Uğur nədir? Uğur sahib olduğumuz istedadla zəhməti birləşdirərək, üstəlik, ətrafımızdakı hər kəsdən daha çox səy göstərərək, əldə etdiyimiz bir dərəcədir. Uğur kortəbii və ya təsadüfi bir hadisə deyil. Bəzən uğur hekayələri həvəsləndirici ola bilər, bəzən də əksinə uğur qazanan insan o qədər çətinliklərlə istəyinə nail ola bilər ki, bu bizi həvəsləndirməz. Hər sayımızda olduğu kimi, jurnalımızın bu sayında da uğur hekayəmizin bir qəhrəmanı var. Və budəfəki qəhrəmanımız - Teymur Sadıqovdur. Teymur Sadıqov Bakı şəhərində anadan olub. O, Bakıdakı 211 saylı məktəbi bitirib. Teymur Sadıqov hələ kiçik yaşlarından istedadı ilə seçilib. Belə ki, o, əlavə imtahan verməklə 3-cü sinifi oxumadan, ikinci sinifdən birbaşa dördüncü sinifə keçib. Teymur İstanbul Texniki Universitetinin Aeronavtika və Astronavtika fakültəsinin Aviasiya Mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. O, 2008-ci ildə həmin universitetdən universitet birincisi kimi bakalavr dərəcəsi ilə məzun olub. Bu nəticə həmyerlimizin universitetin qurulduğu 1773-cü il tarixdən bu günə qədər 4.00 üzərindən 4.00 ortalama qiymətlə məzun olan ilk tələbə kimi tarixə düşməsinə səbəb olub. Teymur Sadıqov həm də dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır. O, NASA-nın Reaktiv Hərəkət laboratoriyasında qərar və nəzarət qrupunda elmi işçi kimi fəaliyyət göstərib və robotlaşdırılmış sistemlərin qiymətləndirilməsi, Mars planetindəki üçüncü nəsil "Curiosity Rover" kosmik kəşfiyyat aparatının avtonom (insansız) idarə olunması, eləcə də, JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom idarə olunması kimi layihələrin iştirakçısı olub. İstanbul Texniki Universitetində Aeronavtika və Astronavtika fakültəsinin Aviasiya Mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıqov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa, o, yanacaq hüceyrəsi ilə işləyən yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. 2008-ci ildə Kaliforniya Universitetinin San-Dieqo Kampusunda Mexanika və Aerokosmik Mühəndislik fakültəsində Powell Fondu təqaüdçüsü kimi təhsilə başlayan Teymur Sadıqov çoxrobotlu sistemlərin kooperativ və ümumi nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqatlar aparıb. Gənc həmyerlimizin sözlərinə görə, onun bu universiteti seçmə səbəblərindən biri də soyuq iqlimi sevməməsi olub. Bu universitetdən 2010-cu ildə əla qiymətlərlə Mexanika Mühəndisliyi ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub. Teymur Sadıqov 2010-cu ildə məşhur alim Vassim Haddadın dəvəti ilə ABŞ-ın ən böyük və yüksək reytinqli Corciya Texnologiya İnstitutunun Aerokosmik Mühəndislik fakültəsində doktorantura dərəcəsində təhsilə başlayıb. 2015-ci ildə aerokosmik elmlər doktoru dərəcəsi ilə bu fakültədən məzun olub. Bundan başqa o, Corciya Texnologiya İnstitutunda riyaziyyat üzrə magistr dərəcəsi də alıb. Sadıqov bütün təhsıl ocaqlarında olduğu kimi, bu təhsıl ocağında da təhsilini əla qiymətlərlə başa vurub. Onun doktorantura təhsili Amerikan Hərbi Hava Qüvvələri Elmi Tədqiqat İdarəsi (AFOSR) və NASA Drayden Uçuş Araşdırma Mərkəzi (yeni adı ilə Armstronq Uçuş Araşdırma Mərkəzi) layihələri ilə maliyyələşdirilib. Teymur Sadıqov ali təhsili ərzində dünyanın ən nüfuzlu jurnallarında 12-dən çox məqalə dərc etdirib. Həmyerlimiz 2013-cü ildə "United Technologies Corporation" ("Birləşmiş Texnologiyalar Korporasiyası") təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robot Sistemləri laboratoriyasında avtonom vertolyotların şəhər mühitində təhlükəsiz optimal trayektoriya planlaşdırması ilə bağlı elmi tədqiqatla məşğul olub. Bu layihə vertolyotların avtonomlaşdırılması üçün planlaşdırılıb. Onun NASA-da işləməsinə səbəb təşkilatın onun universitetinə müraciəti olur. Təşkilat universitetdən avtonomlaşdırma sahəsi üzrə ekspertlər tələb edir. Universitet isə bura həmyerlimizin getməsini məsləhət bilir. Beləliklə, NASA-da işləyən ilk azərbaycanlı kimi qürur mənbəyimizə çevrilir. Teymur burada bir neçə layihə üzərində işləyir. Onlardan biri isə Amerika Dəniz Donanması ilə bağlı layihə olur. Bundan sonra isə ona 2015-ci ildə "Mercedes-Benz"dən iş təklifi gəlir. O, bu şirkətə baş mühəndis gedərək, "Silikon Vadisi"nə köçür. Növbəti məşhur şirkətdə isə onun işlədiyi layihə 2030-cu il üçün nəzərdə tutulmuş maşın layihəsi olur. Hansı ki, maşın magistral şəraitdə özünü avtonom şəkildə idarə etməli idi. Teymur bu layihənin beyin hissəsinə nəzarət edir. Sadıqov 2 il burada işlədikdən sonra oradan çıxaraq, başqa bir "startup"a keçid alır. Buradan da uzaqlaşdıqdan sonra səyahətlə məşğul olur. Sonra isə o, özü bir neçə şirkətə sahib olur. Onlardan biri "Silicon Valley Investment Group" - investisiyalarla məşğul olan, digəri isə "Consulting" - fərqli "startup"lara konsaltinqlərlə kömək edən şirkətdir. Hansı ki, "startup"lar bu şirkətdən mühəndislik, robot texnikası və süni intellektlə bağlı məsləhətlər alırlar. Həmyerlimiz müsahibələrindən birində qeyd edir ki, onun məqsədi Azərbaycan üçün nəsə etməkdir. Çünki o, hər bir vicdanlı vətəndaş kimi vətəninin inkişaf etməsini istəyir. Vəssalam. Qısa da olsa, bir uğur hekayəmizin də sonuna gəldik. Bəlkə də, çoxumuz uğur hekayəmiz üçün çıxdığımız yolda Teymur qədər uğurlu olmaya bilərik, amma cəhd etməyə və xəyallarımızın ardınca getməyə dəyər. Uğurlar!.