təkrar "istehsal etmək" mümkündür. Bu baxımdan, xüsusi texnikalar vasitəsilə bir çıxışı orijinal bir şəkildə olmasa da, ona yaxın bir şəkildə yenidən istehsal etmək olar. Məsələn, adi halda qulaqla eşitmək mümkün olmayan bir danışığı "görərək eşitmək" mümkündür. Çünki bu gün danışanın yaxınlığındakı bir kağıza, bir stəkana və ya bir yarpağa xüsusi kameralar vasitəsilə fokuslanan və mövcud vibrasiyaları qeyd edərək bu vibrasiya qrafikalarını səs kimi yenidən istehsal edən sistemlər mövcuddur. Mühyiddin ibn Ərəbi Həzrətlərinə görə isə hərflər təkcə bir simvol deyil və hər hərfin özünəməxsus bir aləmi var. Bu isə o deməkdir ki, bu dünyadakı və kainatdakı varlğı heç də insanın beş hissi ilə məhdudlaşdırmaq doğru deyil. Əgər bir gün kimsə sizə "Kitab sözünün rəngi yaşıldır" və ya "Novruzgülünün ətri qübbə şəklindədir" desə, bunun təkcə bir bənzətmə olduğunu düşünməyin və ən əsası sinesteziya qabiliyyəti olan bir insanla qarşılaşdığınızı unutmayın.