Təbiətə, ətraf mühitə nəzər salsaq, görərik ki, heyvanlar dünyaya gəldiyi andan etibarən öz instinktləri, sövq-təbii hiss və duyğuları ilə hərəkət edirlər. Bir sözlə, heyvanlar həyatları boyunca onlara lazım olacaq bütün bilgiləri anadan olanda özləri ilə birgə gətirirlər. Ancaq insan belə deyil. İnsanın həyatı boyunca ona lazım olacaq bilgiləri öyrənməsi üçün uzun illərə ehtiyacı var. Təbii ki, həyat boyu davam edəcək belə bir öyrənmə və təhsil alma prosesində səbrin danılmaz yeri vardır. Hər elmi ixtiranın arxasında səbrin olduğunu görürük. Kimya, fizika və digər elmlərdə ixtiralara imza atan hər bir alimin həyatına baxsaq, görərik ki, əslində onlar da bizim gördüyümüz ətraf mühiti görür, bizim eşitdiyimiz səsləri eşidirlər. Ancaq o alimlər anidən “tapdım” deyə qışqırır, ya da anidən sevinərək hansısa bir ixtira və kəşfi gerçəkləşdirmiş olurlar. Görəsən məsələ bu qədərmi sadədirmi? Bir alim hər hansı bir ixtiranı elə bir andamı tapır? Əslində xeyr!
Elmi əsaslara söykənən və sistematik bir düşüncənin həftələrlə, aylarla, bəlkə də illərlə davam etməsindən, alimin bütün dərd və iztirabının, yatışının, duruşunun və hətta yuxularının həmin mövzü və həmin ixtira ilə həmhal olmasından sonra elm dünyası bir gün “tapdım” deyə bir səs eşidir. Sanki bütün insanlığın xeyir və mənfəətinə olan bir kəşf və ixtiranı Cənab Allah (c.c) o alimin dərd və iztirabında, səbrində, yuxusuz gecələrində gizlətmişdir. Həyatda uğur qazanmaq, uğur və müvəffəqiyyəti davam etdirməklə bağlı bir sıra seminarlar keçirilir, kitablar yazılır.
Həyatda uğur qazanmaqla bağlı bu və ya digər bütün kurs və seminarlar, yazılan məqalə və əsərlər əslində səbirli olmağı və səbirlə çalışmağı tövsiyə edirlər. Səbir, hər bir uğur və müvəffəqiyyətin açarı olmaqla yanaşı, eyni zamanda əsl cəsarət və güclü iradəyə sahib olmanın da simvoludur. Xüsusilə həyat şərtləri ağırlaşanda səbrə olan ehtiyac daha da artır. İnsanın qarşılaşdığı müxtəlif çətinliklərin öhdəsindən gəlməsi üçün səbir çox mühüm amildir. Artıq elm dünyası bir çox xəstəliyin kökündə psixoloji amillərin dayandığını qəbul edir. Müşahidələr göstərir ki, bütün maddi ehtiyacları qarşılansa da xoşbəxt ola bilməyən insanlar yalnız mənəvi dəyərləri mənimsəməklə xoşbəxtliyi əldə edə bilirlər. Bu minvalla mənəvi dəyərlərdən olan səbirli olmaq insan psixologiyasında müsbət təsirə malik olan çox mühüm amildir.
“Təfhimul-Quran” təfsirinin müəllifi olan məşhur İslam alimi Məvdudi (1903-1979) səbir kəlməsini belə tərif etmişdir: “Səbir - hiss, duyğu və istəkləri nəzarət altında saxlamaq, tələskənlik, ümidsizlik və acgözlükdən çəkinmək, təmkinli və soyuqqanlı olmaq, düşünərək qərar vermək, təhlükəli və çətin anlarda əzm və səbat göstərməkdir. Ən ifrat dərəcədəki yanlış yola çəkmə və təhriketmə hallarında belə səhv addım atmamaq, çox böyük bəlalarla üzləşəndə, ən çətin vəziyyətlərdə belə özünü idarə etməni itirməmək, dünyəvi fayda və qazanc əldə etmək uğruna nəfsin meyl və həvəslərinə qarşı özünü qorumaqdır”.
Müasir dünyada həyat şərtləri insanları səbirsiz olmağa, səbirdən uzaq həyat yaşamağa sövq edir. Həyat axışının sürətlənməsi insanların istəklərinə də öz təsirini göstərir, insanlar sanki tələskənlik və hövsələsizlik xəstəliyinə tutulurlar. Hər şeyin bir anda həyata keçməsini istəyən insanlar səbir edə bilmir, istəkləri gecikən də, çətinliklə üzləşəndə məyus olur, hətta depressiyaya düşürlər. Günümüzdə səbirsiz insanlar “bir anda oldu” deyərək cinayət işləyə, başqalarının həyatına qəsd edə bilərlər. Bu kimi hadisələrin cəmiyyətdə baş alıb getməsi bugünkü insanların səbirdən məhrum olduğunu göstərir.
Səbir heç bir halda tənbəllik və ətalət, bir küncə çəkilib qalmaq, dünya ilə əlaqəni kəsmək, miskinlik və acizlik kimi mənalara gəlmir. Səbir mübarizənin, həll yolu axtarışının zirvə nöqtəsidir. Təhsil həyatı və bir insanın yetişməsi səbirlə bir bitki və fidanı böyütməyə bənzəyir. Bir fidana edilən qulluq, sulama və baxımdan sonra meyvə verməyə başlayanda çəkilən bütün bu zəhmətin boşa getmədiyi anlaşılır. Həmçinin məhsul əldə etməyin verdiyi ayrı bir sevinc və sürur hissi də var. Tarixdən günümüzə qədər keçən proseslərdən aydın olur ki, böyük şəxsiyyətlərin yetişməsi hər zaman çətin proseslərdən keçmək, səbir və səbat göstərməklə mümkün olmuşdur. Bu böyük şəxsiyyətlər dünyanın taleyində mühüm rol oynamış və öz işləri ilə insanlığa böyük fayda və töhfə vermişlər.
Əksər insanlar üçün həyatda uğur qazanmaq özünü təsdiq forması və vacib bir ehtiyacdır. Məşhur psixoloq Abraham Maslau (1908-1970) insan ehtiyaclarının piramidasını tərtib etmişdir. Bu ehtiyaclar piramidasında insanın həyatda uğur qazanması və müvəffəq olmaq da öz yerini alır. İnsanlar uğur qazanmaq kimi bir ehtiyaclarını əsasən təhsil sayəsində əldə edə bilərlər. Bu mənada bir şəxsin həyatında təhsilin olduqca böyük rolu var. Bir insan təhsil sayəsində öz qabiliyyət və bacarığının nələr olduğunu kəşf edir, hiss və düşüncələrini çox yaxşı idarə və ifadə edə bilr. Aldığı təhsil və biliklər ilə davranışları formalaşır, həyatı asanlaşır. Bir sözlə insanın həm özünün aldığı, həm də başqalarına verdiyi təlim-təhsil prosesi səbir işidir. Səbir edərək, əzm və səbat göstərərək, dua və təvəkkül halı ilə təhsil prosesində istənilən zəfər və nailiyyəti əldə etmək olar.
Səbirli şəxslər üzləşdikləri psixoloji hal və vəziyyətlərdən dərin mənəvi sarsıntı yaşamadan çıxa bilirlər. Bir sözlə səbrin insanların psixoloji, sosioloji və fizioloji sağlamlığına müsbət təsirlərinin olduğunu demək olar. Hər zaman insanın başına xoşagəlməz hadisələr, mənfi hallar gəlməyə bilər. İbadətləri yerinə yetirmək, həmçinin Cənab Allahın (c.c) əmr və qadağalarına tabe olmaq nəfsə ağır gələn bir vəzifədir. Ömür boyunca günün müəyyən vaxtlarında ibadət etməli olan bəndələrin dərd və fəlakətlərdən daha çox Cənab Allahın (c.c) əmr və qadağalarına tabe olmaq kimi bir məsələdə nəfsinə söz keçirə bilməsi lazımdır. Bu da ancaq səbirlə mümkündür.
İnsanların pis əməllərinə qarşı səbir etmək əslində peyğəmbərlərin xüsusiyyətlərindən biridir. Qardaşları tərəfindən quyuya atılan Həzrət Yusuf (ə.s) və atası Həzrət Yaqub (ə.s) həyatda bunun ən yaxşı nümunələrini yaşadılar. Həzrət Yaqub (ə.s.) övladları səbəbiylə qarşılaşdığı kədərli hadisələr səbəbilə yalnız Allaha güvənərək belə demişdir: “Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir etmək düşər” (Yusuf, 12/18). Səbir fəlakətlə qarşılaşanda edilən qəlbin əməlidir. Başqa sözlə desək, çətinliklə üzləşəndə səbir etməli, nemət qarşısında isə şükr etməliyik. Unutmayaq ki, səbir etməklə bəla və müsibətlər nemətə çevrilə bilərlər.
Cənab Allaha (c.c) ibadət etməyin çətinliklərinə dözmək səbirlə mümkün olduğu kimi günahların nəfsə xoş gəlməsinə qarşı itaət və ibadətlərə səbatla davam etmək də yenə səbir tələb edir. Vaxt və zaman tələb edən işlərdə zamanın yoruculuğuna qarşı səbir də səbrin digər növüdür. İslam alimlərinin zikr etdiyi digər bir səbir də: “Dön Rəbbinə” (Fəcr, 89/28) əmri gələnə qədər vüslət arzusuna qarşı səbirdir.


Abid Ömərov