Budəfəki müsahibimiz detektiv ustası Elxan Elatlıdır. Çox sayda kitabın müəllifi olan yazıçının Qanbay Qasımlı, Ələmdar Məlikov, Gültən Dəmirli kimi obrazları 7-dən 70-ə qədər hər yaşda oxucunun sevimlisinə çevrilib. Elxan Elatlı ilə müsahibə zamanı cəmiyyətdəki bir çox hadisələrdən, üstü açılmayan cinayətlərdən, işıq üzü görəcək kitablarından və digər mövzulardan danışdıq. Yazıçı, həmçinin, oxucuları üçün müəmmalı qalan bir çox sirləri də bizim üçün açdı. Müsahibəni sizə təqdim edirik...
- Elxan müəllim, necəsiniz? Sizi çətinliklə tapdıq. Uzun müddət telefonlarınız bağlı oldu. Kitab yazdığınız vaxtlar belə olur, yoxsa hansısa xüsusi işləriniz olanda?
- Çox sağ olun, yaxşıyam. Bədii əsər yazanda adətən elə olur. Çünki bütün diqqəti yazıya vermək üçün telefondan uzaq olmaq lazımdır. Telefon yanında açıq olanda istər-istəməz insanın diqqətini yayındırır. O baxımdan telefonu söndürmək lazım gəlir.
- Detektiv kitablarınız, xüsusilə gənclər arasında çox oxunur. Yazarkən oxucu kütləsini nəzərə alırsınız?
- Sözsüz ki, ilk illər yazmağa başlayanda gəncləri və orta yaşlı insanları nəzərdə tuturdum. Ancaq hazırda bəzən mənim özümə də müəyyən qədər təəccüblü gəlir ki, 10 yaşından 90 yaşına qədər oxucularım var. 10 yaş ona görə deyirəm ki, həmin yaşda oxucularım çoxdur. Hətta 7 yaşında oxucu ilə məni tanış ediblər. Əvvəl inandırıcı gəlmədi, ancaq videosunu çəkib göndərdilər. Ona oxuduğu kitabdan suallar verirlər, uşaq da çox yaxşı cavablandırır. Həmin uşaqlar daha çox valideyn nəzarətində kitab oxuyurlar. Mübariz İbrahimov haqqında yazdığım kitabı, "Armed Mişel" kitabını və sair uşaqlar oxuyurlar. Əvvəl bəzi kitablarımı mən özüm istəyirdim oxumasınlar, ancaq gördüm ki, bunun qarşısını almaq mümkün deyil, ona görə valideyn nəzarətində kitabları oxumağa başladılar. Elə məktəb direktorları var ki, özləri öz hesablarına kitabları alırlar, xüsusilə Mübariz İbarhimov haqqında yazılan kitabları, sonra da şagirdlərə paylayırlar.
DETEKTİV OXUYANLAR HADİSƏLƏRƏ FƏRQLİ GÖZLƏ BAXA BİLİRLƏR
- Kitab oxuyursunuz?
- Mən daha çox uşaqlıq illərində kitab oxumuşam. Kənddə atam məktəb direktoru idi. Həm məktəbin, həm də kəndin kitabxanasına gedirdim. Orada bütün kitabları oxumuşdum. Universitet illərində də kitablar oxumuşam. Ancaq indi o qədər də vaxt olmur.
- Detektiv janrında ən çox Artur Konan Doylun kitablarından təsirləndiyinizi bildirmişdiniz...
- Mən həmişə deyirəm, gənclik illərində, özümdə cəsarət tapıb kitab yazmağa başlayanda təsirləndiyim yazıçılar var idi. Bu, 40 yaşına qədər oldu. Sonra öz xəttimlə bu işi davam etdirdim. Həmin vaxtlarda, həmçinin, elmi kitablar da oxuyurdum. Xüsusilə, fizika elminə aid kitablara nəzər salırdım. Oxuduğum bütün kitablardan az da olsa, nəsə götürmüşəm. Konkret bir yazıçıdan təsirləndiyimi demək çətin olar. Cek Londonun əsərləri mənə çox təsir edib. Teodor Drayzeri çox sevirdim. Hamısını sevə-sevə oxuyurdum. Yerli yazıçıları da oxuyurdum. Bəziləri çox tanınmır, misal üçün İsi Məlikzadəni çox sevirdim. Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə və sair yazıçılarımızı sevərək oxumuşam. Bəli, xarici yazıçılar içərisində təsriləndiklərimdən biri də Artur Konan Doyldur. Onun Şerlok Holms obrazı olduqca maraqlı obrazdır. Aqata Kristini də oxudum, ancaq o mənə çox təsir etmədi. Ondan sonra Azərbaycanın milli detektiv yazıçısı Cəmşid Əmirovu və digər yazıçılarımızı oxuyurdum. O vaxtlar həmin yazıçıların kitabları əldən-ələ gəzirdi.
- Detektiv yazıçı deyiləndə Azərbaycanda ilk ağla gələnlər Çingiz Abdullayev və sizsiniz. Heç onunla fikir mübadiləsi apardığınız vaxtlar olurmu?
- Çingiz Abdullayevlə o qədər də yaxın münasibətimiz olmayıb. Tədbirlərdə ani olaraq yaxınlaşıb görüşürük, o qədər. Sovet dövründə az sayda oxuduğum detektiv kitabları arasında onun "Müəmmalı qətl" adlı povesti də var idi. O əsər tamam fərqli gəlmişdi mənə. Siyasi detektiv janrında yazılmışdı. Amma mən daha çox həmin vaxtlar Cəmşid Əmirovun, Həsən Seyidbəylinin yazdığı üslubda yazmaq istəyirdim. Amma yazıçılığa başlayandan və ilk iki kitabım çapdan çıxandan sonra öz üslubumu ortaya qoydum. Mən öz kitablarımı sırf detektiv janrında yazmıram. Misal üçün "Görünməyən izlər" kitabında iki əsas ideya var, üçüncü sırada detektiv mövzusu gəlir. Orada biri narkomaniyaya qarşı mübarizədir, digəri övladını uşaq evinə verən ananın həyatı və detektiv. Bunların fonunda detektiv bir az təbii ki, kölgədə qalır.
FİZİKA ELMİ MƏNİ ALLAHA APARDI
- Bəzi insanlar detektivin oxuculara heç nə vermədiyini deyirlər. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Detektiv janrı oxuculara sözsüz ki, nəsə verir. Hadisələrə fərqli gözlə baxa bilirlər. Bir iş barəsində məntiqlə fikir yürüdürlər. Amma o deyilənlərlə mən bir qədər razıyam. Detektiv deyəndə bunu hamı sırf o janrda yazılan kitablar barədə fikirləşirlər. Bəzən deyirlər, detektiv kitablarını avtobusda oxuyub, elə orada da qoyub gedirlər. Onu da başqaları oxuyur. Məsələ burasındadır ki, burada söhbət hansı detektiv kitablarından gedir? Bir ölüm hadisəsi və ya bir cinayət baş verir və bütün kitab o cinayətin açılmasından bəhs edir. İstər-istəməz hadisə bir az uzadılır, hadisə müəyyən qədər qarışıq təqdim olunur. Və bundan başqa heç bir şey kitabda təqdim olunmur. Mən əvvəllər riyazi və məntiq məsələlərindən ibarət kitab yazmışdım. Detektiv bir növ orada verilən bir hadisənin üstünü açmaq üçün verilən uzun məntiq məsələsinə bənzəyir. Mənim "Cəbhədən gələn səs" əsərimi kimsə oxusa, ona detektiv əsər deməz. Düzdür, orada bir cinayət var, onun üstünü açmağa çalışırıq. Amma fərqli hadisələr onu üstələyir. Mövzu Xocalı faciəsidir, milli qeyrətdir, milli şüurdur, vətənpərvərlikdir. Yeri gəlmişkən qeyd edim, mənim oxucularım arasında hərbçilər çoxdur. 44 günlük müharibədə bunun şahidi oldum. Xüsusi təyinatlı qüvvələr arasında çox sayda mənim kitablarımı oxuyanlar var. Hətta müharibədə şəhid olandan sonra çantalarından mənim kitablarım çıxıb. Onlardan biri polkovnik-leytenant idi. Onu eşidəndə çox duyğulandım. Bu yaxınlarda mənim 44 günlük müharibə haqda yazdığım kitaba o şəhidlərdən bir neçəsinin adını salmışam. Qazilərdən də real adları olanlar var. Bir dəfə əsgərlərdən biri mənimlə danışmaq istədi, zəng elədilər. Yanında çox sayda hərbçilər var idi. Hamısı mənə kitablarımın onlara vətənpərvərlik hissi aşıladığını dedilər. Kitablarımdakı hadisələri xatırlayıb, düşmənin üzərinə daha nifrətlə getdiklərini dedilər. Təsəvvür edə bilməzsiniz, həmin an mən necə qürur hissi keçirdim. Bu detektivi digərləri ilə qarışdırmaq doğru olmaz.
- İkinci Qarabağ müharibəsi haqda kitab yazırsınızmı?
- İkinci Qarabağ müharibəsi barədə kitab yazmağımı oxucular da gözləyirdilər. Əslində, bir müddət gözləmək istərdim. Çünki bizim hələ də orada tamamlanacaq işlərimiz var. Ancaq oxucular çox səbirsizliklə gözləyirdirlər. Ona görə "Alternativ əməliyyat" adlı bir roman yazmaq qərarına gəldim. Bu kitaba maraqla oxunması üçün müəyyən nüanslar əlavə etmişəm. Kitabda bizim xüsusi xidmət orqanlarının fəaliyyətindən, Bakıda baş verən hadisələrdən, həmçinin, birbaşa müharibənin gedişindən bəhs olunur. Baş qəhrəman Ələmdar Məlikov, Gültən Dəmirli, bir də Ayxan Asayev var.
- Kitablarınız içərisində sizin üçün xüsusi olanı varmı və yazarkən detektivlə birgə hansı mövzulara toxunursunuz?
- Əvvəllər bu suala cavab verəndə "Bakıdan gələn xəfiyyə" romanının adını çəkirdim. Ancaq indi gənclərimizə daha yararlı, onların inkişafına daha xeyirli əsərlərin adını çəkərdim. Səmimi danışsaq, mən əslində dindar biri deyiləm. Bunun səbəbini də izah edə bilərəm. Mənim doğulduğum kənddə, hətta bölgədə dindar bir insana rast gəlməmişəm. Atam da rus dili müəllimi idi. Kasıblıqla, yetimliklə böyüyüb. O da valideynlərindən dinlə bağlı sözlər, yəqin ki çox eşitməyib. Nə Allaha, nə də dinimizə aparan bir təbliğat olmayıb. Yalnız ata-babalarımızdan, mentalitetimizdən eşitdiyimiz tərbiyələr verilib. Amma mən sonralar fizika ilə bağlı çox sayda kitablar oxudum, özüm üçün araşdırmalar etdim. Nüvə fizikası, molekulyar fizika və sair mövzularda kitablar oxuyurdum. Böyük fiziklərin təcrübələrini öyrənirdim. Bax, o oxuduqlarım məni Allaha apardı. Allaha inamım artdı. Dini təbliğatlar deyil, fizika elmi məni bu yöndə istiqamətləndirdi. Hər bir əşyanın kiçik molekullardan, molekulların atomlardan, atomların da elektronlardan təşkil olunduğunu öyrənəndən sonra insan başını qaldırıb dünyaya baxanda istəristəməz kainatı yaradan bir varlığın olduğuna inanır. Bu günə qədər də mən o inancıma sadiqəm.
- Söhbət fizikadan düşmüşkən qeyd edim ki, məşhur alim, fizik Stiven Hokinq də müsahibələrindən birində kainatın yaranışının elmi qanunlara əsaslandığını və həmin qanunları yaradan birinin var olduğunu bildirmişdi.
İSTƏYİRDİ Kİ, MÜSTƏNTİQƏ O SEHRLİ SÖZÜ DEYİM VƏ CİNAYƏT AÇILSIN
- Çingiz Abdullayev Dronqonun 99 faiz özü olduğunu etiraf edib. Real həyatda üstünü açdığı cinayət işi barədə olmuş bir hadisəni yazıb. Yan Fleminq və bir çox yazıçıların də buna bənzər açıqlamaları var. Bəs siz necə? Sizin də təkcə yazıçı olmadığınız bildirilir. Qanbay Qasımlı sizsinizmi? Yuxarıda sadaladığım yazıçılar kimi real həyatda üstünü açdığınız cinayət işi varmı?
- Sözsüz ki, bu, yazıçını sevindirir. Çünki yazdığım romanlarda nə isə görürlər ki, bu şəkildə insanlar öz fikirlərini bildirirlər. Hətta bəhsə girirlər ki, Elxan müəllim hansısa təhlükəsizlik xidmətində işləyib, detektivlik sahəsində çalışıb. Qeyd etmək istəyirəm ki, dünyada söz qədər təsir qüvvəsi olan ikinci bir şey yoxdur. Musiqi də insana təsir edir, ancaq söz qədər yox. Sirr bundadır. Başqa bir şey yoxdur. Polislər hətta mənim kitablarımı oxuyurlar və nə isə öyrəndiklərini deyirlər. Təbii ki, onların öz dərslikləri var, akademiya bitirirlər. Orada hər şeyi öyrənirlər. Akademiyada oxucularla görüşdə mən qeyd etdim ki, onlara çox təcrübəli müəllimlər dərs deyirlər. İmkanım olsa, mən də onlardan nə isə öyrənmək istərdim. Sözsüz ki, ilk vaxtlar mən qarşıma məqsəd qoymuşdum ki, cinayət işi ilə bağlı bəzi halları öyrənim. Ondan sonrası isə istedad məsələsidir. Elə etməlisən ki, oxucu maraqlansın, kitabdan zövq alsın. Cinayəti törədən də yazıçıdır, onu açan da yazıçıdır. Öz əlindədir.
- Baş vermiş hansısa cinayəti açmağınız üçün sizə müraciət edənlər olub?
- Bir neçə dəfə olub. Haradasa, 10 il əvvəl rayonların birindən zəng gəldi. Məni çox çətinliklə tapdığını dedi. Əlavə etdi ki, bir cinayət hadisəsi baş verib. Evlərindən qızıl oğurlanıb. Oğurlayanın da 15 yaşlı qız olduğundan şübhələnirlər. Müstəntiq onu danışdırır, amma qız boynuna almır. Mənə bildirdi ki, o uşadan söz almaq üçün nəsə edim. Və müstəntiqə elə bir sehrli söz deyim ki, onu uşağa desin və həmin 15 yaşlı qız qızılları oğurladığını boynuna alsın. Zəng edən oxucu Qanbay Qasımlıya o qədər inanırdı ki, o sözü mənim deyə biləcəyimə əmin idi.
- Deyə bilərdinizmi?
- Yox. Mən özüm orada olsam, bəlkə də pedaqoqluğumu, bir qədər də məntiqi nüansları nəzərə alıb ola bilsin nəsə öyrənə bilərdim.
- Cinayətlərin üstünü açmaq üçün real bir hadisə üzərində özünüzü sınamaq istəməzdinizmi?
- 10 yaşımdan detektivə marağım olub. Ancaq sonradan həmin marağın müstəntiq olmaq deyil, yazıçı olmaq istiqamətində inkişaf etdiyini bildim. Ancaq real bir hadisəyə həvəsim olmayıb.
- Söhbət cinayətlərdən düşmüşkən ölkədə gündəm olan hadisələrdən biri də azyaşlı Nərminin qətlə yetirildiyi hadisədir...
- Bəli, o hadisəni izləyirəm. Sırf o mövzunu yox, amma ondan ilham alaraq nəsə yazmaq istədim. Cinayət barədə öz düşündüklərimi ortaya qoyacaqdım. Amma sonra “Nəsə bilir ki, yazır” deyərlər deyə, o məsələyə girişmədim. Cinayətin üstü açılsın, bitsin, sonra nəsə yazmaq olar. Amma doğrudan da, o məsələ çox maraqlı hadisədir. Hələ də bir çox müəmmalı məqamlar var. İnanıram ki, onun üstü tam açılacaq, gizli heç nə qalmayacaq.
- “Tərtər işi” barədə yəqin ki, məlumatınız var...
- Təbii ki, satqınlar, xainlər olub. "Alternativ əməliyyat" romanımda o məsələyə toxunmuşam. Müharibə apardığımız düşmən uzun illər bizimlə iç-içə yaşayan insanlar olublar. Mütləq hansısa satqınlar olmalı idi.
- Kitab yazarkən heç təzyiqlə üzləşdiyiniz olubmu?
- Yox, təzyiqlərlə üzləşməmişəm. Romanlarımda vətənpərvərlik, müsbət polis obrazları yer alıb. Ağı ağ, qaranı qara göstərməyə çalışmışam. Çalışmışam ki, bizim xalqımız polisimizi sevsin. Sözsüz ki, buna layiq olanlar, həm də olmayanlar var. Mən ancaq yaxşı tərəfini düşünmüşəm.
- Koronavirus pandemiyası barədə düşüncələrinzi öyrənmək istərdik.
- Çox şey deyirlər. Əksəriyyətinə inanmıram. Bir şey ki, mənim sahəm deyil o işin peşəkarına inanmağı üstün tuturam. Mənim qızım da, həyat yoldaşım da Türkiyədə uzman həkimdir. Onlar özləri könüllü olaraq vaksin vurdurublar. Onların müəllimlərinin, professorlarının da könüllü şəkildə bu işə getdiklərini deyirlər. O ki, qaldı, necə yaranıb, necə yayılıb, bu barədə çox şey ola bilər. 10 il bundan əvvəl ABŞ-dan bir böcək yayılmağa başlamışdı. Hətta Azərbaycana qədər gəlib çıxmışdı. Kartofu məhv edən bir böcək hazırlayırlar. Onu yaymadan dərmanını da hazırlayırlar. Sonra hərəkətə keçirlər. Belə şeylər olub, yenə də olacaq. Ehtiyatlı olmaq lazımdır. İndi raketlərlə, tanklarla insanları kütləvi şəkildə öldürmək çox çətindir. Bir dövlət başqa dövlətə milyonlarla dollar dəyərində raket atır, bəzən ancaq 1-2 insan dünyasını dəyişir. Amma bu cür kimyəvi yollarla insanları kütləvi şəkildə qıra bilərlər. Allah ondan qorusun. İnsanlar maariflənsinlər, kitab oxusunlar ki, belə alçaq layihələrə alət olmasınlar.
- Ölkədə kifayət qədər tanınan və sevilən yazıçısınız, ziyalısınız. İşiniz budur. Bu işlə əldə etdiyiniz gəlirlər bəs edirmi?
- Acınacaqlı vəziyyətdir. Mən 2008-ci ildə ən çox oxunan yazıçı adlandırıldım. Bu gün də çox oxunuram. Amma ümumi yazıçılıq sahəsini sırf mənimlə ölçmək olmaz. Bu sahədə vəziyyət pisdir. İnsanların da vəziyyəti yaxşı deyil ki, kitaba çox pul xərcləsinlər. Anlaşılandır ki, cibində 20 manat pulu olan onun 7-8 manatını kitaba ayıra bilməyəcək. Dövlətimizin bu istiqamətdə addım atmasını istərdim.
- Çox sağ olun, Elxan müəllim, müsahibə üçün.
- Siz də çox sağ olun, dəvət etdiniz.