Tükəzban Məmmədli 

Oxuduğumuz kitabların sayı əllə sayılacaq qədər az olanda əsərin süjetini ən xırdalığına kimi xatırlayırıq. Kitab sayı artdıqca qəhrəmanların adını, əsərin mövzusunu, bəzən, ümumiyyətlə, sözügedən əsəri oxuyub-oxumadığımızı xatırlaya bilmirik. Dünya ədəbiyyatında isə elə əsərlər var ki, onları unutmaq, sadəcə olaraq, mümkün deyil. "Səfillər", "Hərb və sülh", "Cinayət və cəza", "Martin İden", "Ovod", "1984" və s. unudulmaz, əfsanəvi, fövqəladə əsərlərdir. Girişdən də aydın olduğu kimi bu dəfə unudulmaz əsərlərdən biri haqqında danışacağam: "Cinayət və cəza". Hədsiz bəyəndiyim əsərləri təhlil və şərh edərkən doğru sözləri tapmaqda çətinlik çəkirəm. Çünki düşünürəm ki, ən təsirli söz belə bu əsəri ifadə etməkdə acizdir. "Cinayət və cəza" da məhz belə əsərlərdəndir. Fyodor Mixayloviç Dostoyevski (1821-1881) "Cinayət və cəza" romanını Sibir sürgünündən qayıtdıqdan sonra kamillik dövründə, 1866-cı ildə yazmışdır. Əsərin ilk səhifələrində oxucu baş qəhrəman Rodion Raskolnikovla tanış olur. O, hüquq fakültəsinin tələbəsidir, cır-cındır geyimdə, yoxsul, halsız, pərişan, iki gündür ki, acdır. Kasıblıqdan təhsilini yarımçıq qoymağa məcbur olmuş, aylardır kirayə pulunu verə bilmir. Raskolnikovun xarici görünüşü ilə daxili aləmi səsləşir. O, daxilən də darmadağın, zəif, psixoloji gərginlik vəziyyətindədir. Belə bir vaxtda anasından aldığı məktub onu daha da qəzəbləndirir. Bacısı Dunya ailəsini, qardaşını bu yoxsulluqdan qurtarmaq üçün özündən yaşca çox böyük və varlı olan sevmədiyi Lujinlə ailə qurmaq istəyir. Bu xəbər Raskolnikovun səbir kasasını daşıran son damla olur. Artıq o, çoxdandır planlaşdırdığı cinayəti törətməyi qərara alır. Dostoyevski cinayət baş verənədək oxucu Raskolnikovu qınamasın və onu anlasın deyə qəhrəmanının maddi, mənəvi vəziyyətini göz önünə sərir. Raskolnikov bir növ affekt vəziyyətindədir. Özünün də tez-tez qapısını çaldığı, siması kimi daxili də iyrənc olan sələmçi Alyona İvanovnanı öldürmək planını hazırlayır. O, hesab edir ki, bu cür adi və pis xislətli insanların ölməsi yaşamasından daha xeyirlidir. Endirdiyi balta zərbəsindən sonra Raskolnikov şok keçirir. Onun planında olmayan hadisə baş verir, sələmçinin bacısı Lizaveta cinayətə şahid olur və Raskolnikov məcburən onu da öldürməli olur. O, qoca qarının zinət əşyalarını götürüb havalı kimi evi tərk edir. Cinayət aləti baltanı, əllərini yusa da, bu qan onun əllərindən bir daha getmir. Və bütün bunlar əsərin əvvəlində baş verir. Bəli, artıq cinayət baş vermişdir, indi qalır onun cəzası. Bu cəzanı isə Raskolnikov vicdanı ilə baş-başa qalaraq özü özünə verir və daxilindəki məni ilə döyüşür. İşlədiyi cinayəti heç kim görmədiyi halda rahat ola bilmir. Vicdan məhkəməsində hökm oxuyub, özünü tənhalığa məhkum edir. Onsuz da, sağlam psixologiyada olmayan qəhrəmanın qatil olandan sonra olan-qalan ağlı, məntiqi, duyğuları da yerlə bir olur. Daim təqib edildiyindən şübhələnir, öz geyimində olmadığı halda qan izləri görür, götürdüyü zinət əşyalarından belə istifadə etmək ağlına gəlmir. Hətta canına qəsd etməyi belə düşünür. Ev sahibəsi onu polisə şikayət edəndə qorxudan huşunu itirir və bu psixoloji vəziyyətlə axırda özünü ələ vermiş olur. Raskolnikov özünü sual atəşinə tutur. O, nə dərəcədə ləyaqətlidir? Bu suala cavab tapa bilmir. Törətdiyi cinayətin səbəbi nədir? Cinayətin səbəbi heç də qarət, "Cinayət və cəza" KİTABÇI Fraza Bakı şəhəri, Təbriz küçəsi 173A (köhnə 89). (Nərimanov m/st yaxınlığı) Keyfiyyətli məhsullar tək mənbədə menbe.kitab.evi menbe_kitab_evi [email protected] (050) 228 97 98 tamah deyil, çünki götürdüyü zinət əşyalarından istifadə etmir. Əməlindən peşmandırmı? Xeyr, o sələmçini öldürdüyünə görə peşman deyil, sadəcə olaraq, qorxu və narahatlıq duyur. Raskolnikovun yaşadığı mühit o dövrkü Rusiyanın milli, ictimai, sosial problemlərini göz önünə gətirir. Bu problemlərdən ən böyüyü isə kasıblıq, səfillikdir. Müəllif Marmeladovun dili ilə kasıblıq və yoxsulluq anlayışlarını bu cür izah edir: "Hörmətli cənab, kasıblıq ayıb deyil, - bu bir həqiqətdir! Mən onu da bilirəm ki, əyyaşlıq da yaxşı şey deyil, - bu da həqiqətdir. Amma hörmətli cənab, yoxsulluq ayıbdır. Kasıblıqda siz hələ də fitri hisslərinizin nəcibliyini mühafizə edirsiniz, yoxsulluqda isə heç kəs heç vaxt bu hisslərinin nəcibliyini mühafizə edə bilməz. Yoxsulluq üstündə adamı, daha artıq təhqir etmək üçün insan məclisindən süpürgə ilə süpürüb bayıra atırlar, heç ağacla da qovmurlar; yaxşı da edirlər, çünki yoxsulluqda ilk olaraq mən özüm-özümü təhqir etməyə hazıram". Belə bir cəmiyyətdə maddi olaraq kasıb olub mənən yoxsullaşmamaq çox çətindir. Yoxsullaşmış cəmiyyətin qurbanlarından biri də Marmeladovun qızı Sonyadır. O, bivec, içki düşkünü atası, ac qalan bacı-qardaşları üçün sarı biletlə yaşamağa məhkum edilən yüzlərlə qızdan biridir. Alçaldılan, təhqir edilən Sonya duruşu, mərhəməti, inancı ilə oxucunun rəğbətini qazanır. Düşdüyü girdabdan çıxmaq üçün Raskolnikova ilk əl uzadan da odur. Raskolnikov zahirən çirklənsə də, daxilən pak qalan Sonya ilə arınır, paklanır, Allaha üz tutur. Onları həm acı tale, həm də sevgi bir-birinə bağlayır. Dostoyevskinin "Alçaldılmış və təhqir edilmiş" əsəri kimi burada da cəmiyyətin "alaq otları", oğruları, əxlaqsızları, daxilən varlı olan yoxsulları, mənəviyyatını itirmiş varlıları təsvir edilir. Küçələr, evlər çirklidir, insanlar söyüşlə danışır, uşaqlar acdır, sərxoşluq baş alıb gedir. Belə bir mühitdən çıxan qəhrəman da Raskolnikov kimi olmalı idi. Lakin o, bir çox varlılar kimi ləyaqətini satmır, Lujinə boyun əyərək onun hesabına yaşamaqdansa, qatil olmağı üstün tutur. Dostoyevski qəhrəmanını bizə nə qədər sevdirsə də, ona nə qədər mərhəmət oyatsa da, "cinayət törədən kim olur-olsun, cəzasını çəkməlidir" mesajını verir. Raskolnikov cəzasının yarısını vicdanında çəkir, yarısını necə çəkdiyinə isə kitabı oxuyaraq şahid olacaqsınız. "Cinayət və cəza" iri həcmli (634 səhifə) əsərlərdəndir. Oxuyana qədər ilk baxışdan insan düşünə bilər ki, cinayət bəlli, törədən bəlli, bu uzunluqda əsəri niyə oxuyum? Əsəri oxumuş biri kimi deyim ki, Dostoyevski əsəri elə ustalıqda qələmə almışdır ki, bir an belə ona olan maraq itmir, əksinə qəhrəmanların sonrakı taleyini öyrənmək üçün insan kitaba kilidlənir. Əsərin yaş həddi 12 yaşdan yuxarı olsa da, düşünürəm ki, həm həcm, həm də mövzu baxımından əsərə yetkin yaşlı oxucular müraciət etsələr, daha yaxşı olar. Dünya ədəbiyyatının təkrarolunmaz incilərindən Fyodor Dostoyevskinin şah əsəri "Cinayət və cəza" hər kəsin mütləq oxumalı olduğu əsərlərdəndir. Kitabı "Mənbə" kitab evindən əldə edə bilərsiniz.