Yasin Kərimli
Onu dünya tanıyır, adını ehtiramla çəkir. Nobel mükafatı almış kimyaçılar arasında onun da adının yer alması bizə qürur verir. O, təkcə Türkiyənin deyil, bütün Türk dünyasının fəxridir. Etiraf edək ki, Nobel mükafatı alana qədər çoxumuz Əziz Sancar adını heç eşitməmişdik, amma o, açıqlamalarında həmişə Azərbaycanı çox sevdiyini, bu ölkəni özünə doğma bildiyini deyir. Bizim böyük zəfərimizə qədər də və bu zəfərdən sonra da Əziz Sancar hər yerdə Azərbaycanın haqq səsini dünyaya çatdırdı, iştirak etdiyi məclislərdə, tədbirlərdə ermənilərin tarixi Azərbaycan torpaqlarını işğal etdiklərini dedi. Onun kimi mötəbər elm adamının sözləri, əlbəttə ki, öz təsirini göstərdi. Torpaqlarımızın düşmən işğalından azad olunmasına ən çox sevinənlərdən biri də elə o oldu. Azərbaycana gəldi, azad olunmuş torpaqlarımıza getdi, "Əhdim var" dedi və Şuşada namaz qıldı. Bəli, o dünya şöhrətli alim, akademik, biokimyaçı, molekulyar bioloq, Nobel mükafatı laureatı Əziz Sancardır, özü də bizim qardaşımız, soydaşımız, Əzizimizdir... ttt Əziz Sancar 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı bir ailədə dünyaya gəldi. Mardində daha çox ərəblər və kürdlər yaşadığı üçün kimisi onun ərəb, kimisi isə kürd əsilli olduğunu deyir. Amma Əzizin qardaşı Tahir Sancar ailəsinin Oğuz türklərinin Xasi qolundan olduğunu və Mardinə Xorasandan gəldiyini bildirir. Əziz Sancar ibtidai və orta təhsilini Mardində aldı. Orta məktəb illərində futbolla maraqlandı, hətta onu yeniyetmələr üzrə milli komandaya da dəvət etdilər. Amma məktəbi bitirənə yaxın Əziz Sancar futbolçu olmaqdan imtina etdi və ali təhsilini davam etdirmək üçün İstanbula üz tutdu. Əziz Sancar 1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirdi və iki il Savurdakı sağlamlıq mərkəzində həkim işlədi. ttt Bundan sonra Sancar NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) təqaüd xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi. Daha sonra isə Texas Universitetində məşhur alim Klod Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili aldı. Bu laboratoriyada Sancar məsləhətçisi Klod Rupertlə birlikdə fotoliaz adlı geni klonladı və bakteriyalarda çox yüksək nisbətdə çoxalmasına nail oldu. Nəticədə, bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT-ni bərpa etdi. Sancar 1977-1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyir və bu dövrdə DNT təmiri sahəsində dosentlik dissertasiyasını tamamlayır. 1997- ci ildən etibarən ABŞ-ın Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir. ttt DNT bərpası, hüceyrə massivi, xərçəng müalicəsi və bioloji saatla bağlı tədqiqatlarını davam etdirən Sancar bu günə qədər yüzlərlə elmi məqalənin və 33 kitabın müəllifidir. Sancarın əldə etdiyi elmi nailiyyətlər xərçəngin müalicəsində uğurla tətbiq edilir. 2001-ci ildə Amerika Kimya Cəmiyyətinin təsis etdiyi Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar, 2005-ci ildə elm dünyasının ən nüfuzlu mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına üzv seçildi və o bu akademiyaya üzv seçilən ilk amerikalı türk oldu. Daha sonra Əziz Sancar ABŞ-da təhsil alan türk tələbələrə kömək etmək, həmçinin Türk-Amerikan əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə "Əziz və Qven Sancar Vəqfi"ni qurdu və ABŞ-ın Şimali Karolina ştatında "Karolina Türk Evi"ni yaratdı. 2006-cı ildə isə Əziz Sancar Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçildi. ttt Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindalla birlikdə DNT-nin bərpası sahəsindəki tədqiqatlarına görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çoxdur ki, müstəqil olaraq, əsasən bakteriya hüceyrələri üzərində işləyirlər. Sancarın kəşfı DNT təmiri mexanizmlərindən nukleotid kəsikli təmir sahəsindədirsə, Tomas Lindal və Pol Modriçin kəşfləri isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi sahəsindədir. Belə ki, Sancar öz tədqiqatlarında hüceyrələrin zədələnmiş DNT-ni necə bərpa etdiyini və genetik məlumatları necə qoruduğunu kəşf etdi və o bu kəşfinə görə İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə - 10 dekabr tarixində təşkil edilən bir mərasimdə kimya üzrə Nobel mükafatına layiq görüldü. Mükafat Sancara İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edildi. Sancar bu mərasimdəki çıxışında: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir mavzoleyidir", - dedi və Nobel mükafatını, medalını və sertifikatını Atatürkün Anıtqəbir mavzoleyinə bağışladı. Hazırda, bu mükafat Atatürkün Anıtqəbir mavzoleyində, Atatürk və Qurtuluş müharibəsi muzeyində, onun üçün ayrılmış xüsusi yerdə nümayiş olunur. ttt 2018-ci ildə Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda yeni məktəb layihəsi kimi açılan Anadolu liseyinə verilmiş, onun kəşf etdiyi və adlandırdığı "maksisell texnikası", həmçinin "eksinukleaza fermenti/eksizion nukleaza fermenti" terminləri isə Oksford Universiteti "Biokimya və Molekulyar Biologiya Lüğətinə" daxil edilmişdir. Sancar Dallasda molekulyar biologiya sahəsində doktorluq təhsili aldığı dövrdə biokimya professoru Qven Bouls Sancarla tanış oldu. Beləliklə, 1977-ci ildə tanış olan Əziz Sancar və Qven Bouls Sancar 1978-ci ildən ailə qurdu. ttt 2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüş keçirir. Görüşdə "Türk dünyasının birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzumdur" fikirlərini səsləndirir. 2020-ci ildə isə Əziz Sancar Azərbaycanda gedən Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcək təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür. ttt "Mənim üçün Qarabağ müharibəsi və Azərbaycanın əldə etdiyi zəfər Türkiyənin Qurtuluş müharibəsindən sonra Türk dünyasının əldə etdiyi ən böyük zəfərdir". Bu sözlər də Əziz Sancara aiddir. Sancar bu sözləri keçirdiyi mətbuat konfransında dedi. Bu mövzu ilə bağlı sözlərinə isə o belə davam etdi: "Bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir. Mən Qarabağ müharibəsini yaxından izləmişəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, bundan sonra Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Mən niyyət etmişdim ki, Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzum da yerinə yetdi". ttt Əziz Sancar son dərəcə zəhmətkeş, fədakar alimdir. O deyir ki, zəhmət yoxdursa, istedad arzu olunan nəticəyə qovuşmaq üçün kifayət deyil. Bakıda keçirdiyi görüşlərdə o, gəncləri elmlə ciddi məşğul olmağa çağırdı və dedi ki, hər bir xalqın inkişafı onun elmindən asılıdır, elmli xalqlar həmişə inkişafdadır. Sancar öz laboratoriyasının bütün imkanlarını Azərbaycan gənclərinə açdığını və istəyən hər bir soydaşımızın orada işləyə və elm öyrənə biləcəyini elan etdi. Azərbaycanı öz vətəni bilən Sancar, "Azərbaycandan təhsil almaq üçün kim mənə müraciət etsə, kömək etməyə hazıram", - dedi. O, Bakıda jurnalistlərə verdiyi müsahibədə isə bunları bildirdi: "Azərbaycana və azərbaycanlılara xüsusi sevgim var. Məhz buna görə Azərbaycan elminə töhfə vermək istəyirəm. Azərbaycan türk yurdudur. Ona görə bu torpağı görməyə gəlmişəm". ttt Əziz Sancar kimi alimlər gənclərimiz üçün çox böyük nümunədir. Onun keçdiyi həyat yolunu öyrənən hər bir gənc əmin olur ki, əzmkarlıq, zəhmət və istedad insanı öz arzusuna qovuşdurur. Əziz Sancar Azərbaycan təhsilinin inkişafını çox istədiyini və bunun üçün əlindən gələni etməyə hazır olduğunu dedi. Ən başlıcası isə 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə bütün Türk dünyasının qürur hissi keçirdiyini bildirdi.