Aygün Zayıdova

Öz ideyalarını gənclərdə reallaşdıran uğurlu insan - RÜFƏT HÜSEYNZADƏ 
 

Bəzən hər şey bizim düşündüyümüz, xəyalını qurduğumuz kimi olmur. Ani bir dəyişikliklə arzusunda olduğumuz şeylə vidalaşırıq. Bununla da uğur yolunda hər şeyin sonuna gəldiyimizi düşünürük. Məyus oluruq, depressiya keçiririk, özümüzün və ətrafımızın bilərək və ya bilməyərək inciməsinə səbəb oluruq. Amma əslində qarşıda bizi nə gözləyir, bax onu görə bilmirik. Bəlkə də, uğurumuz olacağını zənn etdiyimiz o arzunun olmaması elə əsl uğura gedən yolumuzun qapısını açır. Həmsöhbətimiz Rüfət Hüseynzadənin həyatında olduğu kimi. "Roof Academic Training"in təsisçisi, icraçı direktoru, təhsil konsultantı Rüfət Hüseynzadə IELTS və xaricdə təhsil sahəsində kifayət qədər tanınmış insandır. Elə isə söhbətimizə başlayaq... 

- Rüfət Hüseynzadəni necə təqdim edərdiniz? 
- İlk növbədə, xaricdə təhsil üzrə mütəxəssis kimi. 1992-ci ilin noyabr ayında anadan olmuşam. 6-cı sinifə kimi 72 saylı Fikrət Tağıyev adına məktəb-liseydə oxumuşam. 6-cı sinifdə keçmiş türk liseyinə daxil olmuşam. Bakı Dövlət Universitetinin Amerikaşünaslıq ixtisasında bakalavr təhsili almışam. Ondan sonra keçmiş Qafqaz Universiteti, hazırkı Bakı Mühəndislik Universitetində Diplomatiya ixtisasına qəbul olmuşam, amma orada təhsilimi davam etdirməmişəm. Kouçinq təhsilini mərkəzi Kanadada yerləşən "Erickson İnternational"da almışam. Hazırda magistr təhsilimi Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramında təhsilin idarə olunması və menecment ixtisası üzrə alıram. Pandemiya ilə əlaqədar Corc Vaşinqton Universitetinin dərsləri onlayn, Pedaqoji Universitetin dərsləri isə əyani şəkildə aparılır. Əgər pandemiya olmasaydı, dərslər hər ikisində də canlı şəkildə olmalı idi. Həmin universitetin professorları Bakıya gəlməli idilər. IELTS balım 8,5-dir. 12 ildir təhsil sahəsindəyəm. İlk illər kiçik qruplar şəklində dərs deməyə başlamışam. Son 5 ildə isə şirkət kimi fəaliyyətə başlamışıq. Hazırda komanda olaraq uşaqlar üçün ingilis dili, riyaziyyat, startap, ümumi ingilis dili, SAT, IELTS, TOEFL, Duolingo və xaricdə təhsil kimi xidmət dispektorumuz var. Və orada tələbələrimizlə yanaşı, ailələrinə də xidmət göstərməyə çalışırıq. 

- Sizin üçün uğur hekayəsi nədir? 
- Məncə uğur hekayəsi qarşıya qoyulan məqsədə nail olmaqdır. 

- Sizin sahənizdə uğurlu olmağın kriteriyaları nələrdir? 
- Düşünürəm ki, dünyada təhsil trendləri çox sürətlə dəyişir və buna görə də, bizim sahədə uğurlu olmaq üçün əsas yollardan biri davamlı yenilənməkdir. Mütəmadi öyrənmək, "lifelong learning" (ömür boyu öyrənmək) və davamlı öyrənmək əsasdır. Prosesin bütün aspektlərini nəzərə almaq lazımdır. Bu prosesdə bütün tərəfləri nəzərə almaq da (istər mən olum, istər komanda yoldaşlarım, istər tələbələrimiz, istərsə də onların ailələri) məsələnin digər tərəfidir. Qığılcımlarla yüksək nəticələrə nail olmaq olmaz, bunu sistematik və davamlı öyrənməklə və tətbiq etməklə öz həyatınıza əks etdirməlisiniz. Və bu bizim komandada yaxşı alınır. Yüksək nəticələri təsadüfi şəxslərlə yox, fərqli təhsil təcrübəsi olan, özünü davamlı olaraq inkişaf etdirən insanlarla əldə etmək olar. 

- Bayaq da qeyd etdiniz ki, magistr təhsili alırsınız. Təhsilin idarə olunmasında əsas hədəfiniz nədir? 
- Elə xüsusi bir hədəfim yoxdur. Əgər soruşsaydınız ki, 2017-ci ildən indiyə kimi gəldiyiniz nöqtəni görürdünüzmü? Düzü, cavab verərdim ki, görmürdüm. Mən, sadəcə olaraq, həmişə daha yaxşı olmağa, həm özüm, həm də komanda yoldaşlarım üçün həmişə daha yüksək standartlar qoymağa çalışdım. İndi gələ biləcəyimiz zirvə nöqtələrdən biri də ölkəmizdən kənar bir neçə ölkədə də (xüsusilə də, MDB və ya Yaxın Şərq ölkələrində) xidmət göstərməkdir. Ölkəmizin regionlarında olan gənclərə və ailələrinə xidmət göstərə bilmək, onlar üçün keyfiyyətli təhsili əlçatan edə bilmək isə işin digər vacib tərəfidir. Bir də məni bu məsələlərdə ən çox ilhamlandıran ölkəmizdən daha çox gəncin dünyanın top 10, top 50, top 100 universitetlərinə qəbul olmasıdır. 

- IELTS müəllimisiniz. Hazırda yenə IELTS müəllimi kimi fəaliyyət göstərirsinizmi? 
- İndi daha çox azsaylı qruplarla məşğul oluram. Çünki işin daha çox menecment nöqtəsində olduğum üçün IELTS qruplarına əvvəlki qədər yer ayıra bilmirəm. 

- IELTS müəllimi kimi dil öyrənmək istəyib öyrənə bilməyən və ya necə deyərlər, öyrənməkdə tənbəllik edən şəxslərə tövsiyələriniz... Yüksək balla universitetə girən və "Mənim dil öyrənmək bacarığım yoxdur" deyən gənclərə nə deyərdiniz? 
- Mən onlara demək istərdim ki, biz öz dilimizi necə öyrənmişiksə, ingilis dilini də eyni məntiqlə öyrənməliyik. Biz öz dilimizi eşidərək, görərək, danışaraq, hətta səhv edərək öyrənmişik. İngilis dilinin ölkəmizdə kütləvi şəkildə istifadə olunmadığını nəzərə alsaq, biz özümüz üçün süni mühit yaratmalıyıq. İstər izlədiyimiz sosial şəbəkə hesabları olsun, istər baxdığımız yutub kanalları olsun... biz özümüzü bunlarla nə qədər çox əhatələsək, dil öyrənmə prosesimiz də o qədər asan olar. Əlbəttə, ola bilər ki, insanların bəziləri öyrənmə növlərinə görə dili daha asan qavrasın, bəziləri isə daha çətin. Amma dili öyrənə bilməmək deyə bir şey yoxdur. Sadəcə olaraq, bir az çox səy göstərmək lazımdır. Bəzən gənclər hər hansı bir təhsil mərkəzini seçir, həftədə 2-3 dəfə dərsə gedir və bunun dil öyrənməkdə onlara kifayət edəcəyini düşünürlər. Halbuki nəzərə almırlar ki, 168 saatlıq həftədə 4-5 saatlıq dərs çox cüzi bir yer tutur. Nə qədər çox kitab və ya məqalə oxusalar, nə qədər çox video və ya film izləsələr, xarici vətəndaşlarla, öz qrup yoldaşları ilə, ya da dostları ilə həmin dildə ünsiyyətdə olsalar, dil öyrənmə prosesi daha effektiv nəticə verər. 

- Siz həm də xaricdə təhsil üzrə mütəxəssissiniz. Sizcə, xaricə gedən tələbələrimiz geri qayıtmalıdırmı, ya elə orada davam etsələr, daha yaxşıdır? 
- Biz həmişə istər gənclərlə, istərsə də ailələrlə görüşəndə ilk növbədə onların son hədəfinin nə olduğunu soruşuruq. Burada bir qrup insan var ki, təhsil alıb geri qayıdıb ölkəmizdə iş həyatına davam etmək istəyir. Bir qrup insan var ki, gedib orada təhsil ala-ala iş həyatına daxil olmaq istəyir. Bir qrup da var ki, öz qərarlarında qeyri-müəyyəndirlər. Mənim əksərən təhsildən sonra ölkəyə qayıtmaq istəyən insanlara məsləhətim odur ki, o zaman dilimindən səmərəli istifadə etsinlər. Əgər getdikləri yer Amerika və ya Avropadırsa, bir neçə il orada qalıb iş həyatına başlasınlar. Qayıdacaqlarsa, ölkəmizə mütəxəssis kimi qayıtsınlar. Çünki aldıqları bilikləri yerində tətbiq edib, cilalayıb sonra ölkəmizə qayıtsalar, bu proses daha effektiv olar. Ümumi perspektivdə baxanda gənclərimizin həm ölkəmizə qayıdaraq, həm də xaricdə qalaraq diaspor vasitəsilə çox faydalı ola biləcəklərini düşünürəm. Ola bilsin ki, hər hansı bir ölkədə yaşayan bir həmyerlimiz Azərbaycan üçün Bakıda olan bir həmyerlimizdən daha faydalı olsun. Burada mən fiziki sərhədlərin və ya fiziki məkanların çox da əsas olmadığına inanıram. 

- Siz həm də son dövrlər yutuber kimi fəaliyyət göstərirsiniz. Yutub videolarınızda əsasən nələri ön plana çıxarırsınız? 
- Birinci yutub videolarına niyə başladığımızdan danışmaq istəyirəm. Biz komandamızla müşahidə etdik ki, mənim fiziki vaxtım mənimlə görüşmək istəyən və ünsiyyət qurmaq istəyən insanlara yetmir. Vaxt məhdudiyyətindən bizim diqqətimizdən kənarda qalan insanların olma ehtimalı var idi. Bir də biz pandemiya vaxtı gördük ki, regionlarımızdan da müxtəlif qrup insanlar bu təhsil imkanları ilə maraqlanmağa başlayırlar. Onda biz qərar verdik ki, mümkün olan hər şeyi o kanalda danışaq və insanların sosial şəbəkə vasitəsilə o məlumatlara çıxışları olsun. İndi həm mən özüm bu kanalda təhsillə bağlı müxtəlif mövzularda danışıram, həm də bu sahədə müxtəlif uğurlar qazanmış dostlarımızı dəvət edirəm ki, onlar öz təcrübələrini tamaşaçılarla bölüşsünlər. Bir şeyi deyim ki, iş həyatına başlayandan o uğurlu insanların çox uzaqda olduğunu yox, bizim aramızda olduğunu göstərmək istəmişəm. Bu, həm videolarda da belədir, həm selfilərdə də belədir. Yəni, bu adamlar heç də fantastik adamlar deyil. Top 50-də oxuyan gənclər, yaxşı IELTS, yaxşı TOEFL balı toplamış gənclər bizim aramızdan olan gənclərdir. Uzun illər belə bir düşüncə var idi ki, yüksək nəticə əldə etmək üçün xüsusi nəyəsə sahib olmalısan. Yəni, sənin qeyri-adi bir qabiliyyətin yoxdursa, adi nəticələrə qane olmalısan. Biz yutubda bu düşüncəni qırmağa çalışdıq. Əvvəl bunu digər sosial şəbəkələr vasitəsilə etməyə çalışırdıq, sonradan bu siyahıya yutub da daxil oldu. Biz orada bir çox xarici universitetlərə, həmçinin, bir çox təqaüd proqramlarına müraciətlərlə bağlı məlumatlar veririk. Kim özü müraciət etmək istəsə, çox rahat bir şəkildə qeyd götürə və həmin prosesi özü həyata keçirə bilər. Biz çalışırıq ki, orada heç nəyi gizlətməyək və fiziki və ya maddi imkanı olmayanlara yol bələdçisi olaq. 

- Hər il xeyli sayda tələbənin xaricə getməsinə köməklik göstərirsiniz. Bəs siz özünüz nə vaxtsa xaricə getmək fikrində olmusunuzmu və ya bundan sonrakı illər üçün planlaşdırırsınızmı? 
- Məktəbdən məzun olduğum dövrdə bakalavr təhsili üçün xaricə getməyə ciddi marağım var idi. O zaman hadisələrin məni buralara qədər gətirəcəyini təxmin edə bilməzdim. Atamın səhhəti ilə bağlı xaricə təhsil ardınca gedə bilmədiyim üçün çox məyusluq hissi yaşamışdım. Amma son dövrdə gördüyümüz işlər mənə niyə gedə bilmədiyimi daha yaxşı anlamağa kömək etdi. Çünki bu gün öz arzumu çoxsaylı tələbələr üzərində reallaşdıra bilirəm. İndi o hiss mənim üçün heç də əlçatmaz deyil. Çünki çox sayda tələbəmiz dünyanın 5 qitəsində təhsil alır. Hazırda təhsil aldığım sahə də bunun mənim üçün əlçatmaz olmadığını göstərir. Çünki müəllimlərimdən 10-u ABŞ-ın məşhur Corc Vaşinqton Universitetinin müəllimidir. Mən düşünürəm ki, uzunmüddətli yox, qısamüddətli təlimlər, treninqlər, səfərlər ola bilər. Bır sözlə, əgər sualınız ölkədən beyin köçünün bir parçası olmağımla bağlıdırsa, indiki halda hələ yox... 

- Bir az da "Roof Academic Training"in fəaliyyətindən danışaq. Necə oldu ki, qurucusu olduğunuz "Roof Academic Training" qısa vaxtda məşhurlaşdı və ondan əvvəl açılmış bir çox dil mərkəzlərini geridə qoydu? 
- Mən əvvəllər fərdi fəaliyyət göstərirdim, ancaq 2017-ci ildə artıq bu işi şirkətləşdirə bıləcəyimi düşündüm. Və həmin dövrdə yaxın ətrafımla bu şirkəti qurduq. İlk qurulduğumuz dövrdən dəyişməyən prinsiplərimiz var. Bu prinsiplərdən biri istər özümə, istərsə də komanda yoldaşlarıma qarşı olan yüksək standartlar tələbidir. Bizim komandada işləmək üçün tələb olunan IELTS balı, sertifikatlar və bir sıra başqa tələblərlə bağlı mövqeyimiz eyni qalır. Hətta fərqli nöqtələrdə artıb da. İkinci prinsipimiz odur ki, həyata keçirdiyimiz xidmətlərin hər birində ayrı-ayrılıqda ölkə lideri olmağa çalışırıq. Buna nail olmuşuq, ya olmamışıq, bu artıq başqa məsələdir. Əsas odur ki, bu prinsip uşaqlar üçün ingilis dilində də belədir, SAT-də də belədir, IELTS-də də belədir, TOEFL-də də belədir, ümumi ingilis dilində də belədir. Bizi digər həmkarlarımızdan fərqləndirən əsas cəhət odur ki, biz istənilən sahədə rəqabətə davamlı olmağa çalışırıq. Bizim əsas hədəfimiz bütün sahələrdə uğurlu olmaq və daha yaxşı xidmət göstərməkdir. Biz partnyor seçimində çox seçici davranırıq və ölkəmizin mümkün ən yaxşıları ilə partnyorluq etməyə çalışırıq. IELTS istiqamətində biz "British Council", uşaqlar üçün ingilis dili istiqamətində "Cambridge"lə tərəfdaşlıq edirik. İSO-9001/2015 sertifikatına sahibik. Amerika Ticarət Palatasının ("AmCham") təhsil sahəsində üzvlərindən biriyik. Bu saydıqlarım müxtəlif istiqamətlərdə mümkün olan ən böyük qurumlardır. 

- Hazırda ölkəmizdə bir sıra xaricdə təhsil mərkəzləri var. Hamısının olmasa da, onların xaricdə oxumaq istəyən tələbələr üçün nə kimi təhlükələri ola bilər? 
- Düşünürəm ki, burada ailələr çox araşdırmalı və o şirkətlərin əvvəlki illərdə müsbət nəticələrinin olub-olmamasına baxmalıdırlar. Təəssüf ki, ölkəmizdə bir çox şəxslər və qruplar rəqabətdə uduzduqları üçün mümkün olmayan şeyləri vəd edirlər. Bəzən gənclər o məsələyə görə plan qurur, illərini sərf edirlər, amma sonda nəticə olmur. 

- Məsələn, nə kimi vədlər verilir? 
- Müxtəlif qəbulların ola biləcəyini, yüksək balların ola biləcəyini, müxtəlif təqaüdlərin ola biləcəyini. Mənim demək istədiyim odur ki, birinci baxmaq lazımdır, bunu əvvəllər kimlərəsə ediblərmi? Əllərində referans ola biləcək hər hansı bir sübut varmı? İkinci məsələ isə komandaları buna imkan verirmi? Bunun üçün əllərindəki komandanın performansı və ya təcrübəsi varmı? Məncə, bunları araşdırmadan təkcə xoş sözlərə aldanmaq olmaz. Çünki təhsil insan həyatına birbaşa təsir edən prosesdir. Səhv təhsil səhv orqanın kəsilməsi kimi bir şeydir. Bir sözlə, insanlar istər bakalvr, istərsə də magistr təhsilinin seçimində diqqətli olsunlar və aldanmasınlar. Çünki aldandıqları zaman bu, həm maddi itkiyə, həm enerji itkisinə, həm də vaxt itkisinə səbəb olur. 

- Sizə verilməsini gözlədiyiniz, amma verilməyən bir sual oldumu? 
- Bu gün mənim üçün əsas məsələ daha çox gəncin daha reytinqli universitetlərə daxil olmasıdır. Buna təkcə biz yox, gənclər də, ailələri də çalışmalıdırlar. Çünki ölkəmizdə sovet dövründən qalma bir düşüncə var ki, hara olur-olsun, təki diplom olsun. Halbuki, dünya artıq orada deyil. İndi o fikri "Yaxşı yer olsun, yaxşı təhsil olsun, axırda diplom da olsa, yaxşı olar" fikri əvəz edir. Buna görə də, gənclər ixtisas və universitet seçərkən diqqətli olmalıdırlar. Baxmalıdırlar ki, gələcəyin peşələri, ixtisasları nələrdir? Baxmalıdırlar ki, seçdikləri ixtisasın iş tapmaq şansı nə qədərdir? Bu mənada reytinqli universitetlərin daha çox şansı var. Çünki bu gün bir sıra öz sözünü demiş şirkətlərin güclü iş qüvvəsinə ehtiyacı var. Gənclər də olduqları sahədə özlərini yaxşı yetişdiriblərsə, xüsusən top universitetlərdə təhsil alıblarsa, bu o deməkdir ki, onların qarşısında geniş imkanlar var. 

Roof Academic Training 
Əlaqə nömrəsi: 055 538 44 96 

Facebook: ROOFATraining 
İnstagram: roofacademictraining 

roofat.az 

Nərimanov filialı, Aşıq Molla Cümə, 138 
28 May filialı, Şamil Əzizbəyov, 140