Əli Çərkəzoğlu 
 

O, anadır, bacıdır, ömür-gün yoldaşıdır, övladdır, məktəbdə müəllim, işdə çiyin yoldaşı, qonşu, qohum, yıxılanda əlimizdən tutan, başımıza bir iş gələndə bütün səmimiyyətilə qayğımıza qalan himayədardır. O, qadındır, baş tacıdır, sevginin, sevincin ünvanıdır. Bir cəmiyyətin səviyyəsini öyrənmək istəyən, əslində, həmin cəmiyyətdə qadının statusuna baxa və hər şeyi dəqiqləşdirə bilər. Tariximizin dərinliklərindən üzü bəri qadın hər zaman Azərbaycan cəmiyyətinin hərəkətverici qüvvəsi olmuşdur. Tomris anadan başlayaraq, tariximizdəki hakim mövqeyə sahib olmuş qadınların adlarını sıralamağa başlasaq, uzun bir siyahı alınar. Uca dinimiz İslam qadına çox yüksək dəyər verir. Dinimiz razılığı olmayan qadını evləndirməyi yasaqlayır. Hər kişi kimi, hər qadının da iradəsinin əsas alınmasını tələb edir. Uca Peyğəmbərimiz də (Ona Allahın salamı olsun!) "Cənnət anaların ayaqları altındadır" buyurur. Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) Vida xütbəsində buyurur ki, qadın kişiyə Allahın əmanətidir. Bu həqiqəti anlayan bir insan heç vaxt xanımına qarşı haqsız davranmağı ağlından keçirməz. Çünki əmanət - sahib olmaq deyil, sahib olan Allahdır. Yəni, hər kişi anlamalıdır ki, qadının həqiqi sahibi Allahdır və sən o qadına qarşı necə davransan, Allah da sənə onun qarşılığını verəcək. Qadının təhsili çox vacib məsələdir. Belə ki, təhsilli ananın yetişdirdiyi övlad, əlbəttə, daha zəkalı, daha qabiliyyətli olacaq. İstər evdə, istər işdə qadının ovqatı oranın atmosferini tənzimləyir. Bir cəmiyyətin qadını xoşbəxtdirsə, orada problem yoxdur, bir cəmiyyətin qadını xoşbəxt deyilsə, orada rifahdan danışmaq əbəsdır. Hüseyn Cavid qadının cəmiyyətdəki rolunu qısa şəkildə belə ifadə edir: "Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək". Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günüdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü oldu. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxıb. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Vətən müharibəsində əldə etdiyimiz tarixi ZƏFƏR hər kəsdən əvvəl o igidləri doğub böyüdən, Vətənin işğaldan azad olunması üçün cəbhəyə göndərən anaların QƏLƏBƏsidir. Təkcə 8 martda deyil, ilin hər günü o anaların əlləri öpülməyə layiqdir. İki oğul böyüdən və hər iki balasını bu döyüşlərdə Vətən yolunda şəhid verən analarımız var. Başqa gün olmasa da, heç olmasa 8 mart günü yerlı icra orqanları evbəev gəzməli, o anaları ziyarət etməli, onlara olan sevgini, ehtiramı əyani şəkildə nümayiş etdirməlidirlər. Şəhid anası! Bu bir gün sənə azdır, çox az. Çünki sənin bütün günlərini bayram havasına bürüsək, yenə azdır. Sən bu yer üzündə ən gözəl mükafatlara, ən gözəl ünvanlara layiqsən. Sənə baş əymək ucalıq, sənin əllərini öpmək şərəfdir. İstər rəsmi, istər milli, istər dini bayramlarımız olsun, hər məclisimizin ən uca yeri şəhid anasının olmalıdır. Bu gün Vətən müharibəsinin qadın şəhidi Arəstə Baxışova, Birinici Qarabağ müharibəsində erməni cəlladları tərəfindən qətlə yetirilən jurnalıst Salatın Əsgərova, onların şəxsində bütün şəhid xanımlarımız yad olunmalı, məzarları, ailələri ziyarət edilməlidir. Əgər biz vəfa borcunu unutsaq, nə bayramımız bayram, nə də ovqatımız ovqat olar. Əslində, ilin bütün günləri anamızın, bacımızın, ömür-gün yoldaşımızın, qızlarımızın bayramı olmalıdır. Çünki sevginin, səmimiyyətin hakim olduğu mühitdə hər gün bayram havasında keçir. Əlində çiçəklə qapıdan girib xoş üzlə qarşılandığın, "Səni sevirəm" dediyin hər gün bayramdır. Bu gün onların adına yazılıb. Əslində, bu bir fürsətdir və biz bu fürsəti layiqincə dəyərləndirməyə çalışmalıyıq. Hər kəsdən əvvəl şəhid analarını təbrik edir, hər birinin əllərindən öpürük. Var səsimizlə elan edirik ki, bu xoş günlər üçün onlara minnətdarıq. Yazımızın sonunda yenə Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) bir kəlamını xatırlatmaq istəyirik: "Sizin ən xeyirliniz xanımına qarşı ən xeyirli olanınızdır." Allah hər Azərbaycan kişisinə bu mənada xeyirli olmağı nəsib etsin! Bu Zəfər bayramından sonra elə bil ki, hər şeyin rəngi, qoxusu, havası dəyişib, hər şey gözəlləşib, hər bayrama yeni bir ruh, yeni bir dad gəlib. 30 illik dərddən qurtulandan sonra elə bil ki, könlümüzə ilham, gözümüzə işıq gəlib. Elə o ilhamla, o işıqla hər birinizi təbrik edirik, analar, bacılar, xanımlar! Bayramın mübarək olsun, Azərbaycan qadını! Hər şeyin gözəli sənin olsun!