"Bir şansın olsaydı, uçmağı, yoxsa görünməz olmağı seçərdin?" - deyə soruşdu... "Görünməz olmağı..." - deyə tez cavab verdim... "Mən uçmağı seçərdim..." - dedi. Bir an dayandı və davam etdi: "Quşlar çox xoşbəxt olmalıdırlar..." Və sonra getdi... Qızım uzaqlaşdıqca arxasınca baxdım və düşündüm... Niyə o uçmağı, mən görünməz olmağı seçdim?.. Onun görünməmək üçün heç bir səbəbi yox idi... Gizlənmək, görünməmək niyə istəsin ki?.. Mənim isə kifayət qədər yarımçıq işlərim, uzaqlaşmaq istədiyim məsuliyyətlərim, həll olunmasını gözləyən "problemlərim", ətrafım haqqımda düşüncələrim... Üstümdə sanki bir ağırlıq var... Sizlər kimi boğuluram düşüncələrimin ağuşunda... Uçmaq özünü yüngül hiss etməkdir... Yüklərindən azad olmaqdır... Mənimsə dünənim də, bu günüm də, sabahım da, hətta bir neçə ilim də dolu idi... Uçmağı xəyal etməyəcək qədər məşğul idim və olacaqdım da... Bizim bu dialoqumuz Monroviyanın ən yüksək tikilisinin orta mərtəbəsində yaşanmışdı. Qızım bizi gözləmədən pilləkənlərlə yuxarı qaçdı, biz isə önümüzdə və arxamızda iki yerli bələdçi ilə ətrafdakı mənzərəni görmək üçün pilləkənləri yuxarı çıxmaqda davam etdik... Gülərüz iki bələdçi və biz... Düşündüm, görəsən, onlar hansını seçərdilər? Özlərindən soruşmadım... Yadıma əksəriyyətinizin bildiyi lətifəsayağı bir hekayə düşdü... Bir alim kəndlinin qayığına minir. Bır yerdə yola düşürlər. Alim astronomiyadan bəzi suallar verir, bizimki təəssüflə məlumatsız olduğunu deyir. Alim təəccüblənir, təəssüflənir və: "Elə bil ki, həyatının üçdə birini itirmisən", - deyir... Bir az da üzürlər, sükutu yenə alim pozur... Bu dəfə başqa bir elmdən bəzi suallar verir, ancaq alimin soruşduqları yenə cavabsız qalır. Alim: "Məncə bunları bilmirsənsə, həyatının o biri üçdə birini də itirmisən", - deyir. Davam etmək istəyəndə alimin sözünü kəndlinin həyəcanlı səsi kəsir və alimdən üzməyi bilib-bilmədiyini soruşur. Nə baş verdiyini anlamayan alim üzməyi bilmədiyini deyir. Kəndli qayığın deşildiyini, içinə su dolduğunu, bir azdan batacağını söyləyir. Və əlavə edir: "Məncə, üzməyi bilmirsənsə, deməli, həyatının hamısını itirmisən"... Yəni, o iki bələdçi bizə artıq istifadə olunmayan, hər yeri uçulub dağılan binanı gəzdirərkən, FEVRAL Fraza 41 TƏƏSSÜRAT Fraza yüksəkdən görünən mənzərədən aldığımız zövqü görüb elə xoşhal olurdular ki... O anı yaşadıqları, zövq aldıqları çox bəlli idi. 1960- cı ildə inşa edilən bu bina bir vaxtlar qitənin qərbində ən lüks otel ünvanını alsa da, vətəndaş müharibəsindən sonra uçulub dağılmış və istifadəyə yararsız hala düşmüşdü. Amma onların insana bağışladıqları təəssürat bunun yerliləri zərrə qədər də narahat etmədiyi təəssüratı idi. Alternativ bir otelin olmaması da onların elə də maraq dairəsində deyildi... İndi onların bir vəzifəsi var idi: turistləri gəzdirmək... İşlərini böyük zövqlə görürdülər... Bir anlıq özümə baxdım. Halbuki mən təəssüflənirdim. "Görəsən, niyə vaxtında bərpa olunmayıb?", "Görəsən, niyə bu qədər diqqətdən kənarda qalıb?" və s. kimi sualların cavabını axtarırdım... Lap cavablarını tapsam belə, bu, nəyi dəyişəcəkdi?.. Qızım Monroviyanın ən yüksək yerindən şəhərə baxmağın, yaxınlığında süzən quşla demək olar ki, eyni hündürlükdə olmağın ləzzətini yaşayırdı... Qızım da o anı yaşayırdı... Elə liberiyalılar kimi... Mən, biz və sizlər isə daim düşüncəliyik. Düşüncələrimizlə nəyisə dəyişə bilmədiyimiz kimi, özümüzü də dəyişə bilmirik... Çox məlumatlı olmaq heç də həmişə yaxşı deyilmiş... Əgər tərəflərdən birinin yüksək təhsilli olması o ailəyə, dostlardan birinin çox məlumatlı olması o dostluğa və s. zərər verirsə və biz ətrafımıza təsir göstərəcək iqtidarda deyiliksə, onda heç bu dəyişikliyə ehtiyac da yoxdur... Onda bu vəziyyətdə bəlkə də, ən yaxşısı və ən doğrusu özünü liberiyalılar kimi hiss etməkdir... Və bəlkə də, qızım onda məndən, "Əgər bir şansım olsaydı, nəyi seçərdim?" - deyə soruşsa idi, görünməz olmağı deyil, uçmağı, başqa sözlə, gizlənməyi deyil, görünməyi seçərdim...