Birinci Qarabağ müharibəsində döyüşən ən gənc Milli Qəhrəmanlardan biri Elgiz Kərimovdur. O, 21 yaşında cəbhəyə könüllü getmişdi. Yaşının az olmasına baxmayaraq döyüşlərdə cəsarət göstərməsi onu komandirləri və digər döyüş yoldaşları arasında xüsusilə tanıdırdı. O, döyüşdə ağır yaralanır, bir neçə ay xəstəxanada yatır, ancaq sağalandan sonra döyüş bölgəsinə qayıdır və əməliyyatlarda iştirak edir. Bu cür hadisələr İkinci Qarabağ müharibəsində də baş verir. Yaralılara yardım edən həkimlər və başqaları şahidi olduqları hadisələri danışırlar. Onlar neçə-neçə yaralı hərbçinin yenidən cəbhəyə qayıtmaq üçün necə can atdıqlarını bildirirlər. Onlar vicdanla döyüşən, bir-birini düşməndən qoruyan, bir-birinə görə canını təhlükəyə atan (həm də, heç düşünmədən), inamla vuruşan insanlardır. Qəlblərə hopmuş o hiss, şəhid olmaq arzusu, şəhid olmaq sevgisi bir çox müharibə iştirakçısına dünyanın ən ağır, ən faciəli hadisəsini belə sevdirir... Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. O, 1987-ci ildə orta məktəbi bitirir və hərbi xidmətə gedir. Hərbi xidməti başa vurandan sonra Bərdəyə qayıdır. Bir müddət sonra Qarabağda müharibə başlayır. Ermənilərin təcavüzünü eşidən insanlar ölkənin dörd bir tərəfindən könüllü olaraq cəbhəyə gedirlər. Onlardan biri də Elgiz Kərimov olur. Elgiz Kərimov düşmənin hücuma keçdiyi Əsgəran, Xocalı və digər rayonlar uğrunda gedən döyüşlərə qoşulur. Əsgəran yaxınlığında gedən şiddətli döyüşlərdə neçə-neçə erməni silahlısını öldürür. Məhz bu döyüşdən sonra Elgiz Kərimov döyüş yoldaşları içərisində seçilməyə başlayır. Onun cəbhədə baş verənlər barədə yazdığı xatirə dəftərində maraqlı bir hadisə qeyd olunur: "Bu gün 91-ci il yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı yerə qoy. Ancaq qoymadım. Çünki ermənilər Əsgəran tərəfdən amansızlıqla Döyüş yoldaşlarını xilas edərkən şəhid olan Milli Qəhrəman ELGİZ KƏRİMOV MART Fraza 3 MİLLİ QƏHRƏMAN Fraza hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri də rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın aldılar", - deyirdi. İkinci əsir isə Qarabağ haqqında anlayışı olmayan gəlmə bir "dığa" idi. O da gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncü əsiri isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, mənə necə yalvarır, necə imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfaları idi. Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım. Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürmüşdülər. Kərkicahanı isə hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsində ağır yaralandım. Üç ay özümdə olmadım". Elgiz xatirələrində yaralanandan bir neçə ay sonra yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına qayıtdığını bildirir: "Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun sürmədi. Ermənilər Naxçıvanik (indiki Naxçıvanlı) istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməli idi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi". Elgiz Kərimov həmin gün şəhid olur... O, 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlir. Bir saata yaxın davam edən ağır döyüşlərdən sonra ermənilərin mühasirəsi yarılır. Azərbaycan hərbçiləri xilas edilirlər. Məhz həmin əməliyyatda Elgiz Kərimov dünyasını dəyişir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Qəbri Bərdə rayonundadır.