İsmayıl Əhməd 
 

Mütəxəssislər haqlı olaraq bizim ermənilər üzərində qazandığımız tarixi qələbəni 200 ilin intiqamı adlandırırlar. Həqiqətən də, son 2 əsrlik tariximizə nəzər saldıqda başımıza gələn bütün fəlakətlərin təməlində erməni əli görünür. Anadoludan və İran ərazisindən Arazın şimalına köçürülmüş bu düşmən tayfası tarixin hər qarışıqlıq dövründə üstümüzə qalxmış, sonra da şimaldan uzanan güclü bir əl guya ədalət tətbiq edirmiş kimi hər iki tərəfi günahlandırmış, sülhə dəvət etmiş və nəticədə, bizdən qoparıb onlara ərmağan etmişdir. Hər dəfə də ssenari eyni şəkildə tamamlanmışdır. Halbuki, kimin haqlı, kimin haqsız olduğu gün kimi ortada olmuşdur. İstər çar Rusiyası dövründə olsun, istər Birinci Dünya müharibəsi dövründə, istərsə də sovet hakimiyyəti... Yaltaqlığı, ikiüzlülüyü, özünü məzlum kiimi göstərməyi ən gözəl şəkildə bacaran bu zalımlar 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində ilk dəfə layiq olduqları cavabı aldılar. Amma bu heç də o demək deyil ki, daha bundan sonra onlar reallıqla barışacaq və regionun inkişafı üçün çalışacaqlar. Bu iddiaya inananların nə tarix yaddaşı var, nə də erməni xislətindən xəbərdardırlar. Nə qədər ki, sən onlardan güclüsən sənə yalmanacaqlar, elə ki, diş keçirə biləcəklərinə inandılar, o saat niyyətlərini ortaya qoyacaqlar. "Su yatar, düşmən yatmaz" deyib atalarımız. Bu deyim boydan-boya erməniləri ifadə edir. Ermənilərin torpaqlarımıza təcavüzü ilkin mərhələdə lokal xarakter daşısa da, Gülüstan və Türkmənçay müqaviləsindən, yəni Azərbaycanın İran və Rusiya arasında ikiyə bölünməsindən sonra daha geniş miqyas almağa başladı. Məhz bu müqavilələrdən sonra Rusiya ərazisinə köç etməyə başlayan ermənilər çarın əmri ilə tarixi Azərbaycan torpaqlarında məskunlaşmağa başladılar. XIX əsrin sonlarına doğru yüksələn xətt üzrə inkişaf edən bu proses XX əsrin ilk illərindən etibarən çoxsaylı qətllərlə müşahidə olunmağa başladı. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər. Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurdu, insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilirdi. Erməni vandalizminin bariz nümunəsi olaraq xüsusi amansızlıqla öldürülən azyaşlıları və silahsız qadınları göstərmək olar. Onların ağlasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirdilər, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin saldılar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Şamaxı qəzasında isə 8000-ə yaxın insan soyqırıma məruz qoyuldu. Şamaxıda 58, Qubada 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə-yeksan olundu. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya gəlməsə idi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk şəhid oldu. 1918-ci il 30 mart tarixində axşam saat 05:00-da Bakıda ilk atəş səsləri eşidildi. Yaxşı silahlanmış və hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3-4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyidi tapılmışdı. 1918-ci ilin mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Qoşunu ilə Şamaxıya gələn Stepan Lalayan ilk olaraq qadınların, uşaqların və yaşlıların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Tarixi sənədlərdə göstərilir: "Qadın və uşaqların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Səfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini düşünürdü. Amma ermənilər məscidə girərək, axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər, məsciddəki bütün qadınları öldürdülər". Şamaxıda təxminən 8000-ə yaxın insan öldürüldü ki, bunun da 1653-ü qadın, 965-i isə uşaq idi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə müsəlman türk və ləzgi qətlə yetirilmişdi. Heç təsadüfi deyil ki, 2007-ci il aprelin əvvəllərində Quba ərazisində kütləvi məzarlıqlar aşkar edildi. Bütün bunlar bir daha azərbaycanlılara qarşı soyqırımı təsdiqləyir. İrəvan quberniyası ilə qonşu olan Azərbaycanın Zəngəzur mahalında 115 kənd dağıdılmış, 3257 nəfər kişi, 3276 nəfər qadın, 2196 nəfər uşaq qətlə yetirilmişdi. Mərhum yazıçımız Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında o günlərdə baş verənləri o qədər canlı təsvir edir ki, oxucu özünü o hadisələrin içində hiss edir. Rus əsgərlərinə arxalanan, onlardan hər cür yardım alan erməni cəlladlarının Bakıda və eləcə də, Azərbaycanın digər bölgələrində törətdikləri cinayətlər o qədər dəhşətli, o qədər ağır oldu ki, şahidlər sovet illərində belə onları unuda bilmədi, övladlarına danışdılar. Ola bilsin ki, ermənilərlə növbəti sülh müqaviləsi imzalandı və gediş-gəliş, yeni münasibətlər yarandı, amma biz tarixi heç vaxt unutmamalı, bu gerçəkləri dərs kitablarında övladlarımıza öyrətməliyik ki, kimin kim olduğunu bilsinlər. Tarixi unutmaq olmaz, çünki keçmişini bilməyənin gələcəyi faciəyə dönər. Həmişə güclü olmalı, dövlətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.