Əli Çərkəzoğlu
Telekanallarımızda gün boyu yayımlanan ailə-məişət proqramlarında dəhşətli mənzərələrə şahid oluruq. Körpə övladını evdə qoyub ya təkbaşına, ya da kiminləsə qaçan və sonradan peşman olub körpəsinə qovuşmaq üçün studiyaya müraciət edən, yaxud da yenicə dünyaya gətirdiyi övladından imtina edən gənc ana "müttəhimlər kürsüsünə" əyləşdirilir, özünə, sözünə şəkk-şübhə olmayan, çox möhtərəm ekspertlərimiz də qılınclarını sıyırıb onun üstünə düşürlər. O yazıq ana da bir çırpınır, iki çırpınır və nəhayət, gücü verir gözünün yaşına. Ola bilsin ki, nəyisə demək istəmir, ola bilsin ki, nədənsə, kimdənsə qorxur, ola bilsin ki, hələ də nəyəsə ümidi var və o ümidi itirməmək üçün həqiqəti gizləyir, əgər o son sirrini açıb söyləsə, bu qədər ağır ittihamlarla onun üstünə gələnlər peşman olacaqlar. Amma o susur və sadəcə olaraq göz yaşları ilə yüngülləşməkdən, təsəlli tapmaqdan başqa yolu olmadığını anlayır. Ekspertlərinsə ağzından od tökülür, sanki ayrılmış, boşanmış qadınlara pis gözlə baxıldığı, maddi ehtiyaclar ucbatından neçə-neçə ailələrin paramparça olduğu bu cəmiyyətin onlara heç bir aidiyyəti yoxdur. Aparıcılar haqqında isə danşmaq istəmirəm, çünki onlar xüsusi imtiyazlara layiq görülmüş müstəsna şəxsiyyətlərdir, amma ekspertlərin bu qədər canfəşanlığı, amansızlığı adamın ürəyini ağrıdır. Hər dəfə də eyni şey ağlıma gəlir: özünü qarşı tərəfin yerinə qoymaq, onun çəkdiyi iztirabları yaşamaq, ağrılarını paylaşmaq... Elmi dildə buna empatiya deyirlər və bu ifadənin yaşı bir əsrdən çox deyil. Empatiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni, qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, sevincini, kədərini və hətta, həmin anda nələri düşündüyünü başa düşə bilir. Empatiyanın əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamazdan əvvəl onun niyə belə hərəkət etdiyini analiz etməyimizə yardımçı olmasıdır. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır. Empatiya mövzusu ta qədimdən bəri ən müxtəlif adlarla mənəvi dəyərlərimiz arasında yer almaqdadır. Digərqəmlik (başqa adı ilə alturizm), başqalarının dərdini çəkmək, başqalarının hisslərinə həssaslıq göstərmək və bu kimi müxtəlif adlarla yaşamışıq bu duyğunu. Əxlaqımızın əsas mənbəyi olan İlahi kitabımız da bizə başqalarının dərdini çəkməyi, təkcə öz canını qurtarmağı deyil, başqalarının qurtuluşuna səbəb olmağı israrla təlqin edir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insanın haqq yolunu tutmasına səbəb olmaq, bu dünyada üzərinə günəş doğan hər şeyə sahib olmaqdan daha xeyirlidir. Heç bu haqda, bu sözün ehtiva etdiyi məna haqqında düşünmüsünüzmü? "Qonşusu ac ikən özü tox yatan bizdən deyil". Bu da o Könüllər Sultanının sözüdür. Diqqət edirsinizmi, qonşun müsəlmandır, kafirdir, hansı rəngə, hansı dinə mənsubdur demir, hər kimdirsə, insandır və onun aclıq içində qıvrılmasına göz yumanı da yanından uzaqlaşdırır. Bəlkə də, qonşusunun aclığına göz yuman o adam müsəlmandır, namaz da qılır, oruç da tutur, amma diqqət edirsinizmi, Rəsulullah heç kimə fərq qoymadan hər kəs üçün eyni ehkamı dilə gətirir. Buyurur ki, müsəlmanlar bir bədən kimi olmalıdırlar, o bədəndə bir orqan ağrıyarsa, digər orqanlar da o ağrıdan öz paylarını almalıdırlar. Heç uzağa getməyək, yaxın keçmişə qədər torpaqlarımız düşmən tapdağı altında olanda və nəhayət, biz dinimizin də tələblərinə uyğun olaraq öz haqqımızı geri almaq üçün ayağa qalxanda özünü müsəlman adlandıran bəzi dövlətlər bizim yox, haqsız tərəfin yanında yer aldılar. Təbii ki, bu məsələ empatiya mövzusu deyil, dünyəvi mənfəət məsələsidir, amma haqlının yanında olmaq, zülmə məruz qalanın halını yaşamaq varkən zalıma dəstək vermək nə İslama uyğundur, nə də insanlığa. Empatiya xudbinlik, özündən razılıq deyil, sadəlikdir, təvazödür, yüksək insani dəyərdir. Böyük söz ustadı, könül ərbabı Mehmet Akif Ərsoy, görün, bu haqda nələr deyir: Qanayan bir yara gördümmü, yanar ta ciyərim, Onu dindirmək üçün qamçı yerim, çiftə yerim. Adam, aldırma da keç get, deyəməm, aldırırım, Çığnaram, çığnanırım, haqqı tutar qaldırırım. Şair deyir ki, harada bir qanayan yara görsəm, ciyərim yanar, mən o axan qanı dayandırmaq üçün əzmək, əzilmək bahasına belə olsa, əlimdən gələni edərəm. Mən özümə, "Sən də başqaları kimi keç get, başqasının dərdindən sənə nə?" deyə bilmərəm. Əzsəm də, əzilsəm də haqqın tərəfində dayanar, onu ayağa qaldıraram. Empatiyanın tarixdə ən gözəl örnəyinə biz yenə Sevimli Peyğəmbərimizin (s.ə.s.) dövründə Onun tərbiyəsi ilə yetişmiş insanlar arasında görürük. Hər şeyini Məkkədə qoyub Mədinəyə köçmüş mühacirlərə qucaq açan mədinəli ənsarlar ("yardımçılar" deməkdir) nəinki evlərini, mal-mülklərini onlarla paylaşdılar, hətta onların ağrı-acılarına da ortaq oldular. Bu, elə bir səmimiyyət, elə bir empatiyadır ki, qiyamətə qədər dərslik kimi tədris edilməli, öyrənilməlidir. Bir qurtum suyunu, bir tikə çörəyini qarşı tərəfə vermək üçün o səhabələrin sərgilədiyi fədakarlıqlar bəşər tarixinin müstəsna nümunələridir. Çünki onlar nə qədər çətinlik, ehtiyac içində olsalar da, qarşı tərəfin, bir müsəlman qardaşının dərdini özününkündən üstün bilir və əvvəlcə qarşı tərəfin dərdinə əncam etməyə çalışırdılar. Ola bilsin ki, müsəlman adlanan ölkələrin pərən-pərən düşdüyü, hətta üz-üzə dayanmış qüvvələrin "Allahu Əkbər" deyərək bir-birinə hücum etdiyi günümüzdə o möhtəşəm tarix kimlərəsə inandırıcı gəlməyə bilər, amma nə edəsən ki, biz ədalət hissi ilə bərabər dinimizi doğru anlamaq və yaşamaq nemətini də itirmişik. Bir-birimizi dinləyə, anlaya bilmirik, halbuki bizim buna çox ehtiyacımız var. Bəzən evdə canımızın parçası övladımızı belə anlamaq, onun nə yaşadığını, hansı duyğuları, ağrı-acıları ürəyindən keçirdiyini bilmək istəmirik. Axşam evə gəlirik, yenə qanqaraçılıq. Müəllim zəng edib uşaqdan şikayətlənib, ana da gözləyir ki, axşam hamı evə yığışanda məsələni açsın. Təhlükəni sezən uşaq da bir tərəfdə qaş-qabağını sallayıb hansı cəzanı alacağını gözləyir. Halbuki o anda o uşağa ürək-dirək vermək, düşdüyü vəziyyətdən qurtarmaq üçün dəstək lazımdır. Əgər valideynlər ağız-ağıza verib "Səndən adam olmayacaq", "Nəslimizin üz qarasısan", "Filankəsin uşağı səndən on dəfə yaxşıdır" kimi "məqhiyyələri" ard-arda düzəcəklərsə, o uşaq həyatında unutmayacağı bir travma almış olacaq. Ən pisi də odur ki, sən övladını başqaları ilə müqayisə edərək əzmiş olacaqsan. İnsan ictimai varlıqdır, biz bir-birimizə möhtacıq. Bir-birimizin halından anlamalı, dərdinə ortaq olmalıyıq. Deyildiyi kimi, sevinc paylaşıldıqca çoxalır, kədər paylaşıldıqca azalır. Böyük insan o deyil ki, evində hər şey qaydasındadır, o insandır ki, təkcə özünü deyil, başqalarını da düşünür, hətta öz qurtuluşunu başqalarının qurtuluşunda görür. "Mən salim olum, cümlə cahan batsa da batsın" düşüncəsi insanlıqdan xəbərsiz olmaqdır. Tarixdən daha bir örnək: Döyüş zamanı bir səhabə düşməni vurub yerə sərir və öldürmək istəyəndə o müşrik kəlmeyi-şəhadət gətirir və müsəlman olduğunu deyir. Səhabə isə özünü saxlaya bilmir və onu öldürür. Hadisədən xəbər tutan Sevimli Peyğəmbərimiz (s.ə.s.) səbəbini soruşur və həmin səhabə o müşrikin canını qurtarmaq üçün elə dediyini iddia edir. Bunu eşidən Peyğəmbərimiz (s.ə.s.) isə üç dəfə "Haradan bildin? Ürəyinəmi girdin?" - deyə hiddətlənir. Böyüklük - düşməninə belə mərhəmət hissi ilə yanaşmaqdır. Biz əl-ələ tutuşaraq, bir-birimizi batırmağa deyil, qurtarmağa çalışmalıyıq. İnsan var, özündən başqa heç kimi düşünmür; insan var, bir elin, bir ulusun dərdini çəkir; insan da var, dünyanın o başında üzünü görmədiyi, adını bilmədiyi bir adəm oğlu üçün göz yaşları tökür. Dərdsizsinizsə, dərd sizsiniz. Dərdsiz olmayın ki, dərd olmayasınız.