Fraza jurnalı 

Tələbələr ilk dərslərinə girmişdilər. Müəllim proyektora Pablo Pikassonun bir rəsmini qoydu. Hamı rəsmə nə qədər baxsa da, çox az şey başa düşdü (bəlkə də, "heç bir şey başa düşmədi" desək, daha doğru olar). Çünki Pikasso sürrealist bir rəssam idi və bu rəsmi də öz janrında, yəni kubizm janrında çəkmişdi... Qeyri-müəyyən perspektivli bir otaq, sarı, uzun saçlı qorxulu bir məxluq. Ətrafında başqa qorxulu məxluqlar. Yerdə yenə başqa qorxulu bir məxluq. Və arxadakı qeyri-müəyyən formalı düzbucaqlının içərisində yenə buna (və ya bunlara) oxşar şeylər... Müəllim 5-10 dəqiqə heç bir şey demədən sinifə tamaşa etdi. Sonra da Pikassonun rəsmini götürərək, yerinə Dieqo Velaskesin bir rəsmini qoydu. Bu rəsmdə oturacağın üstündə sarı, uzun saçlı bir aristokrat qız otururdu. Qızın ətrafındakı dayələr isə onun sarı, uzun saçını darayırdı. Yerdə isə qızın iti yatırdı. Qızın atası isə arxasından işıq süzülən bir qapıdan ona tamaşa edirdi. İkinci rəsmi görən kimi bütün sinif Pikassonun rəsmindəki "qorxulu məxluqların" nə demək olduğunu və bu rəsmin, əslində, Velaskesin tablosuna nəzirə kimi çəkildiyini gördü. Və nəhayət, müəllim tələbələrinə heç unutmayacaqları bu dərsi verdi: "Həyatda heç bir şey Velaskesin rəsmi qədər aydın və dəqiq deyil. İş həyatı bəzən həqiqətləri insana Pikassonun rəsmindəki kimi bulanıq və qarmaqarışıq göstərir. Unutmayın ki, həyatda ancaq Pikassonun rəsminə baxıb Velaskesin rəsmini görənlər qalib gəlirlər. Pikassonun rəsminə baxıb Pikassonun rəsmini görənlər isə məğlub olurlar. Əlbəttə ki, həqiqəti məzmunda yox, formada axtardıqları üçün"...

Qısa arayış: Yeri gəlmişkən deyək ki, yazıda haqqında söhbət gedən hər iki rəsm (istər Pablo Pikassonun rəsmi olsun, istərsə də, Dieqo Velaskesin rəsmi) məşhur "Las Meninas" adlı yəni, məşhur "Xidmətçilər" adlı rəsmlərdir. Ancaq bir məsələ var ki, Velaskes öz rəsmini 1657-ci ildə, Pikasso isə öz rəsmini 1957-ci ildə çəkmişdir. Ümumiyyətlə isə "Las Meninas" tablosu istər sənət tarixçilərinin, istərsə də, sənət tənqidçilərinin ən çox müzakirə obyektinə çevrilən nadir əsərlərdən biridir. Hazırda isə Velaskesin "Las Meninas" tablosu Madriddəki məşhur "Prado" Muzeyində, Pikassonun "Las Meninas" tablosu isə (müxtəlif variantları ilə birlikdə) Barselonadakı məşhur "Picasso" muzeyində saxlanılmaqdadır. Rəsmlər forma etibarı ilə bir-birilərindən fərqli olsalar da, janr etibarı ilə (kubizm janrı) bir-birilərinin eynidirlər.