"Kitabçı" səhifəsində indiyə kimi sizlərlə dünya klassikləri, uşaq ədəbiyyatı, müasir dünya ədəbiyyatı nümunələrindən və s. bəhs edən müxtəlif maraqlı, məlumat dolu məqalələrdə görüşmüşük. Bu dəfə də çox məşhur olan və çox tələb görən dedektiv ədəbiyyatı haqqında danışmaq istəyirəm.
Dedektiv ədəbiyyatına münasibətdə oxucular 2 qrupa ayrılırlar: onu ciddi ədəbiyyat hesab edənlər və etməyənlər. Bununla belə, hər iki qrup da bu janrın cazibəsindən, marağından əl çəkə bilmir. İllərdir, dünyada Artur Konan Doyl, Aqata Kristi kimi dedektiv janrının klassiklərinə olan maraq, Yu Nesbo, Kamilla Lekberq, Robert Gelbreyt, Den Braun, Ahmet Ümit kimi yeni nəsil yazıçıların əsərlərinin "bestseller" olması bu janra böyük marağın və tələbatın göstəricisidir. Ölkəmizdə də illərdir, Çingiz Abdullayev kitabları ən çox oxunan, ən çox satılan yerli yazıçıdır.
Dedektiv əsərlər dedikdə yada düşən müəlliflərdən biri və birincisi məşhur Aqata Kristidir (1890-1976). Aqata Kristini "dedektiv janrının kraliçası" adlandırırlar və bu da səbəbsiz deyil. Belə ki, 100-dən çox dilə tərcümə edilən yazıçının kitablarının tirajı hər il durmadan artır. Şekspirdən sonra ən çox oxunan və tərcümə edilən ingilis yazıçısı kimi illərdir, öz liderlik taxtını qoruyub saxlayır. Vətənində böyük şöhrət qazanan Aqata Kristi hələ sağlığında Britaniya İmperiyasının "Dame Commander" (Xanım Komandir) fəxri adını almışdır. Dedektiv Yazıçılar Birliyi (CWA) üzvlərinin səsverməsinə əsasən Aqata Kristi bütün müasirlərini qabaqlayaraq dedektiv ədəbiyyatının ən yaxşı yazıçısı seçilmişdir.
Aqata Kristi 60-dan çox dedektiv romanın, bir çox hekayənin müəllifi, məşhur Erkül Puaro adlı xəfiyyə obrazının yaradıcısıdır. Müəllif "Üç pərdəli faciə" (və ya "Pərdə") əsərində 33 romanında və bir çox hekayələrində iştirak edən sevilən qəhrəmanı Puaronu öldürür. Lakin nəşr evləri bu kitabın nəşrindən boyun qaçırır, 40 il sonra cəhd edirlər. Oxucular isə personajı çox sevdiklərindən kitaba o qədər də maraq göstərmirlər.
Puarodan yorulan müəllif Miss Marpl adlı qadın qəhrəmanı da yaratmış, lakin Puaro daha çox sevilmişdir.
Özü və əsərləri əfsanəyə çevrilən xanım yazıçının romanlarından 3-ü haqqında sizə qısaca məlumat vermək istəyirəm:
"On zənci balası" əsəri dedektiv janrının klassiklərindən hesab edilir. Burada məşhur Puaro obrazı yoxdur. Əsərin adını eşidəndə, düşünmüşdüm ki, 10 zənci uşaqdan necə dedektiv əsər çıxa bilər axı? Lakin oxuyanda gördüm ki, əsərin adı hadisələrin baş verdiyi İngiltərə yaxınlığındakı bir adanın adı ilə bağlı imiş. Özü də necə bir ada? Sirli, haqqında çoxlu şayiələr olan bir ada. Gələk, əsərin süjetinə. 10 nəfər yad adam (bunlardan 2-si iş üçün gələn xidmətçidir) hər biri ayrı-ayrılıqda məktub alır və Zəncilər adasına dəvət edilir. Onları malikanədə xidmətçilər qarşılayırlar. Elə gəldikləri gün qonaqlardan biri zəhərlənərək ölür. Qısa bir vaxtda qonaqlara məlum olur ki, ev sahibi əslində anonim, naməlum şəxsdir. Bura toplaşan qonaqlar isə keçmişdə sübut edilməsi mümkün olmayan cinayətlərdə təqsirkardırlar. Bir nəfər bu 10 nəfər günahkarı öz ədalət prinsipi ilə cəzalandırır. 10 zənci balası şeirindəki kimi ard-arda 10 ölüm hadisəsi baş verir. Bəs, cani kimdir? Siz əsərin sonuna qədər heç cür təxmin edə bilməyəcəksiniz. Və məncə elə əsərin həyəcanı, marağı da bundadır.
Haqqında danışacağım növbəti əsər isə "Mavi qatarın sirri"dir. Rut Ketterinq amerikalı milyonçunun qızıdır. Atası ona çox dəyərli bir yaqut bağışlayır, hansı ki, bu yaqut keçmiş kraliçalara məxsusdur. Rut həyat yoldaşı Derekden boşanmaq istəyir. Derek onunla malına görə ailə qurduğu üçün əgər boşansa, müflis olacağını bilir. Belə bir dövrdə Miss Ketterinq öz qulluqçusu ilə mavi qatarla Nitsaya yollanır. Lakin o verdiyi qərarların, atdığı addımların doğruluğundan əmin deyil. Qatar mənzil başına çatanda o, yaqutları oğurlanmış və ölmüş halda öz kupesində tapılır. Təsadüfən, Erkül Puaro da varlıların səyahət etdiyi bu lüks qatarda olur. Görəsən, o qatili tapa biləcəkmi? Ən əsası qatil kimdir? Çoxlu alibisi olan birimi, arvadının ölümü ilə varlanan Derekmi, yoxsa, tamam başqa birisi? Bunu ancaq əsəri oxusanız, biləcəksiniz.
Sonuncu əsər isə müəllifin çox sevilən "Şərq ekspresində qətl" romanıdır. Hadisələr yenə bir qatarda cərəyan edir. Şərq ekspresində səyahət zamanı Müsyö Retçett bir səhər kupesində 12 bıçaq zərbəsindən ölmüş halda tapılır. Dünya şöhrətli xəfiyyə Puaro da bu qatarda olur. Qar yağdığı üçün qatarın yolda qalması qatilin bütün planlarını alt-üst edir. Puaronun şübhəlilər siyahısında isə 12 mötəbər şəxs və texniki işçi var. Hər şey çox dolaşıqdır, zərbələr müxtəlif, şübhəlilər isə sirli, müəmmalıdır. Qaranlıq görünüşlü Müsyö Retçett əslində kimdir? Qətlin onun keçmişi ilə necə əlaqəsi var? Bəs, Puaro bu dolaşıq işin öhdəsindən gələ biləcəkmi? Həyəcandan dörd gözlə oxuyacağınız bu əsərin sonunu yalnız özünüz öyrənə bilərsiniz.
Ümumiyyətlə, Aqata Kristinin əsərlərində zorakılıq, qan motivi çox qabardılmır. O, qəhrəmanlarını çox vaxt zəhər içirərək öldürür. Bu zaman onun l Dünya müharibəsi dövründə tibb bacılıq təcrübəsi köməyinə gəlir. Eyni zamanda, Aqatanın qandan xoşu gəlməməsi və odlu silahdan başı çıxmaması əsərlərinin xarakterinə də təsir göstərir. Beləliklə, yazıçı cinayətin baş verdiyi andan daha çox sonrakı mərhələni göz önünə sərir. Buna görə də, onun əsərlərinə daha çox sirr, həyəcan, müəmmalılıq, gözlənilməzlik, maraq və düşündürmək xasdır.
Aqata Kristi uşaqlığından güclü təxəyyülə, xəyal gücünə malik olmuşdur. Onun həyatı da əsərləri qədər diqqət və maraq obyektinə çevrilmişdir. Müsahibələrinin birində o belə deyir: "Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir". Onun əsərləri əsasında müxtəlif filmlər, seriallar çəkilmişdir. Nə qədər yeni dedektiv yazıçılar olsa da, Aqata Kristinin əsərləri heç vaxt köhnəlmir, əksinə ilbəil daha da dəyərlənir. Aqata Kristinin romanlarından 20-dən çoxu dilimizə tərcümə edilmişdir.
Bu kitabların hər birini "Mənbə" kitab evindən əldə edə bilərsiniz.