Ağıl düşünmə və dərketmə qabiliyyəti mənasına gəlsə də, zəka qavrama və analizetmə qabiliyyəti kimi ifadə olunmaqdadır. Bu baxımdan, qavrama və analizetmə nə qədər dəqiq və sürətli olarsa, zəkanın da o qədər çox olduğunu ifadə etmək olar. Digər tərəfdən, heyvanlarda ağıl olmasa da, qarğalar və delfinlər kimi bir çox heyvanlarda zəkanın varlığı və məhdud öyrənmə qabiliyyətinin olduğu məlumdur. Heyvanlar kimi maşınlar da ağıllı olmasalar belə, "zəkalı" ola bilərlər.
Süni intellekt
İlk növbədə onu deyək ki, süni intellektə (Artificial Intelligence - AI) əsaslanan sistemlər xüsusi proqramlar vasitəsi ilə öyrənə bilən sistemlərdir. Deyək ki, bir otağın bir tərəfindən digər tərəfinə gedə bilən bir robotumuz var. Əgər otağın forması və ya əşyaların yeri dəyişsə belə, robotumuz əşyalara toxunmadan getməli olduğu yerə gedə bilirsə, o artıq süni intellektə malikdir deyə bilərik. Çünki süni intellektə əsaslanan sistemlər dəyişən vəziyyətlərə uyğunluq göstərə bilməkdə, həmçinin sürət, məkan və ya forma kimi dəyişikliklərə görə özlərini nizamlaya bilməkdədirlər. Bu gün alimlər əsasən üç fərqli süni intellektdən bəhs edirlər:
- Məhdudlaşdırılmış süni intellekt (Artificial Narrow Intelligence): Məhdudlaşdırılmış süni intellekt hesablama maşınları və ya şahmat oyunları kimi yalnız müəyyən sahələr üçün inkişaf etdirilən və yalnız xüsusi vəzifələri yerinə yetirən proqramlardır.
- Ümumi süni intellekt (Artificial General Intelligence): Ümumi süni intellekt hər hansı bir işi və ya vəzifəni yerinə yetirə biləcək şəkildə hazırlanan, həmçinin, insan zəkasına ən yaxın olan proqramlardır.
- Super süni intellekt (Artificial Superintelligence): Super süni intellekt isə insan zəkasından daha yüksək səviyyədə olan proqramlardır. Hələ ki, nə ümumi süni intellekt, nə də super süni intellekt səviyyəsinə çatan proqram mövcud deyil.
İlk araşdırmalar
Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunmuşdur. İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı mənbələrə hələ qədim yunan miflərində rast gəlmək olar. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Volfqanq fon Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdır. Artıq eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdu. Süni intellektlə bağlı ilk araşdırmalar isə II Dünya müharibəsinə qədər gedib çıxır. Almanların "Enigma" adlı maşınla "istehsal etdikləri" və mütəmadi olaraq dəyişən şifr alqoritmlərini ingilislər "Turing" maşınının köməyi ilə (müəllifi ingilis riyaziyyatçısı Alan Turinq idi. Süni intellektlər üçün istifadə olunan "Turinq testi" də onun adı ilə bağlıdır) sındırdılar. Nəticədə, bu hadisə müharibənin iki il qısalmasına və 14 milyona yaxın insanın həyatının xilas olmasına səbəb oldu. Bu gün isə maşınların bəzi intellektual oyunlarda insanlarla yarışdığını müşahidə edirik. Məsələn, 1997-ci ildə dünya şahmat çempionu Harri Kasparov "Deep Blue" adlı bir proqrama məğlub oldu. 2011-ci ildə IBM-in istehsal etdiyi "Watson" adlı sistem insanlarla yarışdığı bir bilik yarışında qalib gəldi. 2016-cı ildə isə filosofların oyunu kimi məlum olan və daha çox intuisiya və təcrübəyə əsaslanan "Go" oyununda dünya çempionu Li Sedol "AlphaGo" adlı bir proqrama məğlub oldu. Bu gün bizimlə "söhbət edən", "məqalə yazan", hətta "müsahibə götürən" müxtəlif süni intellekt proqramları mövcuddur. Burada əsas məsələ süni intellektin hansı məqsəd üçün istifadə olunmasıdır. Müdafiə sənayesində istifadə edilən süni intellekt proqramları olduğu kimi, səhiyyə və avtomobil sənayəsində də (məsələn, ağıllı cərrahi alətlər, avtonom (yəni, sürücüsüz) avtomobillər və s. kimi) bu cür proqramlardan istifadə olunmaqdadır. Digər tərəfdən, Avstraliya və Cənubi Afrikada həyata keçirilməsi nəzərdə tutulan və dünyanın ən böyük radioteleskop layihəsi olan SKA (Square Kilometre Array) da süni intellekt proqramları ilə işləyəcək.
Süni intellekt, yoxsa insan intellekti?
Bu məsələ ilə bağlı müxtəlif proqnozlar var, ancaq bu proqnozlar özünü doğrultmadığı üçün mütəmadi olaraq sonrakı illərə işarə olunmaqdadır. Məsələn, Nobel mükafatlı amerikalı alim Herbert A. Saymon 1965-ci ildə "20 il ərzində maşınlar insanların etdiyi hər şeyi edəcək", - demişdi. Fantastika yazıçısı Vernor Vinc 1993-cü ildə bunun 30 il ərzində baş verəcəyini iddia etmişdi. Robot texnikası və süni intellekt mütəxəssisi Hans Moravek isə 1995-ci ildə 45 il sonraya işarə etmişdi. Bir müddət INTEL-in rəhbərliyini (İdarə Heyətinin sədri kimi) həyata keçirən və fizikada istifadə olunan "Mur qanunu"nun müəllifi olan Qordon Mur isə 2008-ci ildə bunun heç vaxt həyata keçməyəcəyini irəli sürmüşdü. Ancaq nə vaxtsa Super süni intellekt alqoritmləri yazılsa belə, bu cansız sistemlərin mənəvi dəyərləri olmayacaq. Alimlər sistemlərin mənəvi dəyərlərə üstünlük verməsi üçün alqoritmlərə etik dəyərlər inteqrasiya etməyə çalışırlar. Ancaq insan beynini təqlid edən sistemlər yaradılsa belə, məsələ ruh və qəlblə bağlı mənəvi, əxlaqi və s. qərarlar verməyə gəlincə, bu sistemlər kifayət etməyəcək. Bir sözlə, tam mənası ilə insanın yerinə keçə biləcək bir sistemin varlığı heç də mümkün görünmür.
Süni intellekt hekayələri
Fantastik bir hekayədə böyük bir şirkət şirkətin idarəsində süni intellekt proqramından istifadə etməyə başlayır. Məqsəd bir çox sahələrdə insanlara ehtiyac olmadan daha ucuz, daha səmərəli və daha sürətli işlər görməkdir. Bunun üçün şirkətin müxtəlif şöbələrinə robotlar yerləşdirilir. Bu maşınlar telefon əlaqələri ilə başqa şirkətlərlə əlaqə qura, alqı-satqı edə, hətta şirkətin təmizlik vaxtlarına qərar verərək, təmizlik şirkətlərindən işçi dəvət edə bilməkdədir. Ancaq insan resursları şöbəsinə təyin edilən robot bir gün nəzarətdən çıxır. O, yavaş-yavaş insanları işdən çıxararaq, yerinə maşınları götürür. İşdən çıxardığı insanların binaya giriş-çıxış kartlarını da ləğv edir. Bütün bunları da o, qanunlara uyğun həyata keçirir. Məsələn, insanların təzminatını ödəyərək, rəsmi idarələrə məlumat verərək və s. İdarə heyətinin sədri əvvəlcə hadisələrdən razı qalsa da, onun cib telefonuna işdən çıxarıldığına dair gələn mesaj SOS siqnalının çalınmasına səbəb olur. Hazırda da bir çox film və seriallar üçün buna bənzər süni intellekt hekayələri yazılmaqdadır.
Bizim hekayəmiz və bizim alqoritmimiz...
Bəs biz necə hekayəmizdəki rolumuzu layiqincə yerinə yetirə bilirikmi? Süni intellekt proqramlarına heyrət etdiyimiz halda, öz maddi və mənəvi imkanlarımızı dərk edirikmi? Məsələn, möhtəşəm bir qabiliyyətə malık beynimizi tanıyırıqmı? Halbuki beynimizin bütün funksiyaları hələ də kəşf edilməmişdir. Beynimiz neyron adı verilən 100 milyarda yaxın sinir hüceyrəsi ilə ən azı 1015 ədəd sinaps adı verilən hüceyrələrarası həssas əlaqənin köməyi ilə fəaliyyət göstərir. Buradakı hadisəni 100 milyard abunəsi olan, trilyonlarla əlaqəni nöqsansız bir şəkildə (üstəlik, fasiləsiz) həyata keçirən bir telefon operatoruna bənzədə bilərik. Süni intellekt proqramlarında beynimizi təqlid edən alqoritmlər hiperparametrlərdən istifadə edir. İnsanların yazdığı mətnlərə çox bənzəyən mətnlər yazan GPT-3 adlı süni intellekt proqramı öyrənmə prosesinə nəzarət edən təqribən 175 milyard hiperparametrlə işləməkdədir. Halbuki əməliyyat gücü bundan qat-qat artıq olan beynimizdən istifadə etmək üçün lazım olan gündəlik enerjini qəbul etmək kifayətdir. Beynimiz təqribən 768 min km olan sinir şəbəkəsi ilə hər an ünsıyyətdə olduğu bütün əzələlərimizə bizdən xəbərsiz, mütəmadi olaraq elektrik siqnalı göndərir və beləliklə, orqanlarımızın müntəzəm bir şəkildə işləməsində rol oynayır. Beynimizin əməliyyat həcminə yaxın bir süni intellekt proqramını hazırlamaq üçün təqribən 15 trilyon dollar lazımdır. Halbuki beyin Allahın (c.c.) bizə bəxş etdiyi onlarla orqandan ancaq biridir. Hamımız ağılalmaz və möhtəşəm bir maddi-mənəvi təchizatla dünyaya gəlirik. Üstəlik, təkcə zəkamızla deyil, qəlbimizlə də yaradılışın sirrlərini kəşf edə bilirik. Yəqin ki, düşünməyə dəyər.