İnsana ömrü Allah verir. Yaşamaq haqqı verilmiş insanın sağlamlığının qayğısına qalmaq vəzifəsi isə o insanın üzərinə qoyulur. Sağlamlığımızın keşiyində dayanmaq vəzifəsində isə ən yaxın köməkçimiz həkimlərimizdir. Hər dəfə həkimə müraciət edəndə qeyri-ixtiyari olaraq, düşünürük ki, yanına gedəcəyimiz həkim həm savadlı, həm də xaricdə təhsil almış olsun. Şüuraltı beynimizə yerləşdirdiyimiz bu fikirlə düşünürük ki, əgər həkim xaricdə təhsil alıbsa, bu bizim sağlamlığımızın zəmanətidir. Həyatımızı rahat bir şəkildə əllərinə təslim edə biləcəyimiz bu zəmanətli həkimlərimizdən biri də otorinolarinqoloq, həkim-cərrah, uzman həkim Yusif Hacıyevdir.
1981-ci ildə Naxçıvan MR-də anadan olan Yusif Hacıyev 1998-ci ildə Lənkəran Özəl Turk Liseyini bitirdikdən sonra Türkiyə Respublikası Trakya Universitetinin Tibb Fakültəsinə daxil olub və 2005-ci ildə bu fakültəni bitirərək, həkim ixtisasına yiyələnib. 2005-ci ilin sentyabr ayında keçirilən TUS (tıpta uzmanlık sınavı - tibbdə rezidentura imtahanı) imtahanında İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi Kafedrasına daxil olaraq, rezidentura təhsilinə başlayıb. 2011-ci ildə rezidentura təhsilini başa vuraraq, qulaq-burun-boğaz və baş-boyun cərrahı ixtisasını alıb. Rezidenturada oxuduğu muddət ərzində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində kəllə nahiyəsinin endoskopik cərrahiyyəsi və qulaq mikrocərrahiyyəsi sahəsində elmi-praktiki təcrübə keçib. Dr. Yusif Hacıyev Amerikanın Nyu-York şəhərində məşhur "Memorial Sloan Kettering Cancer Center"də tanınmış professor Jatin Şahla qalxanabənzər vəzi (zob) cərrahiyyəsi sahəsində birlikdə işləmək imkanına malik olub. Dr. Yusif Hacıyev eyni zamanda Almaniyanın məşhur "Villa Dahlem" klinikasında Dr. Marietta Hopfun yanında Lazer və Estetik Cərrahiyyə sahəsində elmi və praktiki təcrübə kecib.
Yusif Hacıyevin ABŞ-ın elmi jurnallarında çox sayda məqalələri dərc olunub. Dr. Yusif Hacıyev "American Academy of Otolaryngology-Head and Neck Surgery" və "Türk Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi Cəmiyyəti"nin üzvüdür. Hazırda Azərbaycan Tibb Universiteti Onkologiya Kafedrasının əməkdaşı olan Yusif Hacıyev evlidir, 3 övladı var.

- Amerikada təhsil həyatı nədir? Amerikada tibb təhsili alan, ən azı orada təcrübə keçən həkimlər nə üçün burada təhsil almağın əhəmiyyətini vurğulayırlar?

- Dünyada tibb təhsili və təbabət iki hissəyə bölünür. Amerika və digərləri. Amerikdakı tibbin güclü olmasının əsas səbəblərindən biri tibb təhsilinin güclü olmasıdır. Tibb təhsilinin güclü olmasının da bir çox səbəbi var. Amma mənə görə ən əsası təhsili verən beyin gücü və tələbəyə xərclənən maddi vəsaitdir (hər tibb tələbəsinin təhsilinə ildə orta hesabla 10-15 min dollar pul xərclənir). Təhsil sistemində namizədlər orta məktəbi çox yüksək göstəricilərlə bitirməlidirlər. Sonra 4 il tibb kollecini, 4 il tibb universitetini, 4-6 il rezidenturanı və nəhayət, 1-2 il də daha dar bir ixtisası bitirdikdən sonra onlar artıq aktiv həkimlər sırasına daxil olmuş olurlar. İnsanı bu cür sıx ələkdən keçirən bir sistemin əlbəttə ki, lider olmağa haqqı var. Əlavə etmək istəyirəm ki, bu pillələrin ilk 8 ili pulludur və hər tələbə rezidenturanı bitirəndə dövlətə 300-400 min dollar borcu olur. Ancaq maaşları cox yüksək olduğu üçün qısa bir vaxtda bu borclarını ödəyirlər.

- Bildiyimizə görə, təhsilinizi artırmaq üçün getdiyiniz ölkədə hazırda həkim kimi fəaliyyət göstərirsiniz. Zəhmət olmasa, bu barədə danışardınız...
- Bəli. Amerikaya ilk səfərim 2009-cu ildə olmuşdu. 3 ay kimi qısa bir vaxtda buradakı tibb sistemi məni valeh eləmişdi. Əgər belə demək yerinə düşərsə, beynim virusa yoluxmuşdu və illər boyu mənə rahatlıq vermirdi. Amma müxtəlif səbəblərə görə bu arzumu 2017-ci ilədək həyata keçirə bilmədim. Mən anlayırdım ki, bu, həyatımda bəlkə də, son şans olacaq, amma əvəzində fəda etməli olduğum çox şey var idi. İllərdir əldə etdiyim etimad, çox sevdiyim dostlarım, maddi rifah, konfort zona, hisslərim, həyəcanlarım və s. Bunların hamısı tərəzinin bir gözündə idi. Tərəzinin o biri gözündə isə zəmanəti olmayan, dəhşətli dərəcədə çətin, amma ömür boyu arzuladığım bir xəyalım var idi. Seçim etmək çox çətin olsa da, qərarımı verdim və ən azı özümü yoxlamaq istədim. İlk vaxtlar "Ohio State University"də elmi işçi kimi fəaliyətə başladım. Bir tərəfdən elmi işlərlə məşğul olur, bir tərəfdən də USMLE (United States Medical License Examination) imtahanlarına hazırlaşırdım. Bilən bilir ki, bu imtahanlar dünyanın ən çətin imtahanları sayılır. Necə deyərlər, 1-ci sinifdən bu günə qədər bütün tibbi məlumatları təkrar oxumaq və 5 pilləli bu imtahanı vermək məcburiyyətində idim. 13 ay kimi qısa bir vaxtda bütün imtahanları tamamlayıb, yarışa girdim və qazandım.

- Rəqabətin güclü olduğu Amerikada uğur əldə etmək üçün hansı yolu keçdiniz?
- Mən bilirdim ki, bu imtahanı keçməklə heç kim məni o dəqiqə işə götürməyəcək, amma prosesin bu qədər rəqabətli və çətin olacağını da gözləmirdim. Mənim imdadıma Amerikada bərabər işlədiyim alimlərin referans məktubları, Amerikada məşğul olduğum elmi işlər gəldi. Təqribən 150 iş yerinə rəsmi müraciət və bəlkə də, 1000-ə yaxın e-mail göndərmişdim. Uzun bir prosesdən sonra mənə dünyanın ən reytinqli xəstəxanalarından biri olan "Texas Childrens Hospital"da işləmək qismət oldu. Hazırda karyeramın ən xoşbəxt və həyəcanlı dövrünü yaşayıram.

- Yusif bəy, müsahibələrinizdən birində bildirmisiniz ki, işlədiyiniz xəstəxanada bəzi müəllimlər kiçik bir fasilə olanda dönüb sizə və ya ətrafınızdakılara deyirlər ki, "Teach me something" (Mənə bir şey öyrət). Bəs azərbaycanlı tələbələr, rezidentlər və gənc həkimlər sizə nə vaxt "Teach me something" deyə biləcəklər? Azərbaycana birdəfəlik qayıtmaq istəyirsinizmi, yoxsa hələ tezdir?
- İçində olduğum iş mühiti çox akademik bir mühitdir. Hər addımda elmi toplantılar, elmi müzakirələr olur. Və hər kəsin tək hədəfi var, sənə nəsə öyrətmək və ya səndən nəsə öyrənmək. Əlbəttə, belə olanda sən də həmişə oxuyub özünü yetşdirməlisən ki, hər səviyyədə insanlarla müzakirə apara biləsən. Tələbələrə və rezidentlərə bildiyini verə bilmək qabiliyyətin olmalıdır, həm də bilərək ki, işlədiyin insanlar dünyanın və Amerikanın ən aparıcı mütəxəssisləridir. Mənim hər zaman xəyalım və arzum olub ki, belə dinamilk bir mühitdə işləyim. Azərbaycana əlbəttə ki, qayıdacağam, amma bunun nə vaxt olacağını deyə bilmirəm. Nə vaxt ki, Mövlana Cəlaləddin Ruminin dedıyı kimi, "Xam idim, bişdim, yandım" mərtəbəsinə çatsam, yəqin ki, o vaxt da qayıdaram.

- Yusif Hacıyev deyir ki, cərrahlar adətən az-çox qürurlu və özündən razı olurlar. Siz də o həkimlər arasında yer alırsınızmı?
- Əlbəttə ki, amma məni tanıyanlar bilirlər ki, bu hisslərimi həmişə boğmağa çalışmışam və xəstəyə maksimal xeyir nədirsə, onu etməyə səy göstərmişəm. Çünki qürur çox olanda həm xəstənizə, həm ətrafınızdakılara, həm də sizə zərər verə bilər. Bəlkə də, çox az təkəbbür olar, amma bu da səndən başqa heç kimin hiss etməyəcəyi qədər olmalıdır.

- Bakalavr təhsilindən başlayaraq ali təhsilin bütün pillələrini xaricdə oxuyan Yusif Hacıyevin tələbəlik dövründə heç unutmadığı bir hadisə varmı?
- Bakalavr təhsili zamanı şifahi imtahanlarda həmişə çox səliqəli və ütülü geyim və xalatda iştirak etmişəm və bu da həmişə mənə imtahanlarda əlavə kredit olub. Tələbələrə məsləhətim odur ki, imtahanlarda həmişə müəllimlərin qarşısına bu şəkildə çıxsınlar.

- Sizin üçün çətin gələn bir əməliyyat olubmu? Olubsa, nə ilə nəticələnib?
- Hər əməliyyatın özünəməxsus çətinliyi olur. Əməliyyatdan əvvəl mütləq şəkildə analizləri diqqətlə yoxlamaq və plan qurmaq lazımdır. Əlbəttə ki, xəstəyə kömək edə bilmədiyim hallar da olub. Amma bu halları əvvəlcədən müəyyən etmək və xəstəni bu işi görə biləcək mütəxəssisə yönəltmək lazımdır.

- Sosial şəbəkə vasitəsilə maarifləndirici hekayə və məlumatlar paylaşan Yusif bəy yəqin ki, kitab oxumağı da çox sevir? Ən sevdiyiniz kitab?
- Bəli, kitablar həyatımın çox vacib bir hissəsidir. Hazırda oxuduğum kitabın adı: "Better: A Surgeon's Notes on Performance"-dır. (https://www.goodreads.com/book/show/213233.Better)

- Sizin Amerikada olmağınız onsuz da bizim üçün Azərbaycanı təmsil etmək deməkdir. Bəs, sizdən vətəninizi tanıtmağınızı istəyənlərə onu nə ilə tanıdırsınız?
- Vətən müharəbəsi başlamazdan əvvəl Azərbaycan adını demək olar ki, 10 nəfərdən 1-i bilirdi və vaxt olduqca "Google" xəritəni açıb Azərbaycanın harada yerləşdiyini və nə ilə məşhur oluduğunu göstərirdim. Ancaq indi insanlar ölkəmizin adını eşidib mənə hadisələrlə əlaqədar suallar verirlər və mən də ətraflı şəkildə mövqeyimizi və haqq davamızı izah etməyə çalışıram.

- Atası və anası hərbi həkim olmuş Yusif Hacıyev son günlərdə Qarabağda başlayan müharibə ilə əlaqədar nə demək istərdi?
- Cismim burada olsa da, ruhum oradadır, cəbhədə vuruşan əsgərlərimizin yanında, onlara tibbi xidmət göstərən tibb işçilərimizin yanında...

- Ümumilikdə, yeniyetmələrə və sizin kimi həkim olmaq istəyənlərə tövsiyələriniz?
- Bu yol çox uzun və çətin yoldur və əgər bu yolda yarımçıq qalsanız, onda insanlara zərər vermək ehtimalınız artır. Bu mərhələdən sonra isə insan yaşadığı kimi inanmağa başlayır. Yarımçıq olduğunu və səhv etdiyini qəbul etmir. Ona görə də, əğər bir yeniyetmə bu yola girməyə qərar verirsə, bu yolun minimum 15 il çəkəcəyini nəzərə almalıdır və ən əsası da öz işini çox sevməlidir. Ona görə də, seçim edərkən dəfələrlə özlərinə əslində nə etmək istədikləri ilə bağlı sual verməli və təbii ki qərarlarını məntiq və istək balansında verməlidirlər. Əgər tibb sahəsini seçəcəklərsə, onda "Welcome to health system" (Tibbə xoş gəldiniz)...



Aygün Zayıdova