Yusif Zayıdov 


Xaricdə təhsil dedikdə nədənsə bir çoxumuzun ağlına gələn ilk ölkə Türkiyə olur. Buna təkan verən həm dilimizin, həm dinimizin, həm də adət-ənənəmizin eyni olmasıdır. Bu dəfə də yolumuzu Türkiyəyə təhsildən salan imtahan növündən danışacağıq. Türkiyədə bakalavr təhsili almaq istəyən gənclərdən tələb olunan YÖS imtahanlarından... Son illər aparılan statistik araşdırmalara əsasən, imtahanlarda iştirak etmək üçün müraciət edən namizədlərin sayına görə ölkəmiz ilk sıralardan birini tutur. Bundan başqa, imtahanlarda iştirak etmək üçün müraciət edən namizədlər arasında ABŞ, Fransa, Almaniya, Bolqarıstan, Yunanıstan, İran, İraq, Suriya, İordaniya, Yəmən, Türkmənistan, Əfqanıstan, Mərakeş, Misir, Nigeriya, Somali kimi ölkələrin vətəndaşları da az deyil. Hər il bu imtahana girən tələbələrin sayı ölkədən-ölkəyə dəyişməklə tələb az olan universitetlərin imtahanlarında 1000-3000, orta olan universitetlərin imtahanlarında 3000-8000, yüksək olan universitetlərin imtahanlarında isə 8000-20000 namizəd iştirak edir. Bir müraciət üçün imtahana ödəniləcək məbləğ universitetdən, seçilmiş yerli və ya beynəlxalq imtahan mərkəzindən asılı olaraq orta hesabla 10 ABŞ dolları ilə 150 ABŞ dolları arasında dəyişir. "YÖS imtahanı nədir?" sualı ilə yola çıxaraq imtahan barədə daha ətraflı məlumatı müsahibimiz, xaricdə təhsil üzrə ekspert Bilal Durnadan almağa çalışdıq...

- YÖS nədir və kimlər YÖS imtahanında iştirak edə bilər?

- Türkiyədə bakalavr təhsili almaq istəyən bir çox tələbədən YÖS imtahanı tələb olunur. Bununla yanaşı bakalavr təhsili almaq istəyənlər SAT imtahanı və attestat balı ilə də universitetlərə müraciət edərək qoyulmuş qaydalar çərçivəsində qəbul ala bilərlər.

- Türkiyədəki universitetlərdə bakalavr təhsili almaq istəyən bütün tələbələrdən YÖS imtahanı tələb olunurmu?

- YÖS xarici vətəndaşlar üçün nəzərdə tutulur. Açılışı belədir: Yabancı Uyruklu Öğrenci Sınavı (Xarici Tələbə İmtahanı) və ya Yurt Dışından Öğrenci Kabul Sınavı (Xarici Tələbə Qəbulu İmtahanı). YÖS imtahanına digər ölkələrdən gələn və türk vətəndaşlığı daşımayan vətəndaşlar girə bilərlər.

- YÖS imtahanına müraciətlər nə vaxt, harada və necə həyata keçirilir?

- Müraciətlər əsasən dekabr və may aylarında, universitetlərin veb saytları vasitəsi ilə onlayn şəkildə həyata keçirilir. Müraciətlərlə bağlı lazım olan məlumatlar universitetlərin veb saytlarında yerləşdirilir. 

- YÖS-ə müraciətlə bağlı hər hansı bir məhdudiyyət varmı?

- İmtahanda iştirak etmək üçün hər hansı bir məhdudiyyət yoxdur. Yaşından və milliyyətindən asılı olmayaraq hər bir şəxs imtahanda iştirak edə bilər. Bundan əlavə, müxtəlif universitetlərin imtahanlarında iştirak etmək üçün də heç bir məhdudiyyət qoyulmur. Başqa sözlə, tələbələr istədikləri vaxt və istədikləri qədər imtahanda iştirak edə bilərlər.

- YÖS nə vaxt keçirilir və nəticələr nə vaxt elan olunur?

- YÖS-ə müraciət universitetdən universitetə dəyişir. Müraciətdən sonra imtahan tarixi açıqlanır. İmtahan tarixi açıqlandıqdan sonra ən geci bir ay içində bütün cavablar elan olunur.

- Bu imtahanı, əsasən, Türkiyənin hansı universitetləri həyata keçirir?

- Türkiyənin 30-dan çox universiteti xaricdəki təmsilçiləri vasitəsi ilə YÖS imtahanını həyata keçirir. Məsələn, bu universitetlərə İstanbul, Marmara, Galatasaray, Yıldız Teknik, Ankara, Başkent, Ege, Dokuz Eylül, Anadolu, On Dokuz Mayıs, Akdeniz, Karadeniz Teknik, Trabzon, Selçuk, Çukurova, Uludağ, Mersin, Erciyes, Atatürk, Yüzüncü Yıl, Cumhuriyet, Celal Bayar, Dumlupınar, Süleyman Demirel, Pamukkale, Uşak, Muğla, Alanya, İnönü, Gaziantep, Kocaeli, Karabük, Sakarya, Düzce, Kastamonu və Giresun universitetlərini misal göstərmək olar.

- YÖS imtahanının strukturu necədir? Məsələn, neçə dəqiqə davam edir və ya neçə sual verilir?

- YÖS imtahanı riyaziyyat, məntiq və həndəsə suallarından ibarət olur. Əsasən, 80-100 sual olur və 90-120 dəqiqə arası davam edir.

- YÖS imtahanı nə vaxt keçirilir?

- YÖS imtahanı əsasən mart ayında başlayır və avqust ayına qədər davam edir. Hər universitet fərqli müraciət və imtahan tarixləri açıqlayaraq imtahanları həyata keçirir.

- YÖS-də namizəddən nə qədər bal toplamaq tələb olunur?

- Namizəd imtahan verdikdən sonra 80 və ya 100 sual olmağından asılı olaraq onun balı 100 bal üzərindən qiymətləndirilir.

- Ballar necə hesablanır?

- Balların hesablanması universitetdən universitetə dəyişir. Ancaq çox vaxt tələbənin aldığı ilkin bal əsas götürülür.

- YÖS imtahanı hansı ölkələrdə keçirilir?

- YÖS imtahanı dünyanın bir çox ölkələrində, xüsusilə də, Türkiyə Respublikasının təmsilçiliyi olan ölkələrdə keçirilir.

- YÖS imtahanının nəticələrinin etibarlılıq müddəti nə qədərdir?

- YÖS imtahanının etibarlılıq müddəti 2 ildir. Qazanılmış bal 2 il müddətinə universitetlər tərəfindən qəbul olunur.