Rəvan Məmmədov 

Türkmənçay müqaviləsi 1828-ci ilin 10 fevralında imzalandı. Nəticədə, Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölünməsi prosesi başa çatdı. 

Tarixi Azərbaycan torpaqlarının İran-Rusiya arasında bölündüyü ilk müqavilə 1813-cü ilin 12 oktyabrında imzalanan Gülüstan müqaviləsi idi. Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bir müqavilə oldu. Dağıstanın, Gürcüstanın, Azərbaycanın əksər hissəsi, indiki Ermənistanın isə bir hissəsi Rusiya imperiyasına keçdi. Müqavilənin mətni Böyük Britaniyanın İrandakı nümayəndəsi Ser Qor Ousli tərəfindən hazırlandı. Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan Elçi bəhs etdiyimiz müqaviləni imzaladı. 
Azərbaycanın torpaqlarının mənimsənilməsi prosesinin yekunu isə Türkmənçay müqaviləsi ilə bitdi. Türkmənçay sülh müqaviləsi Qacar İran imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə oldu. 
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi ilə bağlı bəzi ciddi fikir ayrılıqları yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rusiya qoşunları irəli atıldı və yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Nəticədə, müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı. Müqavilənin Türkmənçay müqaviləsi adlanmasının səbəbi də onun Türkmənçay kəndində imzalanmasıdır. Bu müqaviləyə əsasən Gülüstan müqaviləsindən sonra Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının qalan digər hissələri də Rusiyaya daxil edildi. 
Hər iki imperiya arasında sərhəd kimi Araz çayı qəbul olundu. Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayır. Gülüstan müqaviləsi kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanır və bütün şərtlər Rusiya tərəfindən diktə olunur. Əks halda, Rusiya Tehranı tutmaqla hədələyir. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırır. 
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanır, təzminat və sair haqqında yeni maddələr əlavə edilir. Müqavilənin ilk maddəsinə əsasən tərəflər arasında əbədi sülh bağlanır: "Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır". 
Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyini bildirirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə), Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddədə ticarət konsulluqlarının açılmasından, on birinci maddədə isə qarşılıqlı olaraq müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edilirdi. XII, XIV və XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. Xüsusilə də, onbeşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də, ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddədə isə hərbi əməliyyatların tam dayandırılması ilə bağlı bütün yerlərə fərman göndərilməsi, müqavilənin şərtlərinin tam yerinə yetirilməsi, həmçinin, bu müqavilənin ratifikasiya edilməsi vurğulanırdı: "Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı surətdə, təxirə salmadan, təcili olaraq hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir". 
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən isə həmin ilin iyulunda ratifikasiya edildi. Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvoluna çevrildi.