Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olub. O, Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub. Həmidə Ömərova "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Divlər zindanı", "Dronqo" kimi film və seriallarda çəkilib. Onunla Azərbaycanda kino sənəti, bu sahədə olan problemlər, nailiyyət əldə etmək üçün görülməli işlər və sair haqda danışdıq...
Ruslan Yusibov
- Salam. Həmidə xanım, necəsiniz, işləriniz necə gedir?
- İşlərimiz, şükürlər olsun, qaydasındadır. İncəsənət Universitetində dərs deyirəm. Magistr tələbələrinin imtahan işlərini yoxlayıram. "Ata Ocağı" serialında artıq 5-ci mövsümdür ki, çəkilirəm. Onunla paralel "ABŞ kinematoqrafiya tarixi" kitabını redaktə edirəm. İşlərim çoxdur. Teatrda da "Hasarın o üzü" tamaşasında Humay rolunu oynayıram. Əli Əmirlinin yazdığı tamaşadır. Artıq 8 ildir, həmin tamaşada oynayıram. Teatra quruluş verən xalq artisti Nurəddin Mehdixanlıdır. O cümlədən, Gənc Tamaşaçılar Teatrından çox yaxşı aktyorlar var. Misal üçün Şəbnəm Hüseynova, Leyla Məmmədova, Səbinə Məmmədova bizim tərəf-müqabilimiz olur. Tamaşalarımız həmişə anşlaqla keçir. Düzdür, pandemiyadan sonra mən fikirləşirdim ki, bəlkə tamaşaçı axını az olacaq. Çünki pandemiya dövründə elə bil ki, həyat dayanmışdı, donmuşdu. Düzdür, bizim serialımız çəkilirdi, ancaq çox insan evinə qapanmışdı. Şükürlər olsun ki, yenidən işlər əvvəlki məcrasına qayıdır. Artıq incəsənətin bütün sahələrində, kinoda, teatrda, televiziyada və sair canlanma var. İnşallah, ümid edirəm ki, bundan da yaxşı olacaq.
- Bizdə tarixi seriallar çəkilmir. Halbuki, gənc nəslin yetişməsində bu serialların böyük rolu ola bilər...
- Tarixi seriallar barədə mən bir neçə dəfə öz müsahibələrimdə demişəm. Qeyd edim ki, 10-15 il əvvəl Türkiyə kinematoqrafiyası bu sahədə filmlər çəkməyə başladı. Ancaq biz sovet kino sənayesinin davamçıları idik. 1950-1960-cı illərdə neorealizm kino cərəyanının təzahürü olan filmlər var idi. Xüsusilə, Arif Babayevin filmlərini buna misal gətirə bilərəm. Həmçinin, "Şərikli çörək", "İnsan məskən salır" və "Bizim Cəbiş müəllim" filmlərini qeyd edə bilərəm. Bir sözlə, Azərbaycan kinosunda böyük bir tərəqqi var idi. Və Türkiyə filmlərindən bizim filmlər daha çox seçilirdi. Amma birdən-birə Türkiyə serial sahəsində o qədər inkişaf etməyə başladı ki, hazırda bu sahədə liderdir. Biz serialların məskəni kimi Latın Amerikası ölkələrini tanıyırıq. Çünki seriallar oradan başlayıb. Argentina, Meksika və sair ölkələr də bura daxildir. Sonra qərb ölkələri bu təcrübəni götürdülər. Amma Türkiyə bu sahədə şərq kinematoqrafiyasının liderinə çevrildi. Əvvəllər Şərqin hollivudu Misir kinosu hesab olunurdusa, indi Türkiyə bu sahədə irəlidədir. Maraqlıdır ki, serialın inkişafı kinematoqrafiyanın da inkişafına səbəb oldu. Türkiyə kinosunun bir çox məşhur rejissorları Almaniyaya mühacirət etdilər və hazırda orada fəaliyyət göstərirlər. Onlardan biri də Fatih Akındır ki, "Divara qarşı" filmi ilə Berlin kinofestivalının əsas mükafatını - "Qızıl Ayı" mükafatını aldı. Türkiyə kinosunu inkişaf etdirənlər arasında Zəki Dəmirkubuz, Nuri Bilgə Ceylan, Semih Qaplanoğlu var. Bu sənətkarlar Türkiyə kinosunun qarşısında yeni üfüqlər açdılar. Ancaq Türkiyə ilə yanaşı bu sahədə lider ölkələrə İranı və Koreyanı da misal göstərə bilərəm. Bu ölkələrin də kino sahəsində nailiyyətləri az deyil.
- Seriallar təkcə o ölkəni yox, onun tarixini, mədəniyyətini də tanıtdırır...
- Türkiyə tarixini dünyada tanıtdıran tarixi seriallardır. Və bu serialların həm çox böyük əhəmiyyəti, həm də çox böyük dəyəri var. Bu seriallar Türkiyənin tarixini, Osmanlı İmperiyasının tarixini bütün dünyada tanıtdırır. "Möhtəşəm yüz il" serialını buna misal göstərə bilərəm. "Diriliş Ərtoğrul" serialı da buna aiddir. Türkiyədə bu silsilədən çox filmlər çəkilir. Bizim çox böyük tariximiz var. Çox böyük tarixi qələbəmiz var. Şuşa var. Bu il Şuşa ili elan edildi. Hər birimizin arzusu odur ki, Şuşada olan tarixi qəhrəmanlıqlar bədii filmə çəkilsin. Bilirsiniz, sənədli film başqadır, bədii film başqa. Bədii filmin təsir qüvvəsi (xüsusilə də, emosional təsir qüvvəsi) daha böyükdür. Ona görə də, istər Birinci Qarabağ müharibəsi barəsində, istərsə də İkinci Qarabağ müharibəsi barəsində bədii filmlər çəkilməlidir, seriallar çəkilməlidir. Mən deyərdim ki, bu mövzuda serial çəkmək yerinə düşərdi. İstedadlı rejissorlar, ssenaristlər bu mövzuda filmləri, serialları ekranlaşdırsalar, xalqımızın da, kinomuzun da xeyrinə olar. Mənim ən böyük arzularımdan biri belə tarixi bir seriala çəkilməkdir.
- Sizcə, indiki dövrdə normal həyat tərzi üçün gənclər hansı peşəyə yiyələnməlidirlər?
- Mən hazırda sevdiyim peşəmlə məşğul oluram. Bütün dövrlərdə insanlar sənətlə yaşayıblar. Düzdür, pandemiya dövrü gəldi, 1 il yarım çox yerdə iş dayandırıldı, hətta 90 faiz donduruldu. Belə bir vaxtda insanları xilas edən şey onların sənəti oldu. Tutaq ki, mən yaxşı toxuyuramsa, toxumaq bacarığım varsa, o sahədə iş görə bilərəm. İnsanın müəyyən bir sənəti olmalıdır. Mənim iranlı tələbəm var idi, o, həyat yoldaşı ilə birgə taxtadan müxtəlif qaşıqlar və sair düzəldirdi. Onlar qadınlar üçün boyunbağılar və sair hazırlayır, sonra da rəngləyirdilər. Çox gözəl qabiliyyətləri var idi. Mənim öz hobbim isə rəsm çəkməkdir. Məndə bu, çox yaxşı alınır. İnsana baxıb karandaşla şəklini çəkə bilirəm. Dünən olduğu kimi bu gün də sənət insanı çətin vəziyyətdən çıxarır. Bizdə Suğra Bağırzadə floristika ilə məşğul olur. O, bunun üçün xüsusi məktəb bitirməyib, ancaq neçə-neçə beynəlxalq sərgilərdə iştirak edib. Onu həmişə gənc saxlayan da məhz bu sahədir. İnsan hansı peşəyə, hansı sənətə marağı varsa, o sahədə də işləməlidir.
- Azərbaycanda kino sahəsi hazırda necədir?
- Dünya kinosunda baş verən hadisələr Azərbaycan film sahəsində də baş verir. Müstəqillik əldə etdikdən sonra, erkən kapitalizm mərhələsinə uyğunlaşmadan inkişaf etmiş kapitalizm mərhələsinə addım atdıq. Bu mərhələdə biz mərkəzləşmiş kino istehsalından ayrıldıq. Sovet dövründə mərkəz Moskvada idi. Artıq filmlərimizi biz özümüz istehsal etməli idik. Bu isə pul tələb edirdi. Biz isə Birinci Qarabağ müharibəsindən çıxan ölkə kimi həmin prosesləri yerinə yetirə bilmirdik. İlk 10 il digər postsovet ölkələri kimi film sahəsi Azərbaycanda da donduruldu. Sonra yavaş-yavaş film sektoru inkişaf etməyə başladı. 70-80-ci illərdə biz türk filmlərinə fərqli baxırdıq. Bu filmlərlə müqayisədə bizim filmlər daha üstün idi. Ancaq sonradan vəziyyət tamam dəyişdi. Müəyyən bir mərhələ keçdikdən sonra hazırda film sahəsi ölkəmizdə yenidən inkişaf etməyə başlayır. Bir çox filmlərimiz var ki, beynəlxalq kinofestivallarda iştirak edir və mükafatlar alır.
- 70-80-ci illərlə müqayisədə hazırda komediya filmləri çoxluq təşkil edir. Sizcə, bunun səbəbi nədir?
- Komediyalar kommersiya xarakterli çəkilir. Əgər fikir vermisinizsə, dövlət dəstəyi ilə çəkilən filmlər arasında komediya xarakterli filmlər yoxdur. Ancaq bəzi rejissorlar onu da nəzərə almalıdırlar ki, tamaşaçını geriyə salan saysız-hesabsız kommersiya xarakterli filmlərdənsə, elə bir film çəksinlər ki, içərisində həm komediya olsun, həm də müəllifin nəzər-nöqtəsini, onun ideyasını tamaşaçıya çatdırsın. Əsas məqsədimiz tamaşaçını irəliyə çəkmək olmalıdır, geriyə salmaq yox. Kütlə mədəniyyətinə xidmət etməməliyik. Əksər kommersiya xarakterli filmlər isə kütlə mədəniyyətinə xidmət edir.
- Azərbaycanda aktyorluq sənəti layiq olduğu dəyəri ala bilirmi?
- Yox, qətiyyən. Mən bunu sizə açıq deyirəm. Bu, təkcə aktyorluq sənətinə aid deyil, rejissorlara, ssenaristlərə, kino sahəsində işləyən hər kəsə aiddir. Az dəyər verilir. Maddi tərəfini nəzərdə tuturam. Ona görə bizim aktyorlar yaxşı dolanmaq üçün çox işləyirlər, iş üçün həm dublyaja, həm teatra, həm də digər yerlərə gedirlər. Baxırlar ki, saçları ağarıb, ancaq maddi vəziyyətləri əvvəlkidir. Mən 80-90-cı illərdə sovet dövrünün ən çox çəkilən aktrisası olmuşam. Bir çox filmlərdə baş rola çəkilmişəm. Elə film olub ki, əsas rollardan birini oynamışam, ancaq 300 rübl pul veriblər. Sovet dövründə hamının maaşı eyni idi, amma təbii ki, zəhməti ayrı idi. Yeri gəlmişkən deyim ki, Azərbaycan kinosunu inkişaf etdirmək üçün bizdə marketinq yoxdur. Kinonu təbliğ etmək lazımdır. Bu isə bizdə sıfır dərəcəsindədir.
- Kitab oxuyursunuzmu?
- Bəli, təbii ki, oxuyuram. Kino sahəsində və digər mövzularda olan kitablar oxuyuram. Bəzən bir kitaba illər sonra yenidən qayıdıb mütaliə edirəm. Hazırda vaxtım az olsa da, kitab oxumağı çox sevirəm.
- Həmidə xanım, sovet dövründəki aktyorlarla indiki aktyorları necə müqayisə edərdiniz?
- Sovet dövrünün aktyorları ilə indiki dövrün aktyorlarını müqayisə etmək olduqca çətindir. Çünki mən hazırda gənc aktyorlarla işləyirəm. Çox tələbkar, istedadlı aktyorlardır. İşlərini sevirlər. Məsuliyyət hiss edirlər. Bu bizdə də - sovet dövrünün gənclərində də var idi. Demək olar ki, fərq çox azdır. Fərq ondadır ki, əvvəllər nailiyyət çox böyük zəhmət bahasına, illərin əziyyəti bahasına qazanılırdı. İndi isə yatıb səhər durub məşhur olmaq mümkündür. Bu hal bəzilərində başgicəllənməsinə səbəb olur. Bəziləri isə təvazökar yanaşırlar. Mən həmişə demişəm ki, aktyor gərək öz sənətindən razı olmasın. Həmişə deməlidir ki, "Bəlkə bundan daha yaxşı oynaya bilərdim". Amma o aktyor ki, deyir "Mən mükəmmələm", "Heç vaxt çaşmamışam", "Çox yaxşı oynayıram", bu təbii ki, onun sənətinə ziyandır.
- Sizcə, hazırkı dövrdə 70- 80-ci illərdə çəkilən filmlər kimi o hissləri yaşadan, hər dövrdə baxılan və bu gün belə sevilən filmlər çəkilirmi?
- Yox, elə filmlər çəkilmir, çəkilə də bilməz. Çünki çəkilsə, retro filmlər olar. İndi tamam başqa tələblərdir, başqa texnologiyalardır. 70-80-ci, hətta 90-cı illərin filmləri məncə daha təbii, daha mükəmməl idi. Amma indi də yaxşı filmlər var. Sadəcə olaraq, o filmləri təbliğ etmək lazımdır. Əvvəllər filmlərin beynəlxalq festivala çıxarılması olduqca çətin idi. Amma indi beynəlxalq festivala filmlərin çıxarılması çox asandır. Düzdür, əksər filmlərimiz göndərilir. Ancaq filmlərimiz təkcə bir-iki yerdə yox, çox yerdə göstərilməlidir, təbliğ olunmalıdır. Xaricdə çəkilən filmlər çox qazanc əldə edir. Bu nəyə görə olur? Çünki filmi 100 milyona çəkirlər, reklamına isə 5-10 milyon pul xərcləyirlər. Hansı filmlərin ki, reklamına çox pul xərclənir, o filmlər çox pul qazandırır.
- Çox sağ olun, Həmidə xanım, müsahibə üçün.
- Siz sağ olun…