1990-cı illərdə Azərbaycanda daxildə baş verən qarışıqlıqlar həmçinin, Ermənistanın təcavüzkar hücumları ölkəni zəiflətmişdi. Azərbaycanı hədəf alan düşmən qüvvələri müxtəlif tərəflərdən ölkəyə hücumlar təşkil etməyə başlamışdılar. Onlardan biri də 1994-cü ilin 19 martında oldu. Həmin tarixdə saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Xətdə olan qatarın əsas vaqonuna qoyulmuş saat mexanizmli bomba qatar stansiyada dayandığı vaxt partladıldı. Hadisə nəticəsində 14 nəfər öldü, 49 nəfər yaralandı. Ölənlər arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi. Azərbaycan Prezidentinin fərmanı ilə terror aktının araşdırılması üçün işlərə başlanılır. Bir çox şübhəli şəxslər dindirilir və ləzgi xalqının azadlığı adı altında terror fəaliyyəti ilə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunur. Məlum olur ki, qanlı hadisəni təşkil edənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə qururmuşlar. Belə ki, 1992-ci ilin aprel-may aylarında 30 nəfər sadvalçı Ermənistanın Azərbaycanda baş verən qanlı terror: 1994-cü İl 19 mart hadİsəsİ Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edir. Araşdırmalar zamanı həmçinin məlum olur ki, terrorçulara verilən təlimata uyğun olaraq, 20 Yanvar metrostansiyası ilə yanaşı, Bakının "Nizami" Kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar planlaşdırılır. Bakıda metroda törədilən həmin terror aktına görə, 11 nəfər həbs edildi, digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum olundu. 19 mart 1994- cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları 20 Yanvar metrostansiyanın divarına həkk olundu. Qeyd edək ki, Bakı metrolarında terror aktı törədənlər bununla kifayətlənmədi. 1994-cü il iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı baş verdi. Saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmasına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış olur. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində daha 13 nəfər dünyasını dəyişir, 58 nəfər isə yaralanır. Hadisə ilə bağlı Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunur. O, 1997-ci ilin 29 noyabrında Azərbaycana ekstradisiya edilir. Həbs edilən Azər Aslanov terror aktı ilə bağlı etiraflar edir. O bildirir ki, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Və məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilir. Yeri gəlmişkən deyək ki, İkinci Qarabağ müharibəsində əsir götürülən iki erməninin məhkəməsi zamanı zərərçəkən azərbaycanlılardan biri maraqlı ifadə verdi. O, Bakıda metronu partladan Azər Aslanovla bir yerdə əsirlikdə olduğunu bildirdi: "Mən, Sergey, Azər Aslanov və başqa bir əsir bir yerdə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə. Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. İki saatdan sonra Azər gəldi. Sonra Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtıçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandıraraq buraxdılar. Həmin il Azər Aslanov əsirlikdən qayıtdı və Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra isə Sergeyin güllələnərək öldürüldüyünü eşitdim".