Mahmud Adəmoğlu
Etiraf edək ki, bu gün Avropa ölkələrində həyat standartı müsəlman ölkələri ilə müqayisədə qat-qat üstündür. Ona görə də, doğulub böyüdüyü vətənində istədiyini tapa bilməyən müsəlmanlar Avropaya və ya Amerikaya üz tuturlar. Bu vəziyyətin səbəbini bir sözlə ifadə etməli olsaq, "ədalət" deyə bilərik. Bəli, İslam aləmi əsrlər əvvəl ədalət (xüsusilə də, sosial ədalət) prinsipindən uzaq düşdüyü üçün tərəqqini də, sosial rifahı da, elmi kəşfləri də itirdi.
Ədalət milli gəlirin vətəndaşlar arasında doğru-düzgün bölünməsidir. Əgər bir cəmiyyətdə kimlər üçünsə hər cür imtiyaz varsa, kimlər üçünsə hər şey yasaqdırsa, demək orada ədalətdən danışmaq olmaz. Həzrət Əlinin (r.a.) çox gözəl bir sözü var: "Dövlətin dini ədalətdir".
Ədalət çox geniş sahəni, həyatın hər nöqtəsini əhatə edən məfhumdur.
Ədalət - hər kəsə layiq olduğu dəyəri verməkdir; hər kəsi layiq olduğu qədər sevməkdir; hər kəsi layiq olduğu məsafədə tutmaqdır.
Ədalət - Allahın (c.c.) sifətlərindən, Ədl - Allahın Əsmai-Hüsnasından, yəni Gözəl Adlarından biridir, "çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən" mənasına gəlir. İslam alimləri ədl sifətini "Allahın hər varlığa layiq olduğu imkanları və qabiliyyətləri bəxş etməsi" mənasını verən comərdlik sözləri ilə izah edirlər. İmam Qəzali Allahın (c.c.) ədalətinin nə mənaya gəldiyini bilmədən onun adil olduğunu anlamağın, yaradıb idarə etdiyi kainatı tanımadan da ədalətini başa düşməyin mümkün olmadığını deyir və kainatın tanınması məsələsində çoxlu nümunələr verir. Bütün müsəlman alimlər Allahın adil olduğu məsələsində bir fikirdədirlər. "Ədalət" hər şeyi lazım olduğu kimi etməkdir, yəni nə çox, nə də az. Bu haqda Hz. Əli (r.a.) belə buyurur: "Ədalət hər şeyi öz yerində qərar verməkdir".
Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin və ya sosial qrupların praktiki rolu ilə onların sosial mövqeləri, hüquq və öhdəlikləri, xidmətləri və mükafatları, cinayətləri və cəzaları və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin, hüquqi münasibətlərdə iştirak edən hər kəsin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir.
Allah (c.c.) Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: "Hər işinizdə ədalətlə-insafla hərəkət edin. Allah adil olanları sevir". Nisa surəsinin 58-ci ayəsində isə belə buyurulur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir".
İnsanlar arasında ədalətə uyğun hökmlər verməyə gəldikdə isə Uca Allah bu vəzifəni bütün insanları əhatə edəcək şəkildə geniş tutur. İslamın istədiyi ədalət nəinki bütün insanlara, bütün varlıqlara qarşı dürüst davranmaqdır. İstər müsəlman olsun, istər qeyri-müsəlman, istərsə də, lap dinsiz olsun, heç kimin heç kimə qarşı haqsız davranmaq səlahiyyəti yoxdur. İslam dini nəinki insana, hətta heyvana və bitkiyə qarşı da haqsız davranmamağı təlqin edir.
Unutmayaq ki, dinimizin yetişdirmək istədiyi insan modeli ədalətli insandır. Ədalətli insan hər kəsə, ilk növbədə, onu yaradan Allaha (c.c.) qarşı dürüst davranır. Allahını tanıyan, Ona layiqincə ehtiram göstərən insanın öz ətrafına qarşı haqsız davranması da qeyri-mümkündür. Ədalət insanlığın meyarıdır.
Hansısa şəraitdə ədalət sənin xeyrinə də ola bilər, əleyhinə də. Dinimiz əmr edir ki, sən ədalətin bərqərar olmasını istəməlisən, lap sənin zərərinə olsa belə. Görün, Allah (c.c.) Qurani-Kərimdə bizə necə müraciət edir, bizdən nə istəyir: "Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə belə olsa, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
Maidə surəsinin 8-ci ayəsində isə belə buyurulur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) sabitqədəm və ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır". Dinimiz düşmən millətlərə qarşı müsəlmanların ədalətlə hərəkət etmələrini əmr edir. Buna görə ədalət həyatın hər sahəsində keçərli olan bir qanundur.
Allahın (c.c.). bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etməz. "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!" (Nisa- 40) Ədalətin mənbəyi Allahdır (c.c.). Qurani-Kərim bizə ilk əvvəl Allahı tanımağı, Ona layiqli bəndə olmağı, ardınca da hər kəsə qarşı ədalətli olmağı əmr edir. Heç düşünürsünüzmü, Allahı tanımaq, sevmək, Ona itaət və ibadət etmək, əslində, bizim Ona qarşı ədalətli davranışımızdır, çünki bizi O yaradıb, hər şeyi bizə O verib və əvəzində də bizdən istədiyi məlumdur. Bəndənin Allaha qarşı ədalətli olmağı Onun buyurduğu kimi yaşamaqdır. Başınızı qaldırıb dünyaya baxın, hər cür heyvana, dağa, daşa, ağaca sitayiş edən xalqlar, tayfalar, qövmlər var. Əsl zalım onlardır. Allahı unudan olsa-olsa özünə zülm etmiş olar. Biz insan olaraq iradə sahibləriyik, hər seçimə görə də özümüz məsuluq. Bu gün dünyada dövlətlər bir-biriləri ilə müharibə edirlər. Güclü olan gücsüzün torpağını, sərvətini əlindən almaq istəyir. Yüz minlərlə ailə kimin, ya da kimlərinsə hərisliyi ucbatından hər cür məhrumiyyətə, səfalətə məhkum olur. Özünü ali irq elan etmiş alman faşistlərinin və onların lideri Hitlerin başladığı İkinci Dünya müharibəsi təxminən 30 milyon insanın ölümü, dünyanın böyük bir hissəsinin isə xarabazarlığa çevrilməsi ilə nəticələndi. Bu cür qlobal fəlakət dəllalları ola bilsin ki, bu dünyada cəzadan yaxa qurtara bildilər, amma qəlbində axirət inancı olanlar bilir ki, hər kəs öz əməlinin əvəzini mütləq alacaq.
Məhkəmələrdə rüşvətlə qərar çıxarılır, hakim qanunu da, vicdanını da satır; qanunu qorumalı olan onunla alver edir, amma bilənlər bilir ki, mütləq Hakimin həm də Şahid olduğu bir gün var və o gün hər kəsin əməlləri ortaya töküləcək.
Ədalətin hakim olduğu cəmiyyət həmişə gözəl olub, abad olub. Ədalətin olmadığı yerdə zülm olub, insanlar bir-birinə qardaş, arxa kimi deyil, düşmən kimi baxıblar. Dövlətin ən mühüm vəzifəsi vətəndaşının haqqını qorumaq, onu hər cür haqsızlıqdan müdafiə etməkdir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, ədalət başına endirilən qılınc da olsa, boynunu uzatmaqdan çəkinmə. Zülmün bərbad etdiyi ədalətlə abad olur.
Bütün insanlar Allah (c.c.). qarşısında bir darağın dişləri kimi bərabərdir, insanları bir-birindən fərqləndirən onların ədalətidir. Yuxarıda dediyimiz kimi, ədalət hər kəsin öz vəzifəsini anlaması və onu layiqincə yerinə yetirməsidir. Ədaləti olmayanın mərhəməti də olmaz, ədalət müstəvidir, hər şey onun üzərində inşa olunur. İnsan öz həddini aşanda başqasının hüququna müdaxilə etmiş olur. Dinimiz buyurur ki, həqiqi mömin odur ki, insanlar onun əlindən, dilindən hər hansı haqsızlıq gəlməyəcəyindən əmindirlər. Yalan danışan, halal-haram demədən əlinə keçən hər şeyi mənimsəyən, başqalarının haqqını-hüququnu gözləməyən birisi nə deyir-desin, inanma. Dini terminologiyada ədalət Allahı düşünərək başqalarının haqqına-hüququna riayət etməkdir.
Ədalət - yoldur, doğru yol, hər kəsi səadət yurduna aparan yol. Dini ədəbiyyatda bu yola sirati-müstəqim də deyilir. O yoldan çıxanlar nə dünyada, nə də axirətdə xeyir taparlar.
Allah (c.c.). hər birimizi doğru yol üzrə yaşayıb bu dünyadan köçənlərdən və Fatihə surəsində buyurulduğu kimi, nemət verilənlərdən olmağı nəsib etsin!