Şərq fəlsəfəsində zərrədə ümmanı, azda çoxu görmək anlayışı var. Həmin düşüncəyə görə, bir gündə bir ilin, bir ildə bəşər tarixinin bütün elementləri ehtiva olunur. Bu mənada yazın gəlişi təbiətdə yeni həyatın başlanğıcını ifadə edir. Dünənə qədər bomboz, qupquru olan torpaqlar rəngbərəng dona girir, ağaclar çiçək-çiçək, yarpaq-yarpaq göz açıb dünyaya boylanır, quşların səsi dünyanı başına götürür, cırcıramalar, böcəklər uçuşur, quşlar hay-həşirlə yuva qururlar, yamyaşıl otların arasında kirpilər, dovşanlar ora-bura qaçışırlar... Yaz həm də ağac əkmək zamanıdır. Ağac əkmək insana zövq verir. Ta qədimdən bəri ağacı ayın aydınlıq günlərində əkiblər. İndi deyəcəksiniz ki, aydınlıq nə deməkdir. Bilirsiniz ki, ay doğulandan sonra 14, ya 15 gün ərzində böyüyür, tam ay olandan sonra da eyni müddət ərzində kiçilir. Ayın doğulduğu vaxtdan tam ay olduğu vaxta qədər olan müddət aydınlıq adlanır. Ağacı da ulularımız məhz bu müddətdə əkməyi məsləhət görürlər. Deyirlər ki, qaranlıq günlərdə əkilən ağacin meyvəsi qurdlu olar. Doğrudanmı belədir, belədirsə, hikməti nədir, daha orasını bilmirik. Bildiyimiz odur ki, ağac əkəndə əvvəlcə onun köklərinin uclarını vururlar, əgər tingin boyu uzundursa, başından bir qədər kəsirlər ki, köklər suyu başa qədər çatdıra bilsin. Artıq budaqları da kəsib atır, cəmi bir neçəsini saxlayırlar. Tingin dibini möhkəmcə tapdalayıb bərkidir, yanına dayaq basdırır, tıngi də ona bağlayırlar ki, külək zərər verməsin. Ağacı əkən kimi də dibini yaxşıca sulayırlar, buna can suyu deyilir. Su verəndən sonra da ağacın dibini möhkəm tapdalayırlar ki, orada hava qalmasın. Bəzən elə olur ki, ağac əkiləndən 10-15 gün sonra çiçək açır, yarpaqlayır, amma bir müddətdən sonra yavaş-yavaş quruyur. Bu onu göstərir ki, ağac canındakı suyun hesabına çiçək açır, ancaq kökləri torpağa bağlanmadığı üçün qurumağa başlayır. Ağac əkməklə bağlı çox gözəl bir rəvayət var. Deyirlər ki, bir gün bir padşah başında da əyan-əşrəfi at belində yol gedir. Görür ki, yol kənarında qoca bir kişi ağac əkir. Padşah onu yoxlamaq üçün deyir: - Ay qoca, sən o ağacı niyə əkirsən? Ümid edirsən ki, onun meyvəsini yeyəcəksən? Qoca başını qaldırıb onlara baxır və deyir: - Ay oğul əkiblər yemişik, əkirik yesinlər. Meyvəsini yeməsəm də, inanıram ki, bu ağacın xeyrini görəcəyəm. Meyvəsindən yolçular yeyəcəklər, dua edəcəklər, quşlar yeyəcəklər, dua edəcəklər, heyvanlar yeyəcəklər, dua edəcəklər. Bunlar mənə yetər... Cavab padşahın xoşuna gəlir və bir kisə qızıl çıxarıb qocaya atır. Qoca qızıl kisəsini tutub yuxarı qaldırır və belə deyir: - Mənim ağacım elə ilk gündən meyvə verdi... Könül ərbabları da ağacı canlı biliblər, onunla dərdləşiblər. Gərəksiz yerə ağacın qol-budağını qırmağı zalımlıq sayıblar. Ağacın kəsilən yerindən axan suya göz yaşı deyiblər. Deyiblər ki, ağacın da zikri var, min-min yarpaqları, çiçəkləri ilə Allahı zikr edir. Ağacın meyvəsini onun ibadəti biliblər. O meyvəni yeyən hər kəsin ibadətində o ağacın da payı var deyiblər. Ağaclar yer üzünün ağ ciyərləridir. Hansı tərəfdən baxırsan-bax, ağac insanın xidmətindədir. Ona görə də, ağac əkmək elə insanlığa xidmət etməkdir. Bahar canlanmadır, yenidən oyanmadır. Aqillər hər baharda təbiətin oyanmasını bəşərin ölümdən sonra yenidən dirilməsinin kiçik bir rəmzi kimi qəbul ediblər. Əlbəttə, anlayan, inanan, qəbul edən üçün... Sən də bu karvana qoşul, bir ağac da sən ək. Meyvəsini yemək kimə qismət olar, onu Allah bilir, amma niyyətin doğrudursa, əmin ol ki, mütləq xeyrini görəcəksən...