1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur...
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən böyük cinayətlərdən biri də Xocalı soyqırımıdır. Hadisə 1992-ci il fevral ayının 26-də baş verdi. Soyqırım baş verməzdən 5 ay əvvəl Xocalı artıq ermənilərin blokadasında idi. Oktyabrın 30-da avtomobil əlaqəsi də kəsilir. Bundan sonra Xocalıya ancaq helikopter vasitəsilə getmək mümkün olur. Ancaq 1992-ci il yanvarın 28-də daha bir erməni təxribatı baş verir. Şuşa şəhərinin üzərində mülki helikopter vurulur və Xocalıya yeganə yol da kəsilmiş olur. Təxribat nəticəsində 41 nəfər dünyasını dəyişir. Xocalıya verilən elektrik enerjisi dayandırılır. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edir. Bölgədə yaşayan azərbaycanlılar vəhşicəsinə qətlə yetirilir. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olur. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla qətlə yetirilir. Xocalı uğrunda Ələsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov - 7 Milli Qəhrəman döyüşür.
Budəfəki yazımızda həmin milli qəhrəmanlardan biri olan Aqil Quliyev haqqında danışacağıq. O, 1963-cü il sentyabrın 19-da Sisian rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirir və Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) axşam şöbəsinə daxil olur. Üçüncü kursdan hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olur. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə qeydiyyata düşür. O, həmin il Xarkovda Qarabağ müharibəsinin başlanmasını eşitdikdən sonra körpə qızını da götürüb Bakıya qayıdır və döyüşlərə qoşulur.
1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur. Girovların geri qaytarılması üçün rəhbərlikdən zəng gəlir və girovlar geri qaytarılır. Sonra ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə alırlar. Fevralın 18-də Aqil Quliyev 11 nəfər döyüşçüsünü götürüb mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır. Postda 21 erməni hərbçisini öldürürlər. Həmin döyüşdə Aqilin döyüş yoldaşı İlqar Musayev yaralanır. Aqil Quliyev onu təhlükəsiz yerə aparmaq istəyir, lakin avtomatdan açılan atəş onun ayaqlarına dəyir. İlqar orada şəhid olur. Digər döyüş yoldaşları Cabbar isə düşməni qətlə yetirir. Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyacı var idi. Ancaq həmin zaman nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün idi. 1992-ci il fevralın 25-də döyüş yoldaşları Quliyevi xərəyə qoyub xilas etməyə çalışırlar. Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxarırlar. Lakin dağın döşündə erməni əsgərlərinin pusqusuna düşürlər. Aqil Quliyev və onu aparan döyüş yoldaşları hamısı orada şəhid olurlar.
Aqil Quliyev 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. O, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 883 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Xocalı soyqırımında isə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilir, 8 ailə tamamilə məhv edilir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanır, 1275 nəfər əsir götürülür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil.