Fraza jurnalı 
 

Mayor Ceyms Nesmetin böyük bir xəyalı var idi: Qolf oyununda ən yaxşı olmaq... Və o bu məqsədinə nail olmaq üçün qeyri-adi bir üsul kəşf etdi. Ancaq bu üsulu kəşf edəndə o, adi bir oyunçu idi və oyunun əsas qaydalarını öyrənməyə çalışırdı. Sonra 7 il o, qolf ağacına toxuna bilmədi. Nesmet qeyri-adi üsulunu da elə qolf oynamadığı bu 7 ildə kəşf etdi. 7 ildən sonra sahəyə ilk dəfə çıxanda tam 74 xal topladı. Bu, qolfda qeyri-adi bir nəticə idi. Üstəlik, bu nəticəyə qolf ağacına ilk dəfə toxunanda nail olmuşdu. Bəs Nesmetin sirri nə idi? Əlbəttə ki, xəyalında canlandırmaq. Ancaq əvvəlcə onun bu üsulu harada və necə kəşf etdiyinə nəzər salaq... Mayor Ceyms Nesmet o 7 ili Şimali Vyetnamda əsir kimi keçirmişdi. Bütün bu müddət ərzində o, kamera həyatı yaşamış, demək olar ki, heç bir iş görməmişdi. İlk aylarda ümid bəsləməkdən və dua etməkdən başqa bir şey etmədi. Sonra məşğul olmaq üçün bir yol tapmalı olduğunu anladı. Yoxsa, gec-tez ağlını itirə bilərdi... Elə xəyalında canlandırmaq üsulunu da o bu şəraitdə kəşf etdi. Xəyalında sevdiyi bir qolf sahəsi seçir və qolf oynamağa başlayırdı. Hər şeyi ən kiçik xırdalıqlarına qədər xəyalında təsəvvür etməyə çalışırdı. Əynində qolf paltarı var idi. Yarpaqların və yeni kəsilmiş otların iyini belə hiss edə bilirdi. Onun üçün bəzən yay, bəzən qış olurdu. Hava bəzən tutulur, bəzən açılırdı. Küləkli bahar günləri, günəşli yay səhərləri isə tamam başqa bir aləm idi. Onun bu dünyasında hər şey var idi. Oxuyan quşlar, açan güllər və daha nələr, nələr... Qolf ağacını əlinə götürür, qarşısındakı topa vurur, sonra topun getdiyi yerə baxırdı. Artıq səhvlərini görmək də onun üçün çətin deyildi. Getməyə bir yeri olmadığı üçün tələsmirdi. Ona görə də, səhvlərini ən kiçik xırdalıqlarına qədər hesablayırdı. Həftədə 7 gün... Gündə 4 saat... Və ucu-bucağı görünməyən 7 il... Bir də bu 7 ilin bəhrəsi olan 74 xal...