Qloballaşma prosesi gün keçdikcə daha da sürətlənir. Bu proses müxtəlif xalqları, millətləri, fərqli din və inanclara sahib insanları birlikdə yaşamağa məcbur edir. Bunun təbii nəticəsi olaraq, sosial münasibətlərdə problemlər də çoxalır. Məsələyə bu aspektdən baxanda cəmiyyətdə və ümumiyyətlə, dünyada sosial tarazlığın, həmçinin, sülhün təmin edilməsində tolerantlıq və xoşgörünün nə qədər mühüm bir amil olduğu bir daha ortaya çıxır.
Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başladı. Tolerantlıq Qərb dünyasında dini təəssübkeşliyin tüğyan etdiyi ölkələrdə əsrlər boyu tədricən formalaşaraq ortaya çıxdı. Bir sözlə, Qərb dünyası tolerantlığı yaşanan çox acı təcrübələr nəticəsində əldə edə bildi. Leonard Binderin ifadə etdiyi kimi Qərbdə tolerantlıq bir qrup xristianın başqa qruplara mənsub olan digər xristianları qəbul etmələri nəticəsində meydana gəldi.
Həm tolerantlıq, həm də xoşgörü psixo-sosial cəhətdən daha sağlam bir cəmiyyətin formalaşması üçün çox mühüm amil hesab edilir. Dünyanın heç bir yerində hər cəhətdən eyni xüsusiyyətlərə sahib olan, təkrəngli və təkqütblü bir cəmiyyətə rast gəlmək mümkün deyil. Hər bir cəmiyyət istər-istəməz fərqli xüsusiyyətləri, rəngarəngliyi özündə ehtiva edir. Necə ki, bu fərqlilikləri ayrılıq olaraq görmək də olar, zənginlik olaraq anlamaq da. Allah (c.c.) istəsə idi, bütün bəşəriyyəti eyni din və əqidə ətrafında toplaya bilərdi. Onun sonsuz qüdrəti qarşısında bu o qədər də çətin deyil. Quranda belə buyurulur: "Hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsə idi, hamınızı bir tək ümmət edərdi. Elə isə dayanmayın, xeyirli işlərdə bir birinizlə yarışın" (Maidə, 5/48).
İnsanlar arasındakı həm dil və etnik, həm də din və məzhəb fərqlilikləri insan fitrətinin pir parçası və həyatın əsas şərtidir. Fərqli düşünmək, fərqli şərhlər vermək, başqa düşüncə və anlayışa, fərqli inanca sahib olmaq təbii bir prosesdir. Ağacların müxtəlifliyi ilə meşənin mənzərəsi gözəlləşdiyi kimi, sosial həyatdakı fərqliliklər də insanın özündə və təbiətində var. Ayədə belə deyilir: "Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir" (Rum, 30/22).
Uca dinimiz İslam insanlara qarşı xoşgörü və tolerantlıq nümunəsi sərgiləyən səmavi bir din olduğu kimi, qloballaşan dünyada İslamın və müsəlmanların da layiq olduğu münasibət məhz xoşgörü və tolerantlıqdır. Misal üçün müxtəlif dövrlərdə, xüsusilə Qərb dünyasında İslamı və müsəlmanları terrorla eyniləşdirməyə çalışmaq məhz xoşgörüdən və tolerantlıqdan uzaq bir münasibətin təzahürüdür.
İnsan fitrət olaraq hər zaman və hər yerdə həmişə sevilmək, hörmət görmək, xoş qarşılanmaq istəyir. Ancaq sevgi, hörmət, cəsarət və təvazökarlıq kimi xüsusiyyətləri əldə etmədən də xoşgörü və tolerantlıq sahibi olmaq mümkün deyil. Bu minvalla sevilmək, hörmət edilmək və xoş qarşılanmaq istəyən hər kəs əvvəla özü xoşgörü və tolerantlıq sahibi olmalıdır. Əks halda, onun belə bir münasibət görməsi qeyri-mümkündür.
Əsasən, Qərb mənşəli olan tolerant kəlməsi arada fərqli nüanslar, fərqli məna çalarları olmaqla yanaşı, şərq mənşəli olan xoşgörü kəlməsi ilə bənzər mənaları daşıyırlar. Tolerantlıq inancından asılı olmayaraq hər kəsi öz mövqeyində qəbul etmək və onunla uzlaşma yolları axtarmaqdır. Onu da qeyd edək ki, tolerantlıq başqalarına qoşulmaq, onlar kimi düşünmək, onlar kimi yaşamaq, öz dəyərlərindən uzaqlaşmaq deyil. Əksinə, tolerantlıq başqalarını onların öz mövqelərində qəbul etməkdir.
Volter tolerantlıq haqda belə deyir: "Anlaşılmazlıq insanın ən böyük xəstəliyidir. Tolerantlıq isə ən böyük çarəsi." Tolerantlıq kəlməsi güclü tərəf olmaq, fiziki gücə sahib olmaq kimi mənaları özündə ehtiva edir. Tolerantlıq hər hansı bir insanın dil, din, məzhəb, düşüncə, etnik qrup, cinsiyyət və siyasi mövzularda başqa görüşləri yox sayma və tanımama imkan və gücü olduğu halda, bu gücü istifadə etməmək, başqalarının varlığını tanımaq və qəbul etməkdir.
Xoşgörü kəlməsində də güclü tərəf olmaq mənası var. Ancaq buradakı güc daha çox psixoloji və mənəvi gücdür. Xoşgörüdə insanları geniş bir qəlblə qucaqlamaq, isti qarşılamaq var.
Xoşgörü demək bir şəxsin varlığından, vətən, millət, din, namus və s. duyğu və dəyərlərindən güzəştə getmək demək deyil. Xoşgörünün bir prinsipə çevrilməsi üçün başqa prinsiplərdən vaz keçmək tələb olunmur. Həmçinin, xoşgörülən düşüncə ya da fəaliyyətin mütləq mənada doğru və şübhə qəbul etməz bir həqiqət olması da lazım deyil.
Tarix boyu müsəlmanların idarəsi altında yaşayan etnik və dini azlıqlar onlara verilən haqların işğal gücləri tərəfindən əllərindən alınması ilə məgərsə müsəlmanların onlara nə qədər geniş haqq və hüquqlar bəxş etdiyini anlamışlar. Məsələyə bu aspektdən baxanda xoşgörü, dialoq, hər kəsə hörmətlə yanaşmaq, hər kəsi öz mövqeyində qəbul etmək kimi dəyərlərin Həzrəti Peyğəmbərimizin (s.ə.s.) Mədinə müqaviləsində, həmçinin, Vida Xütbəsində bəyan edildiyini görürük.
Dinimizdə tolerantlığa həmişə böyük əhəmiyyət verilmişdir. Tolerantlıq, dialoq və ya hər kəsi öz mövqeyində qəbul etmək düşüncəsi və bunun həyata keçirilməsi İslam tarixində ilk dövrlərdən mövcuddur. Mədinə müqaviləsində Həzrəti Peyğəmbərimiz (s.ə.s.) dini və etnik kimliyindən asılı olmayaraq, insanın əsas haqq və hüquqlarını və bu haqların toxunulmazlığını bildirir. Bu müqavilə imzası olan hər kəsə və hər qrupa sülh, təhlükəsizlik, azadlıq, bərabərlik, ədalət və ümumbəşəri dəyərlər altında yaşamağa zəmanət verirdi. Müqavilə Mədinədə yaşayan yəhudi və xristianlarla bağlanmışdı.
Müxtəlif sosial və etnik qruplara mənsub olmağı üstünlük kimi görmək də doğru deyil. Belə ki, həqiqi üstünlük Allah dərgahında yaradılışdan gələn millət, irq, nəsil, mal və s. kimi xüsusiyyətlərlə yox, insanın öz iradəsi ilə qazandığı mənəvi dəyərlərlə ölçülür. Quranda buna təqva deyilir.
Qeyd edək ki, Hucurat surəsində keçən: "Bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq" ayəsindəki "təaruf" (bir-birini tanıma) kəlməsi haqqında təfsir alimləri belə deyirlər: "Bir-birini tanıma (təaruf) bərabər və eyni şərtlər altında tarazlığı qoruyaraq bütün problemlərin asanlıqla həll ediləcəyi bir mühit deməkdir".
Xoşgörü və tolerantlıq mühitinin formalaşması üçün fərqlilik və müxtəliflik kimi amillərin olması zəruridir. Hər şeyin bir-birinin eynisi və bənzəri olan bir mühitdə xoşgörü və tolerantlıqdan bəhs etmək mümkün deyil. Çünki xoşgörü anlayışının ortaya çıxmasını təmin edən əsas faktor fərqlilik və müxtəlifliyin təbii qəbul edilməsidir. Dolayısı ilə xoşgörü və tolerantlığın mövzusu olan fərqliliklər, insanın doğuşdan dünyaya gətirdiyi dil, cinsiyyət, etnik kimlik, inanc və sosial həyat kimi fitri xüsusiyyətlər nəticəsində formalaşan məsələlərdir.
Xoş görülən və tolerantlığın mövzusu olan dəyərlər fitri xüsusiyyətlərin kənarına çıxmamalıdır. Misal üçün təbiətə və ətraf mühitə ziyan vurmaq, ya da "ağ ölüm" deyilən narkomaniya heç vaxt xoşgörü və tolerantlığın mövzusu ola bilməz.
Quran ayələrində insanlara mömin, kafir, münafiq, müşrik kimi bir sıra ad və xüsusiyyətlər verilsə də, bu vəziyyət onlarla birlikdə olmamaq, ya da eyni cəmiyyətdə yaşamamaq mənasına gəlmir. Belə adların verilməsi insanların İslam dini ilə aralarındakı münasibətdən qaynaqlanır və cəmiyyət mozaikasındakı fərqli inanc və anlayışlar üçün bir kimlik mahiyyəti daşıyır.
Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf İspaniyada müsəlmanlara, yəhudilərə və katolik məzhəbindən başqa xristianlığın digər bütün qollarına qarşı aparılan işgəncə, zülm və assimilyasiya siyasəti ilə bağlı maraqlı bir təsbiti var. Xristianlıq içərisində azlıq təşkil edən, əsas kilsələri Livanda olan, Avropada isə ümumiyyətlə məlum olmayan Maruni məzhəbinə mənsub olan Amin Maaluf belə deyir: "Xristianlıq içərisində belə bir dini azlığın mənsubu kimi, var olmağı və bu inancı davam etdirməyi müsəlman coğrafiyasında yaşamağımıza borcluyuq. Əgər marunilər olaraq xristianlığın qəlbi olan bir Avropa ölkəsində olsaydıq, böyük ehtimal ki, assimilyasiyaya məruz qalacaq və yox olub gedəcəkdik".
Tolerantlıq nümunəsi kimi onu da qeyd edə bilərik ki, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə maddi mədəniyyət abidələrimiz olan məscidləri dağıtmasına baxmayaraq, Bakıdakı erməni kilsəsinə bu gün də toxunulmamışdır.
Nazim Mustafayev