Yəqin ki, son vaxtlar xaricdə təhsil almaq istəyən bir çoxlarınız GRE adlı daha bir imtahan adı eşitmisiniz. Yaxşı, bəs onda görək, GRE nədir və kimlər üçün nəzərdə tutulur? Kimlər GRE imtahanına girməlidirlər? Nəyə görə bəzi universitetlərdə bu imtahanın sertifikatı tələb edilir? Çox vacib olan bu imtahan üçün alınan sertifikatın təhsil həyatında nə kimi əhəmiyyəti var? Bu və bu kimi suallara cavab tapmaq üçün qısa axtarış etdik və nəticələrini sizlərlə bölüşməyi qərara aldıq... 

GRE imtahanı nədir və hansı universitetlər tərəfindən tələb edilir? 
İmtahanın baş hərflərindən götürülmüş GRE-nin açılışı - "Graduate Record Examination" olan imtahan, dünyanın müxtəlif TOP universitetlərinə qəbul olmaq üçün tələb edilən və qəbul imtahanı əhəmiyyəti daşıyan, tələbənin şifahi və kəmiyyət əsaslı düşünmə (Verbal and Quantitative Reasoning) və analitik yazı bacarığını (Analytical Writing skills) göstərmək üçün nəzərdə tutulan imtahan növüdür. GRE imtahanı xaricdə MBA, magistr və doktorantura təhsili almaq istəyən şəxslərdən dil sertifikatı ilə birgə tələb olunur. 

İmtahan 2 cür - yazı əsaslı (paper-based) və kompüter əsaslı (computer-based) keçirilir. İmtahanın 2 növü mövcuddur: 
- GRE ümumi test (General test) - demək olar ki, bütün tələbələr tərəfindən verilən və əksər universitetlər tərəfindən tələb edilən imtahan növüdür. 
- GRE Fənn testi (Subject test) - bu imtahanın nəticəsi bəzi ixtisaslar, məsələn, fizika, kimya, biologiya və bu kimi digər sahələr üçün bir neçə universitet tərəfindən tələb edilən imtahandır. 

General test demək olar ki, magistr və MBA təhsili almaq istəyən hər kəsdən tələb olunur. Subject testini isə bəzi universitetlər tələb edir. Yəni, bu bölmə fizika, kimya, biologiya kimi sahələri seçən şəxslərdən tələb edilir. 
"İmtahan hansı dildə aparılır?" sualına isə cavab ingilis dilində olacaq. Beynəlmiləl imtahan olan GRE imtahanı TOEFL imtahanını da keçirən ETS tərəfindən keçirilir. 
GRE imtahanının nəticəsi Amerika və Avstraliyanın əksər, Avropanın isə bəzi yüksək səviyyəli universitetlərinə magistr təhsilinə qəbul üçün tələb edilir. Eyni zamanda, Amerika universitetlərində təqaüdlü təhsil almaq istəyinizi reallaşdırmaq üçün də bu imtahan nəticəsini əldə etməyiniz böyük əhəmiyyət daşıyır. GRE imtahanının strukturu aşağıdakı formadadır. 
İlk növbədə, imtahan 3 fərqli bölmədən ibarətdir: Verbal (şifahi) düşünmə (Verbal Reasoning), kəmiyyət əsaslı düşünmə (Quantitative Reasoning), analitik yazı bacarığı (Analytical Writing). 

Verbal (şifahi) düşünmə - Verbal Reasoning 
Bu bölmədə sizin söz bazanız, yazılı materialı təhliletmə və nəticə çıxarma bacarığınız, əsas və ya ikinci dərəcəli məlumatı ayırd edə bilməyiniz və paraqraflararası əlaqəni müəyyən etmə qabiliyyətiniz yoxlanılır. "Verbal Reasoning" bölməsi özü 2 hissədən ibarətdir və hər hissədə sizə 20 sual, onları cavablandırmaq üçün isə 30 dəqiqə vaxt verilir. Buradan əldə edəcəyiniz maksimal bal 170 baldır. 

Kəmiyyət əsaslı düşünmə - Quantitative Reasoning 
Bu bölmədə tələbənin cəbr, həndəsə və statistikaya dair riyazi bilikləri, verilən datanın analizi və müqayisə edilməsi bacarıqları yoxlanılır. Bölmə 2 hissədən ibarətdir. Hər bir hissədə 20 sual təqdim edilir və onların həlli üçün 35 dəqiqə vaxt verilir. Bütün suallar həll edildiyi təqdirdə alınacaq maksimal bal 170 baldır. 

Analitik yazı bacarığı - Analytical Writing 
Bu bölmədə namizədin düzgün, məntiqi və axıcı esse yazmaq bacarığı yoxlanılır. Analitik yazı bacarığı bölməsi də 2 hissədən ibarətdir. İlk hissədə təqdim edilən hər hansı problemi analiz etmək tələb edilir və əsasən, məsələ ilə razı olub-olmamaq öyrənilir. İkinci hissədə isə məntiqi boşluqları olan kiçik bir mətn verilir və o boşluqları taparaq təhlil etmək, verilən fərziyyə və ya sübutların nə dərəcədə düzgün olub-olmamasını müəyyən etmək tələb edilir. Hər iki hissə üçün tələbəyə ayrılıqda 30 dəqiqə vaxt ayrılır və yazılan cavablar 0-6 bal arasında qiymətləndirilir. 
GRE imtahanında qeyd edilən bölmələrdən başqa, araşdırma məqsədi ilə əlavə edilmiş 1 əlavə qiymətləndirilməyən bölmə də mövcuddur. Hansı ki, bu bölmə sizin qarşınıza analitik yazını tamamladıqdan sonra çıxır. Burada verilən sualların hansının araşdırma məqsədi ilə verildiyini bilmədiyimiz üçün, hər bir sual ətraflı cavablandırılmalıdır. 

İmtahan nəticələri 
İmtahandan toplanan maksimal bal 340-dır. Nəticələr təqdim edilərkən, verbal və kəmiyyət əsaslı düşünmə bölmələrinin balları rəqəmlə, analitik yazı bölməsinin nəticəsi isə ayrılıqda, həm rəqəm, həm də faizlə təqdim edilir. Ümumilikdə, nəticələr 2 həftəyə qədər açıqlanır və sayta yerləşdirilir. 
Nəticələr sayt vasitəsi ilə, ödənişsiz olaraq, 4 universitetə göndərilə bilir. Əgər əlavə göndərişlər etmək istəsəniz, bu halda hər göndəriş üçün əlavə 27 $ (dollar) ödəniş tələb edilir. 

İmtahanın qiyməti və istifadəyə yararlılıq müddəti 
İmtahanın ümumilikdə davam etmə müddəti 3 saat 45 dəqiqədir. İmtahan qiymətləri ölkələr üzrə müəyyənləşdirilir. İmtahan bir ay ərzində təxmini 3 və ya 4 dəfə keçirilir. İl ərzində minimum 21 gün intervalla 5 dəfə imtahana girə bilərsiniz. İmtahana qeydiyyat onlayn şəkildə 1-2 həftə əvvəl edilməlidir. Əldə edilən imtahan sertifikatı 5 il müddətinə yararlı hesab edilir.