İsmayıl Əhməd
Bir vaxt "qloballaşma" sözünü eşidəndə çoxumuz döyüşə hazırlaşan əsgər kimi qalxanımızı başımıza tutub müdafiə vəziyyəti alırdıq. Sanki bir an sonra haradansa tanımadığımız, bilmədiyimiz bir ordu bizə hücum edəcək, hər şeyimizi əlimizdən alacaq və bizi məcburən dəyişib başqa bir tipə çevirəcəkdi. Bu cür düşünənlərimiz o andaca "mentalitet", "milli-mənəvi dəyərlər", "vətən-millət", "namus-qeyrət" fəryadları qopararaq xalqı minillik dəyərlərimizə sarılmağa çağırırdılar.
İllər keçdi, heç kim bizi dəyişməyə, qloballaşdırmağa gəlmədi, amma biz dəyişdik, qloballaşdıq, həm də sevə-sevə, qaça-qaça, könüllü olaraq dəyişdik...
Sirr deyil ki, milli-mənəvi dəyərlərimizdən danışanda ağlımıza gələn ilk ünvan ailə olur. Həqiqətən də, əsrlər boyu arına-arına, cilalana-cilalana ailə-məişət qanunlarımız formalaşıb. Azərbaycan ailəsinin təməlində ismət və fədakarlıq anlayışı aparıcı amillər olub. Yəni, ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də, əsrlər boyu Azərbaycanda ailənin dağılması böyük bir faciə, böyük bir fəlakət kimi qarşılanıb. Ancaq çox təəssüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunur. Artıq ailə fərdləri arasında o əvvəlki ismətdən, o əvvəlki fədakarlıqdan da əsər-əlamət yoxdur. Necə deyərlər, hamı özünü haqlı sayır və heç kim öz haqqından keçmək istəmir. Ən dəhşətlisi isə artıq ailə anlayışının özü də mahiyyətini dəyişir. Üstəlik bu, get-gedə daha sürətlə yayılmağa başlayır. Nəticədə, yeni ünsiyyətlər, yeni münasibətlər formalaşır. Az qala tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmək istəmir. Nə sevginin, nə səmimiyyətin təravəti qalır. Hisslərin, duyğuların qarşısında az qala dərin bir uçurum meydana gəlir. Az qala ailədə tərəflər bir-birilərinə müvəqqəti yol yoldaşı kimi baxırlar. Təbii ki, belə olan halda bu ailənin sona qədər uzanmaq ehtimalı da azalır. Bu cür ailələrdə doğulan uşaqların da aqibəti, demək olar ki, heç də ürəkaçan olmur. Başqa sözlə, belə uşaqların bu gün doğulduqları ailələrdə yaşadıqları problemlər sabah qurduqları ailələrdə də davam edir. Beləlliklə, bu ailələr bir az da irsi problemlər üzərində qururlur.
Bəli, boynumuza alaq ki, nə qədər ağır, nə qədər dəhşətli olsa da, günümüzün reallığı budur. Əlli il əvvəl bir kənddə bir ailənin dağılması az qala böyük bir faciə, böyük bir fəlakət hesab olunurdusa, indi statistik göstəricilərə görə hər üç, reallıqda isə hər iki izdivacdan biri acı sonluqla tamamlanır. Vətəndaş nikahı adı altında nikahsız, kəbinsiz yaşayırlar və beləcə, bir-birilərinə qarşı məsuliyyət altına girməkdən imtina edirlər. Bu "birlik" isə həm ailə institutumuza, həm də cəmiyyətimizə nə qədər zərbə vurur, bunu dərk etmək yəqin ki, çətin deyil.
Təbii ki, bu halların yayılmasında bu sahəni "işıqlandıran" teleproqramların da rolu az olmur. Çünki ailə institutumuzun sütunlarını gəmirən bu problemlər açıq müzakirə mövzusuna çevrilərək, "daha geniş tamaşaçı kütləsi toplamaq" üçün televiziya proqramlarına ayaq açır. Üstəlik, bu proqramlardakı mənzərələri və ya söhbətləri yazıya almaq üçün yazıçı fantaziyasına da ehtiyac yoxdur. Hər gün məlum saatlarda ekran qarşısında oturun, yerli kanallarımıza tamaşa edin, elə hadisələrin şahidi olacaqsınız ki, damarınızda qanınız quruyacaq, uzun müddət özünüzə gələ bilməyəcəksiniz. Psixikası alt-üst olmuş, insani dəyərləri tapdayıb keçmiş elə insanlar görəcəksiniz ki, o dəyərlər gözünüzdən düşəcək. Ən dəhşətlisi nədir bilirsinizmi? - Saydığımız bu nümunələrin sayı efirimizdə o qədər çoxdur ki, artıq bu cür dəhşətlər adamların gözündə adiləşir, sanki insanların əsəbi, qəzəbi korşalır, laqeyd olmağa başlayırlar. Kanallar da o proqramlar baxılsın, reytinq qazansın deyə, bu cür faciəvi halları qaçırmır, günlərlə uzadaraq tamaşaçı kütləsini artırmağa çalışırlar. Nəticədə, o cür proqramlara aludə olan kütlə üçün o cür xəyanət, hətta bəzi hallarda cinayət halları sanki adiləşir, insanımız artıq "mənə nə" bəlasını həzm etmiş olur. Bu isə milli-mənəvi gözəlliklərimizin (dolayısı ilə mentalitetimizin də) nə qədər ciddi fəlakətlə üz-üzə qaldığını göstərir. Mən senzura, rəsmiyyət tərəfdarı deyiləm, amma çox istəyirəm ki, baş alıb gedən bu cəhalətə, milləti zombiləşdirmə hərəkatına son verilsin.
Hərdən parklara, bağlara çıxıb adamlara tamaşa edin, az qala uşaq gəzdirən valideynlər qədər, it gəzdirən adamlar görəcəksiniz. Yuxarıda bəhs etdiyimiz ailələr dünyaya övlad gətirib məsuliyyət altına girməkdənsə, streslərini it-pişiklə yola verməyi üstün tuturlar. Belə getsə, bir qədər sonra ailələrdə itin, pişiyin sayı uşaq sayını keçəcək.
Efirlər, küçələr atılmış qocalarla doludur. Bilgəhdəki qocalar evinə girmək üçün növbəyə duranların sayı oranın sakinlərindən on dəfələrlə çoxdur, yəni bu gün ölkəmizdə bəlkə onlarla elə qocalar evi tikilsə, bir anda dolar. Atılmış uşaqlar məsələsi isə o qədər ağır mövzudur ki, bu yazıda o səhifəni heç açmaq belə istəmədik.
Bəlkə də, bu yazıda bir qədər bədbin portret çızıldı, bəzi oxucularımız, "Biz müzəffər xalqıq, bu qədər bədbin olmağa ehtiyac yoxdur, bu məsələnin də öhdəsindən gələrik", - deyə düşünəcəklər. Amma mən tam səmimiyyətimlə deyirəm ki, bu kimi problemlərin aradan qaldırılması çox mühüm, mühüm olduğu qədər də çox çətin məsələdir. Ona görə də, bu sahədə ciddi tədbirlər görülməli, ailə müəssisəmizin sağlam təməllər üzərində qurulması və qorunması üçün mühüm addımlar atılmalıdır. Çünki belə getsə, ailə müəssisəmizin sabahı aydın görünmür. Bu cür mühüm məsələ, ailə müəssisəmizin sabahı ən yüksək qurumlarımızda, xüsusilə Milli Məclisdə açıq yayımla müzakirə olunmalı, ziyalılarımız o müzakirəyə dəvət edilməli, xalqın diqqəti bu mövzuya cəlb olunmalıdır. Ən azı cəmiyyət qınamaq refleksini özünə qaytarmalı, qanunun işləmədiyi yerdə əxlaqın səsi o cür hallara qalxan olmalıdır.
Hər xalqın gücü onun ədalətində, dürüstlüyündə, vazkeçilməz saydığı dəyərlərindədir. Xalq öz dəyərlərini itirib başqalarını təqlid etməyə başlayandan sonra onun hansı dildə danışmağının, hansı şeiri oxumağının, nə yeyib-nə içməyinin, hansı bayrağın altında addımlamağının heç bir mənası yoxdur.