Fraza jurnalı 
 

Bir professor sosiologiya fakültəsində oxuyan tələbələrini Baltimor şəhərinin kənar məhəllələrindən birinə göndərdi və o məhəllələrdə yaşayan 200 uşağın gələcəyi haqqında rəy verməyi xahiş etdi. Nə qədər qəribə olsa da, tələbələr hamısı bu uşaqların gələcəkdə heç bir perspektivə malik omadıqlarını bildirdilər... Bu hadisədən iyirmi beş il keçdi. Başqa bir professor bu işləri tapdı və tələbələrindən bu layihəni davam etdirməyi xahiş etdi. Tələbələr o məhəllədən köçən 20 uşaq istisna olmaqla qalan 180 uşaqdan 176-nın qeyri-adi uğur əldə etdiklərini, hətta vəkil, həkim və iş adamı olduqlarını ortaya çıxardılar... Professor çox təəccübləndi və bu məsələni araşdırmağı qərara aldı. Uşaqların hamısı o məhəllədə yaşadıqları üçün onlarla bir-bir görüşdü. Professorun: "Necə oldu ki, belə uğur qazandınız?" sualına isə hamısının verdiyi cavab eyni idi: "Məhəllə məktəbində müəllimimiz var idi. Bizə o kömək etdi..." Bu cavablar professoru daha da təəccübləndirdi. Və bu işin sirrini öyrənmək üçün yaşlı müəllimə ilə görüşməyi qərara aldı. Müəllimə də eyni məhəllədə yaşadığı üçün onu tapmaq o qədər də çətin olmadı. Və nəhayət ertəsi gün professor onu görmək üçün evinə getdi... Budur, yaşlı qadın qarşısında idi. Üzünü dərin qırışlar örtsə də, öz alicənablığından heç bir şey itirməmişdi. Professor maraqla yaşlı qadından bu uşaqları necə tərbiyə etdiyini soruşdu. Bir anlıq yaşlı qadının gözləri parladı. Və dodaqlarının kənarında qeyri-adi bir təbəssüm göründü. Elə bu təbəssümlə də: "Çox sadə", - dedi, - "Mən o uşaqları çox sevdim"...