ABŞ-da dünyanın ən qabaqcıl mobil tətbiq proqramları - “YouTube”, “Zoom”, “Facebook”u, eləcə də digər nəhəng tətbiqetmələri geridə qoyan "Hype Simulator” Kanadada yaşayan 2 həmyerlimizin əməyinin məhsuludur. Bəs ABŞ-da İOS marketdə birinci yerdə qərarlaşan tətbiqin qurucuları kimlərdir? Özlərini təntənə ilə deyil, adi, sıradan biri kimi təqdim edən cütlük Əjdər və Ülkər Qasımzadələrdir. Onlar 5 ildir ki, ailəlidirlər. Leyla adlı 3 yaşlı bir övladları var. Əjdər bəy mobil tətbiqləri ilə bağlı deyir ki, bu, bizim Ülkər xanımla yuxusuz gecələrimizin, sonsuz saatlarımızın nəticəsidir. "Hype Simulator” adlanan mobil tətbiq 6 ay əvvəl hazırlanıb. Proqramın yüklənmə sayı 2 milyonu keçib. Bəlkə də cütlük onların qurduğu proqramın nə vaxtsa dünyanın ən məşhur və nəhəng proqramlarını geridə qoyaraq birincilik əldə edəcəyini fikirlərinə belə gətirməzdilər. Amma bu oldu. İki azərbaycanlı gənc bu işi bacardı.

- Əjdər bəy, oxucularımıza özünüzü təqdim edərdiniz…

- Mən Lənkəranda, həyat yoldaşım Ülkər xanım isə Kanadada böyüyüb. O, kiçik olanda ailəsi Kanadaya köçüb. 5 il öncə həyatlarımızı birləşdirdik və Kanadada yaşamağa qərar verdik. Ülkər Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin Kompüter Elmləri fakültəsini bitirib. Mən isə Azərbaycan Texniki Universitetinin (AZTU) İT və Sistem mühəndisliyi fakültəsini oxumuşam. Akademik ingilis dili və kompüter proqramlarının hazırlanması kurslarını bitirmişəm. - Kanadaya nə vaxt getmisiniz? Hazırda orada nə iş görürsünüz? - Mən Kanadaya 2015-ci ildə gəlmişəm. İlk illər bir çox insan kimi çətinliklərdən keçmişəm, amma tez bir zamanda vəziyyəti ələ alıb təhsilimi artırıb proqramçı kimi işləməyə başlamışam. Hal-hazırda isə öz qurduğum rəqəmsal agentlikdə çalışıram. Hazırda Ülkər tanınmış bir şirkətdə, yəni “Software Development Manager”də proqram yaradıcısı və meneceri kimi, mən isə qurduğum rəqəmsal agentlikdə işləyirəm.

- Azərbaycanı Kanadada necə tanıdırsınız? Ümumiyyətlə Azərbaycan orada tanınırmı?

- Kanadada həmvətənlərimiz Azərbaycanı əllərindən gəldiyi qədər tanıtmağa çalışırlar. Mən bura gəldiyim ilk gündən ətrafımdakılara Azərbaycan barəsində danışmışam, hətta Ülkər xanım ilə yaratdığımız Azərbaycanın görməli güşələrindən ibarət bir oyun var idi: “Piyada”. Bu oyunu bir çox xaricilərə göstərib oynamalarını xahiş etmişdim və çox gözəl təəssürat almışdım.

- Uğur əldə etdiyiniz sahə üzrə Azərbaycanla bağlı nə kimi planlarınız var? Gələcəkdə burada yeniyetmə və gənclərin eyni sahə üzrə yetişməsi üçün hansısa addımları atmaq istərdinizmi?

- Gələcək üçün planım Azərbaycandakı proqramçılarla yaxından işləmək və bacardıqca vətənimizə həm maddi, həm də mənəvi cəhətdən xeyir gətirə bilməkdir. -Təqdim etdiyiniz mobil tətbiq layihəsindən başqa layihələriniz olubmu? -Layihələr çox olub, amma ən önəmlilərindən biri COVID 19 dönəmində hazırladığımız “www.thehappyarc.com”- dur. Bu veb səhifə COVID 19-la bağlı stress çəkən bir çox insana ümid işığı yandırıb. Bundan başqa yaratdığmız “enter2018right” veb səhifəsi var, həmin il 50 mindən cox insan yeni ili bizim veb səhifədə qarşılamışdı, bir çox başqa layihələrimiz də olub və insanlar tərəfindən çox bəyənilib. Ülkər xanımın bu layihələrin həyata keçirilməsində həm proqramlaşdırma, həm də dizayn bacarığı baxımından çox böyük rol olub.

- Gələk dünyanın aparıcı İOS-larını geridə qoyan proqramınıza…

- “Hype Simulator” app-nin ideyasını marketi analiz etdikdən sonra almışam. Ülkər xanımla birgə hazırladığımız proqram Amerikada bütün programların içində 1-ci yeri tutub. Ülkər xanım ideyama inanaraq tətbiqin hazırlanmasına tək "developer" olaraq 4 ay vaxt sərf edib və mən də marketinq eksperti olaraq proqramı 6 ay ərzində bugünkü yerə gətirib çıxarmışam. Bu bizim üçün inanılmaz uğurdur. Və bu yalnız başlanğıcdır. App-in yuklənmə sayı 2 milyon olub. App-in marketinqini tam olaraq orqanik yollarla həyata keçirmişəm. Hazırda tətbiq Amerikada 1-ci, Kanadada 1-ci, Birləşmiş Krallıqda isə 2-ci yeri tutur.

- Gələcək üçün həyata keçirmək istədiyiniz nə kimi layihələriniz var?

-Hazırda “Hyper Casual” oyunlar üstündə işləyirik, ilk oyunumuz 2021-ci ilin ilk ayında istifadəyə veriləcək və məqsədimiz ən pis halda 2021-ci ildə 10-15 oyun hazırlamaqdır. Oyunlardan əlavə üstündə çalışdığımız app-lər də var.

- Gənc və yeniyetmələrə olduqları sahədə uğur qazanmaları üçün hansı tövsiyələri verərdiniz?

- Gördükləri işdən aslı olmayaraq, işlərini sevməyi bacarsınlar. Hər şeydən öncə özlərini tanımağa, hansı işin onlar üçün olduğunu anlamağa vaxt ayırsınlar. Əgər gələcək üçün böyük planları varsa, gündəlik işdən əlavə işlər görüb özlərini təkmilləşdirsinlər və bu yolda çox səbirli olsunlar.


Aygün Zayıdova