Start-up ingilis dilindən tərcümədə "başlamaq" və ya "işə salmaq" mənalarını verir. Start-up dedikdə, mövcüd olmayan bir ideyanın reallaşdırılması və ya mövcud olan bir ideyanın təkmilləşdirilməsi üçün inkişafa meyilli təşəbbüslər başa düşülür. Çox vaxt start-up dedikdə təkcə informasiya texnologiyaları (və ya başqa sözlə, İT) sahəsi ilə əlaqədar fəaliyyət başa düşülür. Lakin bu belə deyil və start-up-lar iqtisadiyyatın təkcə İT sahəsinə yox, bütün sahələrinə aid ola bilər. Yəni, istənilən sahədə mövcüd olmayan nəyisə kəşf etmək və ya mövcud olan bir şeyi daha da təkmilləşdirmək olar. Ən böyük start-up-lara HP, Facebook, YouTube, İnstagram, Wikipedia və s. misal göstərmək olar.
İlk dəfə start-up anlayışı 1939-cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko şəhərinin Santa-Klara Vadisində yaranmışdır. Bu ərazi hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan Silikon Vadisi adlanır. Həmin il Stendford Universitetində təhsil alan tələbə dostlar Uilyam Hyulett və Devid Pakkard o dövr üçün yeni hesab edilən və çox da böyük olmayan layihələrini yaratdılar ona "Start Up" adını verdilər. Zaman keçdikcə bu layihə hazırda dünyanın ən nəhəng texnoloji şirkətlərindən biri olan HP şirkətinə çevrildi. Şirkətin adı qurucuların adlarının baş hərflərindən götürüldü və "Hewlett-Packard" (HP) adlandırıldı. HP şirkətinin başlanğıc sərmayəsi 538 dollar idi və onun ilk ofisi Palo Altoda adi bir qarajda yerləşirdi. Hazırda dünyanın ən böyük texnoloji start-up-ları da Silikon Vadisində yerləşir. Start-up termini isə ilk dəfə 1973-cü ilin avqustunda "Forbes", 1977-ci ilin sentyabrında "Business Week" jurnallarında istifadə edilmiş və bu konsepsiya 90-cı illərdən başlayaraq, daha geniş yayılmağa başlamışdır.
Kimlər start-upla məşğul ola bilər?
Əslində, istənilən insan start-up qura bilər. Yetər ki, bunun üçün maraqlı ideyası olsun. Əgər aşağıdakı xüsusiyyətlər sizdə varsa, əmin olun ki, start-up elə sizə görədir:
- Əgər işləməyi çox sevirsinizsə: İş prosesində qarşıya çıxan çətinlikləri həll etməyi və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar üçün bu biznes ən əla variantdır;
- Əgər qanınızda innovatorluq varsa: Start-up biznesində innovasiya çox vacibdir. Buna görə də, bir çox böyük şirkətlər həmişə uğurlu start-up axtarışındadırlar. Onlar bir neçə il vaxt itirərək, yeni ideyalar hazırlamaqdansa, hazır start-upları almağı daha üstün tuturlar.
Start-up adi biznesdən nə ilə fərqlənir?
1. Start-up-a kiçik kapitalla da başlamaq olar: İlk fərq ondadır ki, biznes üçün müəyyən bir heyət olmalıdır. Start-up-lar isə kiçik bir heyətlə də başlaya bilər. Hətta, ola bilər ki, start-up-da tək bir adam olsun. Üstəlik, burada ofis də o qədər vacib deyil. Çünki planda hələ bir və ya bir neçə il gəlir götürmədən işləmək var. Bu, hər bir start-up-a başlamazdan əvvəl nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, həmçinin, gələcək bazarı yaratmaq üçün pulsuz olsun.
2. İnvestor, adətən, start-up-ın heyətində yer alır: Start-up üçün ilkin kapital, adətən, investorun özü tərəfindən maliyyələşdirilir. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və digər mənbələr hesabına maliyyələşirsə, start-up-lar başlıca olaraq, investorlardan və ya sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki start-up-ların nə qədər uğur gətirəcəyini və ya nə qədər ziyanla işləyəcəyini əvvəlcədən hesablamaq çox çətindir.
Adətən, start-up-ların tarixi çox qısa olur və onlar qısa vaxt ərzində ya uğurlu şirkətə çevrilir, ya da uğursuzluğa məruz qalırlar.