Azərbaycan elminin korifeylərindən biri, görkəmli şərqşünas-tarixçı alim, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində böyük əməyi olmuş, Sovet İttifaqı Qəhrəmanı, Milli Məclisin deputatı, akademik Ziya Bünyadov 25 il əvvəl, 1997-ci il fevral ayının 21-də yaşadığı evin qarşısında cinayətkar dəstə tərəfindən qətlə yetirildi...
Yaxından tanıyanların hamısı onu eyni cür təsvir edirlər: mərd, qorxmaz, sözü adamın üzünə deyən, haqqı nahaqqa verməyən, əsgər kimi də, vətəndaş kimi də, alim kimi də dürüst adam. Elə ona görə də, dostundan çox düşməni var idi. Elə ona görə də, qətlə yetiriləndə "Kim öldürdü?" deyə əlli variant ortaya atıldı. Ölümündən bir neçə gün əvvəl Milli Məclisin qapalı iclasında çıxış etmiş, Müdafiə Nazirliyində ciddi korrupsiya hallarının olduğunu və bu məsələni gündəmə gətirəcəyini söyləmişdi. Neçə rüşvətxora, yalançıya, xalqın malını talayana barmaq silkələmişdi. Ona görə də, ona sıxılan güllənin haradan gəldiyini aşkara çıxarmaq üçün illər lazım oldu. Onu qətlə yetirən dəstə üzvlərindən biri İran sərhəddini qanunsuz yollarla keçərkən sərhədçilərimiz tərəfindən öldürülmüş, iki nəfər tutularaq ömürlük həbsə məhkum edilmişdi. İki nəfər isə hələ də axtarışdadır.
Bəli, Ziya Bünyadovdan danışırıq, 1923-cü ilin 21 dekabrında Astara şəhərində hərbçi ailəsində doğulmuş, Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil almış, II Dünya müharibəsinin əvvəlindən axırına qədər od-alovun içindən keçmiş, döyüşlərdə göstərdiyi igidliyə görə çox sayda orden və medala layiq görülmüş, 22 yaşında Sovet dövlətinin ən yüksək mükafatı sayılan Sovet İttifaqı Qəhrəmanı adını qazanmış, müharibədən sonrakı dövrdə Moskvada şərqşünaslıq təhsili alaraq elmi fəaliyyətə başlamış, o dövrə qədər heç kimin dilə gətirə bilmədiyi həqiqətləri ortaya çıxarmış, Azərbaycan türklərinin bu coğrafiyada gəlmə deyil, aborigen, yəni ən qədim sakinlər olduğunu elmi əsaslarla isbatlamış, hələ 40-cı illərin sonlarından bəri elmi müstəvidə ermənilərlə vuruşmuş, respublikamızda isə tarix elminin başına bəla olmuş sovet ideoloqlarına layiqli dərs vermiş, 80-ci illərdə başlayan milli-azadlıq hərəkatının öncüllərindən olmuş, müstəqillik illərində millət vəkili seçilmiş, əyri, oğru, rüşvətxor gördüyü hər kəsə meydan oxumuş, yaşadığı evin qarşısında qətlə yetirilmiş və bu gün Birinci Fəxri Xiyabanda uyuyan akademik Ziya Bünyadovdan. Onun döyüş yolu, şəxsiyyəti, elmi fəaliyyəti haqqında ayrı-ayrılıqda kitablar yazılıb, yazılır, biz isə bu yazıda daha çox Vətənimiz qarşısındakı xidmətlərindən bəhs etmək istəyirik.
Hər şeydən əvvəl onu deyək ki, Ziya müəllim ölkəmizdə tarixə cəsarətli yanaşma metodunun müəllifi idi və bir həqiqəti ortaya çıxaranda Moskvanın, Mərkəzi Komitənin, ya hansısa orqanın məsələyə necə baxacağına əhəmiyyət vermirdi.
Hələ ötən əsrin ortalarından Moskvada və eləcə də, İttifaqın digər şəhərlərində Qafqaz tarixi mövzusunda keçirilən hər hansı müzakirə və ya konfranslarda ermənilər onunla söz-sözə gəlməkdən qorxurdular. Uca boyu, nəhəng cüssəsi, gur səsi, vahiməli baxışları, arqumentli çıxışları ermənilərin canına vəlvələ salırdı. Onu da deyək ki, ölkəmizdə cəsarətli tarixçilər nəslinin yetişməsində də Ziya Bünyadovun misilsiz xidmətləri var.
Akademik Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarixşünaslıq elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycanın mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Həyatını həsr etdiyi Azərbaycan tarixşünaslıq elmini Ziya Bünyadov öz əsərləri ilə ən yüksək pilləyə qaldırmışdı.
Ən ağır bir vaxtda, kəsərli alim sözünə ehtiyac olduğu bir məqamda, məsələn, xalqımız hansı kökə mənsubdur, Qafqazda ilk aborigenlər kimlərdir və s. kimi milli mənafeyimizə toxunan suallara cavab axtararkən Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", həmçinin "Azərbaycan Atabəyləri dövləti" (1136-1225-ci illər) adlı monoqrafiyaları tarixi həqiqətlərə işıq tutdu. Bu əsərlərdəki təkzibedilməz faktlarla tariximizin bir çox qaranlıq səhifələrini aydınlığa çıxara bildik.
Ziya müəllimin gətirdiyi elmi dəlillərin, tarixi faktların Azərbaycan xalqının təşəkkülündə türk etnosunun aparıcı rol oynamasını sübut etməsi tarixşünaslıqda bir hadisə oldu. 60-cı illərdə cavabını axtaran bir çox prinsipial məsələlərə Ziya Bünyadov əsərlərində tutarlı cavablar vermiş, ortaya çıxan suallara obyektiv aydınlıq gətirmişdi. O dövrdə "Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç vaxt unutmamalıyıq ki, ən böyük aborigen bizik" - müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfindən çox böyük cəsarət idi.
"Azərbaycan Atabəyləri dövləti" (1136-1225-ci illər) monoqrafiyası dövlətçilik tariximizdə qaranlıq gecəni nura boyayan bir şimşək kimi çaxdı. Atabəy dövlətinin Şəmsəddin Eldəgəz (1136-1174), Məhəmməd Cahan Pəhləvan (1174-1186), Qızıl Arslan (1186-1191) kimi hakimləri haqqında Ziya Bünyadovun verdiyi bilgilər bir daha Qafqazda Azərbaycan xalqının daha qədimdən məskunlaşdığını sübuta yetirdi. Bu isə ermənilərin saxtalaşdırdığı tarixi yerlə-yeksan etmək, erməni tarixşünasların belini qırmaq demək idi. 50 minlik mükəmməl süvari ordusu olan, bir çox ölkə hökmdarları tərəfindən qəbul edilən Atabəylər dövləti Ziya Bünyadovun faktlarla işıq tutduğu keçmişin qaranlıq səhifələrindən daha inadla bu günə boy verdi.
Ziya Bünyadovu gələcək nəsillərə tarixşünas alim, qəhrəman döyüşçü kimi tanıtmaqla yanaşı, həm də görkəmli ictimai xadim kimi təqdim etmək zəruridir. O, xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq həmişə düzgün mövqe tutması ilə seçilirdi.
Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülmüşdü. Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da şəxsi yox, milli mənafelərimizi qorumaq üçün istifadə edirdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı. Azərbaycan müstəqillik dövrünə qədəm basandan sonra da Ziya müəllimin haqq səsini xalq həmişə ucadan eşitdi.
26 Bakı komissarının, o cümlədən Şaumyanın xalqımızın heç də xilaskarı olmadığını sübut edən arxiv materiallarının tapılıb üzə çıxarılması da məhz Ziya Bünyadovun xidmətidir. Ziya Bünyadovun monoqrafiyalarından bəlli oldu ki, ermənilər tarixən həmişə etibarsız olmuş, bizə arxadan zərbə vurmuşlar.
Məlumdur ki, Sovet İmperiyası tarixi saxtalaşdıraraq öz ideologiyasına çevirmişdi. Ziya müəllim tariximizi o yalanlardan təmizləmək üçün böyük işlər gördü və yetirmələrini də bu istiqamətdə çalışmağa səfərbər etdi.
Xalqımızın qədim dövlətlərinə tarixin istənilən dövründə hansı tərəfdən bəla gəlibsə, ermənilər məhz bizə bəla gətirən o tərəflə birləşiblər. Bu da tipik erməni xislətidir. Ziya müəllim bu tarixi həqiqətlərin dəfələrlə, həm də necə təkrarlandığını öz əsərlərində geniş əks etdirmişdir.
Ziya Bünyadov dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsi ilə çalışdı.
Ziya Bünyadov ensiklopedik biliyə malik alimlərimizdən idi. Onu haqlı olaraq, bilik xəzinəsi adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.
Müqəddəs Qurani-Kərimin ana dilimizdə səslənməsində də Ziya Bünyadovun əvəzsiz xidməti olmuşdur. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan intellekt sahibi tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, İslam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. Qurani-Kərimin Azərbaycan dilində nəşri çox mühüm və əhəmiyyətli hadisə idi. Yüz minlərlə tirajla çap olunan bu kitab vətəndaşlarımızın dinimizi öyrənməsi üçün çox gərəkli idi. Məlumdur ki, dinini həqiqi mənbədən öyrənməyən xalqın inancı xürafələrlə dolu olar. Ziya müəllim istəyirdi ki, xalqımız Allahın buyruqlarını ilkin qaynaqdan oxuyub öyrənsin, düşüncəsini, həyata baxışını hər cür zərərli meyillərdən təmizləsin.
Ziya Bünyadov erməni millətçiləri üçün çox təhlükəli şəxsiyyət idi. Onun əsərlərində, hətta erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarında ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyəti aşkar olunurdu. Tarixi saxtalaşdırmaqda, özlərini başqa millətlərdən üstün tutmaqda ad çıxarmış erməni tarixçiləri Ziya Bünyadov səddini aşa bilmir, yarı yolda ifşa olunurdular.
Ziya Bünyadovun böyük marağa səbəb olan "Azərbaycan VII-IX əsrlərdə" monoqrafiyası çapdan çıxanda kitabda gətirilən faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı bir sıra fitnəkar fikirlərini alt-üst etmişdi. Ona görə də, erməni millətçiləri Ziya Bünyadova qarşı hər cür fitnəkarlığa əl atırdılar. Amma Ziya Bünyadova bata bilmirdilər.
Ziya Bünyadovun nəhəngliyi respublikamız müstəqillik əldə etdikdən sonra özünü daha qabarıq büruzə verdi. 90-cı illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının dağılmaq təhlükəsi meydana çıxanda Ziya Bünyadov bu müqəddəs elm məbədinin dağılmasını irəli sürən üzdəniraq, elmdən xəbəri olmayan, elmə təsadüfən gələn antimilli, antivətən mövqeyində duran bəzi "ziyalı"lara tutarlı cavablar verdi.
Ziya Bünyadov Azərbaycanı ən mötəbər, ən yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Milli Məclisin deputatı kimi də böyük işlər görürdü. Ziya Bünyadovun tariximizin ağ ləkələri olan işləri açmaqda xidməti əvəzsizdir. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdi.
Sovet dövründən günümüzə qədər o qədər saxta vətənpərvərlər görmüşük, o qədər cahil alimlər tanımışıq ki, Ziya müəllim kimi özü-sözü bir olan adam görəndə içimizdə ona qarşı rəğbət, hörmət hissi baş qaldırır. Ziya Bünyadov Azərbaycana bağlılığını sözlə deyil, əməllə, ortaya qoyduğu işlə isbat etdi.
Bu gün onun əsərləri mühüm tarixi mənbə kimi öyrənilməkdədir. Milli Elmlər Akademiyamızın Şərqşünaslıq İnstitutu, Bakıda, Astarada, Göyçayda küçə və prospektlər, müxtəlif obyektlər Ziya Bünyadovun adını daşıyır. Onun adı tarix elmimizin məhək daşlarından birinə çevrilmişdir. O, bir ömür boyu xalqımız üçün döyüşdü, heç nədən qorxub çəkinmədi, insanımızı sözün hər mənasında azad, düşmənlər qarşısında başı uca görmək istədi. Ona görə də, sevildi və bu gün də sevilməkdədir.
Yazımızın sonunda isə belə bir təklif irəli sürmək istəyirik ki, Ziya Bünyadov adına mükafat, təqaüd təsis olunsun və hər il bu mükafat və təqaüd layiq olan gənclərə verilsin.