Müharibənin qızğın vaxtı idi. Həyat yoldaşımı təlimlərdə iştirak etmək üçün Nyu Meksikodakı bir səhraya göndərdilər. Mən də onu tək qoymamaq üçün bu səhraya üz tutdum... İstidən hər yer yanırdı. Sanki özümü alovun içinə atmışdım. Artıq həyat yoldaşımı da unutmuşdum. Dil bilmədikləri üçün ətrafımdakı yerlilərlə də danışa bilmirdim. İsti külək bir tərəfdən üz-gözümü qovurur, bir tərəfdən də yediyim yeməyi, içdiyim suyu qumla doldururdu. Artıq canım boğazıma yığılmışdı. Tez kağız-qələm götürüb atama məktub yazdım. Əvvəlcə məktuba: "Məni xilas edin..." sözləri ilə başladım. Sonra da burada yaşadıqlarımı danışdım. Çox keçmədi ki, məktubuma cavab gəldi. Ancaq məktubda cəmi iki sətir var idi: "İki adam həbsxananın pəncərəsindən baxdı. Biri yerdəki palçığı gördü, o biri göydəki ulduzları"... Məktubu oxuyub çox pərt oldum. Xəcalətimdən qıpqırmızı qızarmışdım. Çünki mən həmişə yerdəki "palçığı" görmüşdüm. Halbuki göydə "ulduzlar" da var idi... Çox keçmədi ki, yerlilərlə dost oldum. Kilimlərinə, saxsılarına heyran qaldım. Onlar da bunu cavabsız qoymadılar. Və turistlərə pulla satmadıqları qiymətli əşyaları mənə hədiyyə verdilər. Kaktus, yukka və aqava ağaclarını gördüm. Səhra itləri ilə tanış oldum. Qüruba tamaşa etdim. Bu yerlər yüzlərlə il əvvəl dəniz olduğu üçün qumun içində dəniz heyvanlarının qalıqlarını tapdım. Görəsən, nə dəyişmişdi? Nə dəyişmişdi ki, dünən nifrət etdiyim bir səhraya bu gün bağlanmışdım. Bəlkə səhra dəyişmişdi? Yox. O yenə də isti idi. Bəlkə yerlilər dəyişmişdi? Yenə yox. Onlar yenə də ingilis dilini bilmirdilər. Sadəcə olaraq, mən dəyişmişdim. Çünki bu dəfə "palçığı" yox, "ulduzları" görmüşdüm". (Telma Tompsondan)