Fraza jurnalı
Murad sinifdə hamıdan yaxşı oxuyurdu, amma imkansızlıqdan ali təhsil ala bilmədi. Əsgərliyi başa vurub qayıtdı və evlərinin yaxınlığındakı zavoda fəhlə kimi işə düzəldi. Səhər tezdən hər kəsdən əvvəl işinin başında olur, iş saatı qurtaranda da evə dönür, qapı-bacanı, qırıq-söküyü qaydaya salırdı. Amma oxumaq sevgisi Muradın canından çıxmamışdı. Hər gecə bir neçə saat kitab oxuyur, sonra da yuxuya gedənə qədər oxuduqlarını fikrində dolaşdırır, xəyalında canlandırırdı. Ən çox da sevgi romanları oxuyur, sevənlərin həsrətini, iztirabını düşünürdü. Hər həftə yolunu şəhər kitabxanasından salır, oxuyub bitirdiyi kitabı qaytarır, əvəzində yenisini götürürdü. Bu dəfə götürdüyü roman Muradı necə tutdusa, əlindən yerə qoya bilmədi. Səhər gün ağarana qədər oxuyub tamamladı, işə də beləcə yuxusuz getdi. Gün boyu romanda baş verən hadisələri düşündü. İşdən qayıdandan sonra yenidən o kitabı vərəqlədi, bəzi yerlərinə bir daha nəzər saldı. Son dövrdə hələ bu qədər duyğulu, oxucunu öz təsiri altına alan roman oxumamışdı. Kitabı səhifələyəndə birdən iç səhifədə onu oxuyanların adları qeyd olunmuş kiçik bir kart gördü. Bu kitabı Muraddan əvvəl bir xanım oxumuşdu. Nədənsə, Murad canında kitabda oxuduqlarını, oxuyarkən yaşadıqlarını kiminləsə paylaşmaq, fikir alış-verişi etmək istəyi hiss elədi. Görəsən, o xanım əsərin bu yerini oxuyanda hansı duyğuları yaşayıb, romanı tamamlayanda ağlayıbmı, neçə gün əsərin təsiri altında qalıb?.. Kitabı qaytaranda kitabxanaçı ilə bir xeyli söhbət elədi və onun saqqızını oğurlayıb həmin xanımın ünvanını aldı. Axşam o xanıma uzun bir məktub yazdı. Məktubda da üzr istəyərək qeyd elədi ki, oxuduğu o romandan çox təsirlənib və hisslərini onunla bölüşmək istədiyi üçün bu addımı atıb. Səhəri gün məktubu göndərib işinə getdi və məktubun cavabını gözləməyə başladı. Təxminən on gün sonra cavab məktubu gəldi. Məktubda o qədər gözəl şeylər yazılmışdı ki, Murad o fikirlərə hekayə FEVRAL Fraza 43 ƏDƏBİYYAT Fraza valeh oldu. Hətta orada elə incə məqamlardan söhbət açılırdı ki, Murad onların fərqinə belə vara bilməmişdi. O, bu dəfə daha geniş, daha təsirli bir məktub yazıb göndərdi. Bir həftə sonra da cavab gəldi. Murad məktubu oxuduqca o xanımla nə qədər ortaq düşüncələrinin, ortaq qənaətlərinin olduğuna heyrət elədi. Beləcə, Muradın həyatında heç kimin bilmədiyi yeni bir səhifə açıldı. Hər həftə üzünü görmədiyi, səsini eşitmədiyi o xanıma məktub yazır və cavab alırdı. Bir gün Murad hiss elədi ki, tanımadığı, hətta yaşını belə bilmədiyi o xanıma aşiq olub. Bu yazışma üç ildən çox davam elədi, bu müddət ərzində Murad o xanıma hər şeyini yazmışdı, yaşını, işini, ailəsinin vəziyyətini, yetim olmağın ağrısını, ilk iş gününə necə başladığını, ayda nə qədər maaş aldığını, müdirlə necə yola getdiyini, qonşuları ilə necə səmimi olduğunu, anasının onu evləndirmək üçün məhəllə qızlarının şəkillərindən kolleksiya düzəltdiyini və nəhayət, üzünü görmədən, səsini eşitmədən, təkcə fikirlərindən, həyata baxışından tanıdığı o "sənə" aşiq olduğunu... Növbəti məktubunda Murad artıq təkidlə görüşmək və bu münasibətə bir ad qoymaq istədiyini yazdı. Gələn məktubda qarşı tərəf təklifi qəbul etdiyini, görüş gününü, yerini və saatını yazdı. Onu da yazdı ki, yaxasına al qırmızı bir gül taxacaq. Muradın uçmağa qanadı yox idi, üç il boyunca fikirlərini, duyğularını bölüşdüyü, üzünü görməsə də, özünə çox yaxın, çox doğma bildiyi, həyatında geniş yer verdiyi bir insanla ilk dəfə görüşəcəkdi. Söz var deyirlər, sevgili ilə görüşəndə bir saat bir an olur, sevgilini gözləyəndə bir an bir ilə dönür, Murad da eynən o əhvalı yaşayırdı. Görüş günü deyilən vaxtdan da bir neçə saat əvvəl saçını-başını qaydaya salıb, ən gözəl paltarını geyinib məktubda deyilən yerə gəldi. Bu vaxta qədər başını qaldırıb xanımların üzünə baxmağa həya edən Murad indi ətrafdan keçən bir xanımı belə diqqətdən qaçırmır, hamısının yaxasında o qırmızı gülü axtarırdı. Nəhayət, küçənin o başından ağır addımlarla, zövqlə geyinmiş, üzündən ətrafa nur saçan bir xanımın ona tərəf gəldiyini gördü. Bu xanım ətrafına təbəssümlə baxır, elə bil keçdiyi yerlərə bahar havası yayırdı. Bəli odur, o cür gözəl fikirlər, tərtəmiz duyğular ancaq bu cür gözəl bir qızın ürəyində boy verə bilər. Murad artıq hər şeyi unudub bütün diqqəti, duyğuları ilə ona tərəf gələn bu qıza bağlanmışdı, ürəyində Allaha yalvarırdı ki, bu o olsun. Qız yaxınlaşanda Murad ona tərəf bir neçə addım atdı, dillənmək istədi, amma həyəcandan səsi çıxmadı, qız da təbəssümlə onun üzünə baxıb keçdi. Elə o an Murad o qızın arxasınca gələn təxminən əlli yaşlarında, yüz kilo ağırlığında, yaxasına al qırmızı gül taxılmış bir xanım gördü. Donub qaldı, bir an əvvəl bütün cazibəsi ilə insanın ağlını başından alan, hər gəncin sevmək, qovuşmaq istədiyi gənc bir qız keçdı, indi isə qarşısında illərdən bəri məktublaşdığı, fikirlərini, duyğularını bildiyi, həyata baxışını, insanlığını sevdiyi, görüşə çağırdığı özündən xeyli yaşlı bir xanım var idi. Bir anlığa sanki fikirləri haçalandı, bir keçib gedən qıza, bir də yaxınlaşan xanıma baxdı. Artıq vaxtı yox idi, elə bu an, bu dəqiqə həyatının qərarını verməli idi. Verdi də, həmişə olduğu kimi yenə vəfalı, dürüst oldu. Özünü ələ alıb o xanıma yaxınlaşdı, salam verdi və: "Mən Muradam, sizinlə illərdən bəri məktublaşan və görüşə çağıran Murad", - dedi. Xanım bir qədər də əsəbi halda dilləndi: - Allahım, görəsən, bu səhər bu adamlara nə olub? Tanımadığım bir qız sevgilisini imtahan etmək üçün yaxama gül taxıb arxasınca sürüyür, tanımadığım bir oğlan da mənimlə illərdən bəri məktublaşdığını deyir. Oğlum, gəlinimin südü yoxdur, nəvəm acından ağlayır, uşağa yemək alıb evə qaçmalıyam, sizinlə məşğul olmağa nə vaxtım var, nə də macalım. Xanım yaxasındakı gülü çıxarıb Murada verdi: - Apar bunu o sevdiyinin yaxasına tax, - deyib barmağını irəli tuşladı. Murad dönüb o tərəfə baxdı. Bayaqkı qız bir qədər aralıda dayanıb təbəssüm dolu gözlərlə Murada baxırdı. O an bu yer üzündə heç kim Murad qədər xoşbəxt ola bilməzdi...