Yəqin ki, DNT (Dezoksiribonuklein turşusu - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimer) dedikdə hər kəsin ağlına bir-birinə bağlı halda paralel uzanan spiralşəkilli və rəngarəng iki düz xətt gəlir. Bu haqda qulaqdan-qulağa eşitdiyimiz, oxuduğumuz və gördüyümüz bütün məlumatların məzmunu da təxminən eynidir. Bu iki xətt, əslində, insanın bütün fiziki göstəricilərinin və xüsusiyyətlərinin kodlaşdırıldığı xüsusi bir mexanizmdir. DNT sayəsində elm adamları milyonlarla il əvvəl yaşamış canlının necə bir quruluşa malik olduğunu, xüsusiyyətlərini və həyat tərzini öyrənə bilirlər. Yaxın tarixə qədər bu sahə üzrə tədqiqat və təcrübələr aparan elm adamları canlıların genetikasının dəyişdirilməsinin mümkünsüz olduğunu iddia edirdilər. Amma artıq bu iddia tamamilə mənasızdır. Çünki hər ikisi professor olan fransalı mikrobioloq Emmanuel Şarpantye və amerikalı biokimyaçı Cennifer Dudna artıq həyat kodlarımızı, yəni, genlərimizi kəsib-biçmək, onu dəyişdirmək üçün "genetik qayçı" kəşf etdilər. Hansı ki, bu kəşf onlara 2020-ci il üçün kimya sahəsində Nobel mükafatı qazandırdı. Elə jurnalımızın bu sayında da bu genetik qayçılardan danışacağıq.
Gen canlılarda nəsildən-nəsilə bioloji xassələrin ötürülməsi prosesinin, yəni, irsi genetikanın əsas vahididir. Genlər fenotipik (genetik və ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici görünüşündəki əksi) xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. Bu xüsusiyyətlərinə görə genetikada (orqanizmlərin genlərini, irsiyyət və gen dəyişkənliyini öyrənən elm sahəsi) genlərə həyat kodu da deyilir. "CRISPR-Cas9" adı verilən bu genetik qayçı yaşayan hüceyrələrdəki DNT-lərdə müəyyən edilmiş həssas dəyişikliklərə şərait yaradır. Alətin həm vacib elmi araşdırmalarda, həm də irsi xəstəliklərin müalicəsində istifadəsi nəzərdə tutulur.
"CRISPR" (clustered regularly interspaced short palindromic repeats) - müntəzəm aralıqlarla bölünmüş palindrom (tərsi ilə eyni olan) təkrar çoxluqlar mənasını verir. "Cas9" (CRISPR associated protein 9 - birləşmiş protein) isə müəyyən bakteriyaların DNA viruslarına və plazmidlərinə qarşı immunoloji müdafiəsində mühüm rol oynayan və genetik mühəndislik tətbiqlərində çox istifadə olunan 160 kilodalton (ölçü vahidi - karbon-12 atomunun kütləsinin 1/12 hissəsi) proteindir. "CRISPR-Cas9"-un əsas funksiyası DNT-ni kəsmək və bununla bir hüceyrənin genomunu dəyişdirməkdir. O, həmçinin, virusların da DNT-lərini kəsərək, onların zərərsizləşdirilməsində istifadə olunur.
Bu inqilabi kəşfin tarixçəsi isə belədir: Emmanuel Şarpantye "Streptoccocus pyogenes" adlı bakteriya üzərində tədqiqat apararkən "tracrRNA" (trans-activating crispr RNA - trans-aktivləşdirən crispr RNT; RNT - Ribonuklein turşusu, hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi, yəni, transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekul) adlı daha əvvəl elmə məlum olmayan molekul kəşf etdi. Apardığı təcrübələr nəticəsində "tracrRNA"nın insan orqanizminin immunitet sisteminin bir parçası olduğunu sübuta yetirdi. O, 2011-ci ildə araşdırmasını ictimaiyyətə təqdim etdikdən sonra Kaliforniyanın Berkli Universitetinin professoru Cennifer Dudna da Şarpantye ilə birgə bu sahədə tədqiqatlara qoşuldu. Onlar birlikdə bakteriyanın genetik qayçılarını bir sınaq borusunun içində yenidən ərsəyə gətirdilər. İstifadəsini asanlaşdırmaq üçün isə qayçının molekulyar quruluşunu sadələşdirdilər.
Adi halda bakterial qayçılar DNT-ləri viruslardan ayırd edə bilir. Lakin Şarpantye və Dudna 2012-ci ildə apardıqları tədqiqatlar nəticəsində bu qayçıların bütün növ DNT-ləri kəsmək üçün yenidən proqramlaşdırıla biləcəyini sübuta yetirdilər.
"CRISPR-Cas9" kəşf olunduqdan sonra istifadəsi kütləviləşdi. Bu alət sayəsində xeyli sayda elmi tapıntılar oldu və xərçəng xəstəliyinin yeni müalicə üsulları üzərində iş gedir. Texnoloji yenilik irsi xəstəliklərin müalicəsində də əhəmiyyətli addım rolu oynayır. Həmçinin, milyonlarla insanın əziyyət çəkdiyi oraqşəkilli hüceyrə anemiyası (qanazlığı) da bu vasitə ilə öz həllini tapa bilər.
Belə əhəmiyyətli bir kəşfə görə Nobel mükafatı verilməsinin bu qədər yubanmasına səbəb isə Şarpantye və Dudna ilə Massaçusets Texnologiya İnstitutu və Harvard Broad İnstitutu arasında gedən patent müzakirəsi oldu. Hər iki tərəf "CRISPR" üsulunda istifadə olunan nüvəli hüceyrələrin onlar tərəfindən kəşf olunduğunu iddia edirdi.
Onu da bildirək ki, bu texnologiyadan sui-istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar var. Belə ki, bu üsuldan istifadə olunaraq, sifarişlə "kukla körpələr" yaradılacağı iddia edilir. Nobel Kimya Komitəsinin sədri Kleyz Qustafsson da bu texnologiyanın böyük gücə malik olduğunu bildirir və bu da həmin texnologiyadan çox diqqətlə istifadə etməlı olduğumuzu deməyə əsas verir.
Şahmərdan Əhmədli