Aygün Zayıdova 
 

Məleykə Kangül Mursaquliyeva: 

"Sevgi dolu uşaq nizamintizama tez tabe olur" 

Bu gün cəmiyyətimizdə mənfi yol seçmiş yüzlərlə uşaq, yeniyetmə, gənc görürük və ya haqqında oxuyuruq. "Bunun səbəbi nədir?" deyə sual versək, əksər hallarda "sevgisizlik" və ya "az sevgi görmək" cavabı ilə qarşılaşarıq. Buradan belə çıxır ki, yaşadığımız cəmiyyət üçün övlad yetişdirən valideynlərimizin üzərinə çox böyük vəzifə düşür. Budəfəki mövzumuz sevgidir, valideynlərin övladlarına verdiyi sevgi. Məsələ ilə əlaqədar klinik psixoloq, yazıçı Məleykə Kangül Mursaquliyeva ilə həmsöhbət olduq... 

 - Valideynlər övlad sevgisində necə balans qurmalıdırlar? 
- Sevgi hər dildə ən vacib və ən düşündürücü sözdür. Sevgi o qədər güclü enerjidir ki, həyatımızın mərkəzində böyük rol oynayır. Hər birimizə sevginin mahiyyətindən və dünyanı sevginin əhatə etməyindən danışırlar. Sevmək və sevilmək insanın təbiətində var. Ona görə də, insan münasibətlərdə həmişə sevgi axtarır. İnsanın sevildiyini hiss etmək ehtiyacı digər emosional ehtiyaclardan daha üstündür. Odur ki, bütün nağıllar, hekayələr, şeirlər, nəğmələr bizə sevgi üçün dağları, dənizləri aşmaqdan, səhraları keçməkdən, çətinliklərə sinə gərməkdən xəbər verir. Sevgi saf və aydın hiss olduğu üçün uşaqların o sevgini hiss edib qarşı tərəfə əks etdirməsi çox sürətlə baş verir. Ona görə də, uşaq tərbiyəsinin təməli sevgi üzərində qurulmalıdır. Hər bir uşağın dominant sevgi dili var və bunun sayəsində o, valideyn sevgisini ən yaxşı şəkildə qavrayır. Valideynlər, ilk növbədə, övladlarının sevgi dilini kəşf etməlidirlər. Qeri Çepmen sevgi dilinin beş ünsüründən bəhs edir. Bunlar fiziki təmas, hədiyyələrin alınması, keyfiyyətli vaxt, birgə fəaliyyət və dəstəkləyici sözlərdir. Hər bir uşağın sevgi dili ona xasdır. Odur ki, övladının sevgi dilini kəşf etmək valideynin borcudur. Əgər valideyn övladının sevgi dilini kəşf etsə, uşaq sevildiyini hiss edəcək. Sevgi dolu uşaq isə nizam-intizama tez tabe olur. Çünki uşaq sevildiyini hiss edir və bu nizam-intizamı təzyiq kimi qəbul etmir. 

- Valideyn nə üçün bəzən sevgi balansında orta yolu tuta bilmir? Xüsusilə də, Azərbaycanda bu balans oğlan-qız övladları arasında pozulur. 
- Sevgidə orta yolu tuta bilməmək sevgini qarşı tərəfə necə çatdırmağı, həmçinin, davranışında bunu necə göstərməyi bilməməkdən irəli gəlir. Ümumiyyətlə, valideynlər övladlarını sevirlər və onları sevdiklərini ifadə edirlər. Ancaq burada əsas məsələ sevgidəki tarazlığı bilmək və bunu əks etdirməkdir. Həqiqi sevginin nə oluğunu bilən valideyn övladları arasında sevgini necə bölüşdürəcəyini, hər bir uşağın "sevgi xəzinəsini" necə dolduracağını da bilir. O, sevgini cinsindən asılı olmayaraq övladına verən tərəfdir. Bəzi ailələrdə cins fərqlərini nəzərə alan və uşaqlarına buna görə sevgi gostərən valideynlər də ola bilər. Bunun səbəbi mədəniyyət kodlarıdır. Artıq işə yaramayan bu kodların yerini ümumbəşəri sevgi alsa, həm valideynlər qeyd-şərtsiz sevgilərini çatdıracaq, həm də uşaqlar bu sevgini qeyd-şərtsiz hiss edəcəklər. 

- Qız övladlarının ailədə daha çox sıxışdırılmasına bir mütəxəssis kimi mövqeyiniz... 
- Əgər qız uşağı öz ailəsində valideynləri tərəfindən təzyiqə məruz qalırsa, o zaman valideynlər özlərinə sual verməlidirlər: "Mən qızımı niyə sıxışdırıram?" "Qızımı sıxışdırarkən özüməinamsızlıq hissimi də ətrafa əks etdirmiş olmurammı?" Çünki bir yerdə sıxışdırılma varsa, o yerdə inamsızlıq var. Qız öz atasından və ya anasından kifayət qədər inam hissi görürsə, o, öz yolunu necə olmalıdırsa, elə də təyin edəcək. Bəzən valideynlər nizam-intizamla sıxışdırmağı (ya da başqa sözlə, təzyiqi) ayırd etməkdə çətinlik çəkirlər. Onlar sıxışdırmağı bir tərbiyə metodu kimi təsəvvür edirlər. Qeyd edim ki, nizam-intizam uşağı, istər qız olsun, istər oğlan fərqi yoxdur, körpəlikdən yetkinliyə doğru istiqamətləndirmək vəzifəsidir. Məqsəd uşağa cəmiyyətdə məsuliyyətli və yetkin bir fərd olmaq imkanı yaratmaqdır. Bu, pozitiv məqsəddir. Sıxışdırmaq isə uşağın və ya gəncin ona xas "azadlıq meydanı"na daxil olmaq, həmçinin, onu manipulyasiya edərək, idarə etmək deməkdir. Bu, neqativ məqsəddir. Ona görə də, bir valideyn kimi özümüzə kənardan baxmalıyıq. Biz hansını tətbiq edirik? Təzyiqi, yoxsa nizam-intizamı? 

- Əksər valideynlər özləri də bilmədən övladlarını bir-biriləri ilə müqayisə edirlər. Bu, doğru addımdırmı? Və ya bunu daha doğru formada necə etmək olar? 
- Müqayisə olan yerdə qarşıdurma olur. Təşviq olan yerdə isə kompromis var. Uşaqlar arasında müqayisə aparıldıqda uşağa şüuraltı şəkildə aşağıdakı mesaj verilir: "Sənin fikirlərinin, sənin hisslərinin, sənin duyğularının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu paltarı sən bacın kimi və ya qardaşın kimi geyinmək məcburiyyətindəsən". Bu, böyük bir təxribatdır və uşağın daxili aləmində dərin bir yara aça bilər. Əgər uşaq müqayisə edilmək əvəzinə həvəsləndirilsə, onda o özünü daha inamlı və daha cəsarətli hiss edəcək. Düşünürəm ki, hər bir valideyn övladının daha inamlı, daha cəsarətli olmasını istəyir. 

- Övladlar arasındakı balans pozulması hansı nəticələrə gətirib çıxara bilər? 
- Uşaqlar arasında sevgi və ya ünsiyyət balansı pozularsa, qarşıdurma yaranması mütləqdir. Qarşıdurma olan yerdə isə kin, nifrət, qəzəb, həmçinin, fiziki və psixoloji zorakılıq baş verir. Belə olduqda zaman keçdikcə uşaqlar arasında sevgi hissi azalır. Yetkinlik yaşına çatanda isə artıq onlarda bir-birilərinə qarşı sevgi hissi itmiş olur. Bu baxımdan, uşaqları tərbiyə edərkən hər şey valideynlə övlad arasındakı sevgi münasibətindən asılı olur. Bir uşağın sevgiyə olan ehtiyacı ödənilməyəndə heç bir şey yolunda getmir. Elə isə övladlarınıza sevgi hissini ötürməyə hazırsınızmı? Valideynlərindən sevgi hissini alan övladlarınızın bacı-qardaş sevgisini doya-doya yaşamasını istəyirsinizmi? Və ya övladlarınızın sizdən aldığı sevgini bu dünyaya əks etdirməsini istəmirsinizmi? Təbii ki, bu sualların bir cavabı var: Bəli! Elə isə sevgi toxumlarınızı torpağa əkməyə başlaya bilərsiniz. Çünki atalarımız deyiblər ki, nə əkərsən, onu da biçərsən. 

- Ümumiyyətlə, valideynlər niyə bu balansı qoruya bilmirlər? Valideynin özünün düzgün sevgi ilə yetişdirilməməsi buna səbəb ola bilərmi? 
- Əgər bir valideyn sevgi ilə böyüyərsə, öz övladına da sevgi verə bilər. Bəs, "sevgi xəzinəsi" boş olan valideyn nə etməlidir? İlk növbədə, bunu qəbul etmək yaxşı olardı ki, mükəmməl ata və ya mükəmməl ana yoxdur. Biz valideyn olmazdan əvvəl insanıq. İnsani tərəfimizlə biz valideynlər şüurlu və ya şüursuz olaraq səhv etmək potensialına malikik. Eyni zamanda hər bir valideynin öz valideynlərinin də səhv etdiklərini qəbul etsək, dəyişiklik oradan başlayacaq. "Sevgi xəzinəsi" boş olan valideyn isə əvvəlcə onu dolduracaq. Bunun üçün isə o, daxilindəki uşağa toxunacaq və daxilindəki uşağın sevgi ehtiyacını qarşılayacaq. Buna daha qısa yolla çatmaq istəsə, fərdi terapiya alaraq özünü təkmilləşdirəcək. İçi sevgi dolu bir valideyn isə həm özünü, həm də övladlarını anlamaqda heç bir çətinlik çəkməyəcək. 

- Bu tip balans pozulması gələcəkdə həmin uşağın cəmiyyətdəki mövqeyinə nə qədər təsir edə bilər? 
- Sevgi tarazlığının pozulması uşağı yetkinlik yaşında böyük problemlərlə qarşı-qarşıya qoya bilər. Sevgini hiss etməyən uşaq və ya gənc kənardan sevgi dilənmək məcburiyyətində qalacaq. Bəzən bu sevgisizlik onu siqaretə, içkiyə, narkotikaya aludə edə bilər. Daxilində boş qalmış "sevgi xəzinəsinin" onlarla dolacağını düşünə bilər. Sevgidən məhrum olan uşaqlar dünyaya, ətraf mühitə, hətta yaxınlarına qarşı belə inamsız olurlar. Bu dünyada təhlükəsiz yaşaya bilməyən uşaqlar və ya gənclər çarəni "yox olmaqda" tapırlar. İntihar planları qurur və ən dəhşətlisi isə intihar edirlər. Daha sonra qəzetlərdə, televiziyalarda və sosial şəbəkələrdə 12, 15, 18 yaşlı uşaq və ya yeniyetmələrin intihar xəbərlərini oxuyuruq. Bunları oxuyanda kimisi ağlayır, kimisi qınayır, kimisi də müşahidəçi kimi qalmağı üstün tutur. Təəssüf ki, biz bunu yaşayırıq və təəssüf ki, uşaqlarımız bizdən uzaqlaşır. Ən təhlükəlisi isə odur ki, biz hələ də gənclərimizi anlamaq əvəzinə onlara öz həqiqətlərimizi sırımağa çalışırıq. Ya da biz hələ də övladlarımızın yanında olmaq əvəzinə onların qarşısında olmağı üstün tuturuq. Bir sözlə, həyat yolunda onlarla çiyin-çiyinə getmək üçün az da olsa, özümüzə əziyyət vermək istəmirik. 

- Tövsiyələriniz... 
- Mən bir klinik psixoloq kimi təklif edərdim ki, ilk növbədə, insan olmağa çalışaq. Biz ancaq insani tərəflərimizi qəbul edərək çatışmazlıqlarımızla üzləşə bilərik. Odur ki, gəlin, yarımçıq və əksik qalmış cəhətlərimizi tamamlayaq. Daha sonra ata, ana kürsüsündə oturanda, o kürsünün verdiyi vəzifələri layiqincə yerinə yetirək. Gəlin, sevməyi və sevilməyi həyatımızın məqsədinə çevirək. Övladlarımız böyüməyi öyrəndikcə biz də səbirli olmağı öyrənək. Valideyn kimi bizim borcumuz cəmiyyətə yararlı insanlar yetişdirməkdir. Unutmayaq ki, siz uşağınızın sevgi dilini kəşf etdikdə və ona ehtiyac duyduğu sevgini verdikdə o, həyatı boyu qarşısına çıxan problemlərin öhdəsindən necə gələcəyini biləcək. Gül ətri verən övladlarımızın ata-ana sevgisi ilə böyüməsini arzu edirəm. 

- Təşəkkür edirik, Məleykə xanım. 
- Mən sizə təşəkkür edirəm. "Fraza" jurnalının məndən müsahibə alması çox xoş oldu. Jurnalın bütün heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, jurnalınızı əldə edən hər bir ailə ehtiyacı olan boşluqları "Fraza" vasitəsilə dolduracaq. Bu işdə sizə uğurlar arzulayıram.