Aygün Akıfqızı
Son günlərin ən çox yayılan, həm qripin, həm də koronavirusun bəzi simptomlarını özündə daşıyan xəstəliyi insanlarımızı xeyli narahat olmağa vadar edir. Həkimlər dəfələrlə bunun mövsümi xəstəliklərlə bağlı olduğunu səsləndirsələr də, insanlarımız bununla tam razılaşmaqda tərəddüd edirlər. Çünki geridə qoyduğumuz 2 il COVID-19 infeksıyasının yayılması ilə yadda qalır. Necə deyərlər, ağzı süddən yanan, qatığı üfürə-üfürə yeyər. Artıq girişdən də bəlli olduğu kimi budəfəki mövzumuz son günlərin böyük səs-küyə səbəb olan və əhali arasında geniş yayılan xəstəliyi ilə bağlı olacaq. Sözügedən xəstəlik isə həkimlərin də birmənalı olaraq qeyd etdikləri kimi mövsümi xəstəliklərdir. Bəs, mövsümi xəstəliklər nədir və onunla necə mübarizə aparmaq olar? Bununla bağlı həkim-terapevt Anar Məmmədovla həmsöhbət olduq...
Mövsümi xəstəliklər nədir?
- Mövsümi xəstəliklər adından da göründüyü kimi hər mövsümə xas olan xəstəliklərdir. Hər mövsümün özünə xas xəstəlikləri olduğu kimi, qış mövsümünün də özünə xas xəstəlikləri var. Zökəmdir, soyuqdəymədir, kəskin respirator virus infeksiyalarıdır, bunlar hamısı mövsümi xəstəliklər adlandırılır.
- Mövsümi xəstəliklərin qarşısını almaq mümkündürmü? Əgər mümkündürsə, nə etməyi tövsiyə edərdiniz?
- Mövsümi xəstəliklərin qarşısını almaq mümkündür. Hər mövsümdə, xüsusən də, qışda kəskin respirator virus infeksiyaları çox yayılır. Bunlar infeksion xəstəlik olduğu və hava-damcı yolu ilə yayıldığı üçün kütləvi şəkildə qeydə alınır. Bunun da qarşısını almaq üçün ilk növbədə fərdi qoruyucu vasitələrdən istifadə etmək lazımıdır. O cümlədən, maska taxmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez ilıq su və sabunla yumaq lazımdır. Bir də mövsümi xəstəliklərin yayıldığı dövrdə bunlara aid olan vaksinasiyalardan istifadə etmək lazımdır. Qrip yayılıbsa, qrip vaksinindən, influenza xəstəlikləri yayılıbsa, influenza əleyhinə vaksinlərdən istifadə olunmalıdır.
- Ümumiyyətlə, mövsümi xəstəliklərin göstəriciləri nələrdir? İnsanlar son dövrlərin ağır xəstəliyi olan və hətta bəzilərində ölümlə nəticələnən koronavirusla mövsümi xəstəlikləri necə fərqləndirə bilərlər?
- Mövsümi xəstəliklərin əsas əlamətləri (xüsusilə də, infeksion xəstəliklər olduğu üçün) hərarətin yüksəlməsi, baş ağrıları, həmçinin öskürək kimi əlamətlərdir. Adını çəkdiyimiz koronavirus da hava-damcı yolu ilə yayılan infeksiyadır. Əminəm ki, bir müddət sonra pandemiya başa çatacaq və koronavirus özü də mövsümi bir xəstəlik xarakteri alacaq. Əgər xatırlayırsınızsa, koronavirusun artdığı dövrdə mövsümi xəstəliklər elə də hakim rol oynamadı. Bunun əsas səbəbi nə idi? Çünki koronavirus infeksiyasına qarşı aparılan fərdi mübarizə üsulları istər-istəməz qonşu xəstəliklərin, birbaşa mövsümi xəstəliklərin qarşısını alırdı. Amma bu il əksinə, dünya dövlətlərində pandemiya vaksinasiyasının sürətlənməsi və pandemiyanın yayılmasının bir qədər zəifləməsi əhalidə arxayınlıq yaratdı. Fərdi mühafizə vasitələrindən az istifadə olunmağa başladı və nəticədə, bu qış mövsümi xəstəliklər kifayət qədər artmağa başladı. Onları differensasiya etmək çox vacibdir. Bəs, əsas fərqlər nədən ibarətdir? Demək olar ki, oxşar əlamətlər çoxdur. Məsələn, hərarətin artması, baş ağrıları, öskürək və sairə. Bu əlamətlər həm koronavirus infeksiyasında, həm də kəskin respirator infeksion xəstəliklərində müşahidə olunur. Amma bəzi əlavə xüsusiyyətlər var ki, məsələn, kataral hallar, yəni zökəm, burun axması kimi hallar koronavirus infeksiyasına xas deyil. Bu, daha çox mövsümi xəstəliklərə xas hallardır. Koronavirusa xas olan əlamətlər daha çox quru öskürək və təngnəfəslik, eləcə də, ağciyərlərin daha tez sıradan çıxmasıdır. Mövsümi xəstəliklərdə orqanlarda koronavirusdakı qədər sürətli zədələnmə qeydə alınmır. Bu, bunları fərqləndirən əsas cəhətlərdən biridir. Təbii ki, mövsümi xəstəliklərdə də ağırlaşmalar olur, amma onlar COVID-19 qədər qorxulu və geniş yayılmış olmur.
- Havanın qeyri-sabit keçməsi xəstəliklərin artmasına nə qədər təsir edə bilər?
- Havanın qeyri-sabit keçməsi təbii ki, xəstəliyin yayılmasına təsir edir. Əsasən də, ona görə ki, bizim əhali sərt iqlim şəraitinə alışmayıb. Sərt iqlim şəraitinə alışan insanların bədəninin immuniteti tamam fərqli olur. Bizim bədənimizin müqaviməti belə havaya hazır olmadığı üçün havanın bəzən soyuq, bəzən günəşli olması, həmçinin rütubətli olması və sair insanların bədən müqavimətini zəiflədir. Bədən müqaviməti zəifləyən insanlar isə yoluxucu xəstəliklərə qarşı həssas olurlar.
- Son dövrlərdə əsasən uşaqlar arasında geniş yayılan və özünü qızdırma, halsızlıq kimi əlamətlərlə göstərən xəstəlik nədir?
- Bu elə mövsümi xəstəliklərdir. Azərbaycanda karantin qaydalarında keçən ildən başlayaraq yaranmış yumşalmalar, müxtəlif məhdudiyyətlərin aradan götürülməsi, məktəblərin və universitetlərin açılması insanlar arasında kütləviliyi artıraraq xəstəliklərin geniş yayılmasına səbəb oldu. Qış mövsümünün də sərt keçməsi xəstəliklərin artmasına səbəb olur. Hazırda əhali arasında yaranan xəstəliklər də kəskin respirator infeksiyalarıdır.
- Bu tip hallarla rastlaşan valideynlər və ya yuxarı yaş qruplu insanlar nələrə diqqət etməlidirlər?
- Bu sual üçün çox sağ olun. Mən özüm də valideynəm, birinci növbədə uşaqları profilaktik olaraq sağlam böyütsünlər. Profilaktik olaraq sağlam böyütmək nədir? Tibbin ən böyük vəzifəsi xəstəliyi sağaltmaq yox, xəstəliyin qarşısını almaqdır, yəni profilaktikadır. Bunun üçün də ilk növbədə həyat tərzimizdən başlamalıyıq. Yəni, sağlam həyat tərzi sürməliyik. Qidalanmamıza fikir verməliyik. Rasional qidalanmaq lazımdır, orqanik qidalardan istifadə etmək lazımdır. Yarımfabrikatlardan, kustar üsullarla hazırlanmış məhsullardan uzaq durmalıyıq. Daha çox etibarlı və təbii yollarla alınan məhsullardan istifadə edilməlidir. İkincisi, biz qidalanmamızda ən az istifadə etdiyimiz su qəbulunu artırmalıyıq. Mən sizə bir şey deyim ki, son illər aparılan statistik araşdırmalara görə insanlarımız maye qəbulu dedikdə, sudan başqa bütün maye vasitələrinin (kofe, çay, şirin sular, qazlı sular, energetik içkilər və sair) qəbulunu nəzərdə tuturlar. Başqa sözlə, insanlarımız bunların hamısını maye kimi qəbul edirlər. Əslində, təbii su özü ən gözəl dərmandır. Bunu mən öz təcrübəmdə dəfələrlə müşahidə etmişəm ki, sudan istifadəni artırdıqda xəstələrin şikayətləri xeyli azalır. Çünki sudan istifadənin azlığı müxtəlif xəstəliklərə səbəb olur. Çünki burada həm mədə-bağırsaq traktının pozulması yaranır, həm qəbizlik artır, həm piylənmə artır. Eyni zamanda bədəndə hipovolemiya dediyimiz maye azlığı baş ağrısına, qan qatılaşmasına gətirib çıxarır, həmçinin, sidikçıxarıcı orqanların xəstəliklərinə, böyrəkdə daşların yaranmasına səbəb olur. Hətta bədəndə müxtəlif infeksion xəstəliklərin yaranmasını da bu siyahıya daxil etmək olar. Hər bir insan gün ərzində bədən çəkisinə uyğun olaraq adi su qəbul etməlidir. Məsələn, sizin 70 kiloqram çəkiniz varsa, gün ərzində ən azı 2-2,5 litr su qəbul etməlisiniz. Maye dediyimiz daha çox su şəklində olmalıdır, nəinki çay və ya digər içkilər şəklində. Profilaktikadan danışanda mən birinci növbədə maye qəbulunu ön plana çəkirəm. Ən ucuz başa gələn müalicə üsulu profilaktik tədbirlərdir. Ona görə su istehlakını artırmaq lazımdır. Son dövrlərdə texnologiyanın inkişafı bizim insanlarımızı, gənclərimizi, uşaqlarımızı aktiv həyatdan soyudub. Artıq övladlarımız təmiz havada deyil, ev şəraitində böyüyürlər. Bu da istər-istəməz bizim bədənimizin, immunitetimizin formalaşmasında mənfi rol oynayır. Biri var təmiz havada, çöl şəraitində, dağda, meşədə gəzən aktiv kənd uşağı, biri də var kirli havada, üstəlik evdə, mobil telefon, kompüter və ya planşet qarşısında oturan passiv şəhər uşağı. Məsələn, biz kənd uşağı olduğumuz üçün aktiv həyatımız var idi. Oynayardıq, mütəmadi olaraq uşaqlarla ünsiyyətdə olardıq, təmiz hava qəbul edərdik, təbii "D" vitamini - günəş şüası alardıq və bu bizim daha sağlam, daha güclü olmağımıza təsir edərdi. İndiki uşaqlar isə bunun tam əksini yaşayırlar. Qidalanmalarından tutun, günəş şüası qəbul etmələrinə qədər, hamısı onları geri salır. Bunlar da son nəticədə müxtəlif xəstəliklərə, immunitet zəifliklərinə, vitamin "D" çatışmazlıqlarına, piylənməyə, metabolik xəstəliklərə, şəkərli diabetin yaranmasına, hipertoniyanın, ürək-damar sistemi xəstəliklərinin meydana gəlməsinə, oynaq sistemi xəstəliklərinə və sair və ilaxır səbəb olur. Bütün bu xəstəliklərin başında isə bizim həyat tərzimiz dayanır.
- Xəstəliyin ilkin əlamətlərini müşahidə edən kimi insanlarımızın ilk ağlına gələn antibiotiklər olur. Ümumiyyətlə, antibiotiklərdən istifadə nə qədər doğrudur?
- Ümumiyyətlə, mən sizə deyim ki, antibiotiklərdən kütləvi istifadə çox yanlış bir şeydir. Halbuki bu gün antibiotiklər bədənimizin ayrılmaz bir hissəsinə çevrilib. Bildiyiniz kimi, antibiotikin tərkibi pensillinin kəşfindən bu günə kimi çox dəyişib. Antibiotikin kəşfi tibbdə infeksion xəstəliklərin müalicəsində böyük bir inqilaba səbəb oldu. Ancaq indi ilkin katarakta əlaməti görən kimi, azacıq qripləyən kimi antibiotiklərin plansız, təyinatsız istifadə edilməsi, həkim göstərişi olmadan özbaşına qəbul olunması çox yanlış addımdır. Sonda bu kütləvi olaraq antibiotiklərə qarşı bədəndə həssas mikroorqanizmlərin azalmasına, əksinə antibiotiklərə qarşı müqavimətli mikroorqanizmlərin artmasına səbəb olur. Bu da gələcəkdə öz fəsadlarını göstərir. Çünki hazırda parktikamızda bir çox xəstəliklərin müalicəsində antibiotiklərdən ən sonda istifadə etdikdə belə çətinliklərlə üzləşirik. Bu, onunla əlaqəlidir ki, antibiotiklərin yerli-yersiz istifadə olunması nəticədə, antibiotiklərə qarşı bədəndə həssaslıq yaradır və onda da xəstə müalicəyə tabe olmur. İnsanların bədən müqavimətinin zəifləməsinin, koronavirus kimi virus infeksiyalarının, həmçinin, digər virus infeksiyalarının kəskin artmasının səbəbi də insanların həm həyat tərzində, həm qidalanmasında, həm də antibiotiklərin qəbulunda yanlışa yol vermələridir. Azərbaycanda insanlarda bir düşüncə var, həkim qəbuluna getməmiş birinci aptekə müraciət edirlər. Aptekdə isə aptekçilərin bir çoxu təəssüf ki, əczaçılıq sahəsinin yox, başqa sahələrin insanları olurlar. Onlar da təsir mexanizmi barəsində heç bir məlumatları olmadığı üçün antibiotikləri tövsiyə edirlər. Ya da ki, insanlarımız qonşuda Fatmanisə xala filan dərmanı içdi sağaldı deyə aptekdən o dərmanları alırlar. Reseptsiz dərmanların satışı, xüsusilə də, bizim ölkəmizdə ən böyük problemlərdən biridir. Antibiotiklərin əks təsirinin olmasına baxmayaraq apteklərdə bu dərmanlar çox rahat şəkildə satılır. Bu da sonda insanların səhv müalicə almasına, sağalmanın gecikməsinə səbəb olur. Bunun qarşısı isə mütləq alınmalıdır.
- Mövzu ilə bağlı tövsiyələriniz...
- Mənim ilk növbədə valideynlərə tövsiyəm odur ki, övladlarının qidalanmasına fikir versinlər. Su istehlak etmələrinə, təmiz hava almalarına və təmiz günəş enerjisi qəbul etmələrinə xüsusi əhəmiyyət versinlər. Yəni, bunlar çox mühüm faktorlardır. Bu faktorlara riayət etdikdə istər-istəməz xəstəliklərin yayılması azalacaq. İkincisi isə fərdi olaraq xəstəliklərin yayılmasının qarşısını almaq üçün hər birimiz özümüzü qorumalıyıq.
Baş həkim ANAR MƏMMƏDOV
[email protected] [email protected]
www.medicareklinika.az
+994 12 450 32 91 +994 50 367 93 73